Qədr gecəsi ibadət və dua gecəsidir
Qədr gecəsinin müəyyən ibadətləri vardır ki, yuxarıda müfəssəl şəkildə qeyd olunmuşdur. Lakin bir neçə xırdalığı da nəzərinizə çatdırmaq istərdim. Qədr gecəsi Quranın nazil olduğu gecədir. Quran oxuya bilənlər çox yaxşı olar ki, Ənkəbut, Rum və Duxan surələrini oxusun. Qədr gecəsi bu üç surəni oxumaq müstəhəbdir. Həmçinin min dəfə ixlas (Qul-huvəllah) surəsini oxumağın çox böyük və xüsusi fəziləti vardır. Quran oxuya bilməyən kəslər bu gecə Quran oxumağı (hətta əlif, ba) hərflərini öyrənsə belə yuxarıda qeyd olunanların əməllərin hamısından fəzilətlidir. Əgər insan bir saat əyləşib Quran oxumağı bacaran şəxsdən öyrənərsə, Allah təala həm öyrədənə, həm də öyrənənə böyük savab inayət edər. Çünki elm öyrədib öyrənməyin qiyməti, şərafəti və fəziləti daha çoxdur. Həmçinin çox yaxşı olar ki, bu gecənin (Həzrət Əlinin (ə), Imam Hüseynin (ə), Şəhidlərin) ziyarətlərinin oxuduqdan sonra ziyarət namazlarını qılsın. Qədr gecəsinin hər dəqiqəsi çox istisnai dəqiqələrdir. Hər kəs bu gecəni ibadət etmək üçün hər narahatlıqla üzləşirsə Allah-təala bu narahatlıqlara görə həmin insanlara böyük əcr və savab inayət edəcək. Bu gecə duaya başlamazdan öncə çox yaxşı olar ki, insan öz haqqını bağışlayıb halal etsin. Hər kəs əziyyət vermiş olubsa, haqqı boynunda qalmış olubsa, hətta insanın ən acığı gəldiyi və küsdüyü adam olmuş olsa belə bağışlayıb əfv etsin. Bu gecə insan öz valideynlərindən halallıq alması onları sileyi-rəhm etməsi ən ümdə əməllərdəndir. Hətta valideyn kafirdə olsa belə övladın onların üzünə ağ olmağa ixtiyarı yoxdur. Əlbəttə qeyd olunmalıdır ki, Allahın sözü onların sözündən üstündür. Yəni əgər valideyn övladına namaz qılmamağı deyirsə (vacib olan məsələləri yerinə yetirməyə qoymursa) və ya haram işlər görməyi əmr edirsə bu məsələlərdə onlara itaət olunmamalıdır. Bunlardan başqa məsələlərdə insan valideyinin bir sözünü iki etməməlidir. Bir neçə əməl var ki, o əməllərdə kafirlə mömin arasında fərq yoxdur. O əməllərdən biri də valideyn kafirdə olsa belə övlad onların hörmətini saxlamalıdır. Ikincisi əmanətdir ki, kafirdə olsa, mömində olsa onların əmanətlərinə xəyanət etmək olmaz. Üçüncüsü isə vədə verməkdir. Əgər bir insan kafir və ya möminə vədə veribsə mütləq verdiyi vədəsinə əməl etməlidir. Əgər insanın valideyni uzaqdadırsa, zəng etməklə və ya başqa cür əlaqə yaratmaqla hal-əhvalını soruşub halallıq ala bilər. Valideynin ürəyi yumşaq olar. Övlad valideyninə sadəcə bir kəlmə xoş söz deməklə onlar narazı da olsalar belə ürəkləri yumşalır və övladlarına halallıq verir. Əgər valideynlərdən biri və ya ikisi də rəhmətə gedibsə, çox yaxşı olar ki, övlad onları dua edərək salavat və rəhmət oxusun. Əgər bir insanın ata anası boyunlarında qəza namazı qalaraq rəhmətə gedibsə, böyük oğula onların namazlarını qılması vacibdir. Digər övladlar da valideynlərinin qəza namazlarını qılmalarını öhdələrinə götürüb qıla bilərlər. Rəhmətə getmiş valideynlər üçün qəza namazlarını qılmaqdan böyük savab yoxdur. Əgər bir övladın maddi cəhətdən imkanı yaxşıdırsa, namazı düzgün qıla bilən etibarlı şəxslərə pul verib qıldırmaq da mümkündür. Rəhmətə getmiş valideynin qəza namazlarını qılmaq, onlara ehsan etmək və xüsusilə onlar üçün dua etmək ən böyük savablardandır. Bütün bunların insana çox böyük təsiri var. Bu əməllərin valideynə xeyrindən əlavə insanın özünə də çox böyük xeyri vardır. Bu gecə Peyğəmbərə(s), Xanım Zəhraya(s.ə) və imamlara iki rəkət hədiyyə namazı qılmağın da çox böyük savabı və təsiri vardır. Hədislərdə vardır ki, hər kəs Peyğəmbərə (s) və məsum imamlara iki rəkət namaz qılıb hədiyyə edərsə, dünyadan gedən zaman onlar həmin şəxsin başı üzərinə gələr.
Əlbəttə fərq etməz ki, istər əhya gecələri, istər başqa gecələr və ya istər ilin başqa günlarində insan bu namazı qla bilər. Iki rəkət namazı qılmaq təqribən iki dəqiqə vaxt aparır. Insan öz vaxtını boş boş şeylərə sərf etməkdənsə belə namazları qılması onun xeyrinədir. Çünki bunlar insan üçün ibadətdir. Bu əməllər insanın axirətinin zəxirəsidir. Xüsusilə müsəlmanları, valideyni, qohum əqrəbanı və qonşularını dua etməyin çox böyük savabı var. Insan bu gecə Allahla razu niyaz edib dua edərək sızıldamalıdır ki, Allah- təala həmin şəxsin taleyini xeyrə mübəddəl etsin. Allahdan istəyim budur ki, ən sevimli bəndələrinə bəxş etdiyini bizlərə də bəxş etsin. Bizləri o bəndələrdən ayırmasın. Imam Sadiq(ə) buyurur: Çöldə yaşayan bir çoban bir gün Kəbənin pərdəsindən yapışıb Allahla münacat edirdi. (Avam olmasına baxmayaraq öz düşüncəsi qədər Allahla münacat etməyi çox gözəl idi.) Kəbənin pərdəsindən yapışıb Allaha belə deyirdi: Ilahi, biz bir sürü qoyunu otaran çobanıq. Əgər sürünün içində bir heyvan xəstələnsa, ayağı sınıb əzilsə və ya zəif olsa biz o heyvanı sürüdən ayırmarıq. Sürünü otarmağa aparanda həmin heyvanı da sürüyə qoşub apararıq. Ey mənim Allahım, Sən də məni bu yaratdığın bəndələrin içində ayağı sınıq, xəstə və zəif bir bəndə hesab et. Hər nəyəm, axırı Sənin bəndənəm. Hər nə olsam da yalnız Sənin qapına üz tutmuşam. Məni Özün yaratmısan, mən də Sənin qapına gəlmişəm. Alim və arif bir insan da Allahla öz düşüncəsi qədər münacat edərək deyir: Ilahi, əgər məni bağışlasan Peyğəmərin(s) şad və Şeytan narahat olar. Əgər bağışlamasan Peyğəmbərin(s) narahat və Şeytan şad olar. Ey mənim Allahım, bu gecə Peyğəmbərini narahat etmə. Odur ki, hər kəsən öz dili və düşüncəsi ilə Allahla münacat edib dua etsin. Allah təala hər bir qəlbdən keçənlərdən xəbərdardır. Allah insanlara vaxt verir və hər zaman qapısına gələni qəbul edir. Xüsusilə qədr gecəsi rəhmət qapılarını bütün bəndələrin üzünə açıq qoyur. Hər kəs bu qapıya üz tutsa Allah həmin şəxsi qəbul edir.
Qədr gecəsi mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələrindən birinə təsadüf edir. Hər bir gecənin qədr gecəsi olması barədə hədislər mövcuddur. Lakin hansı birinin daha dəqiq qədr gecəsi olması bizim üçün sirrdir. Ehtimala görə bir-birindən fərqlənir. Məsələn hədis və rəvayətlərə istinad edilərkən Ramazan ayının 23-cü gecəsinin Qədr gecəsi olmasına daha çox ehtimal verilmişdir. Bir nəfər ərəb Həzrət Peyğəmbər(s)-in hüzuruna gəlib dedi: "Ya Rəsulallah, mənim yolum çox uzaqdır. Üç gecə ardıcıl gəlməyə imkanım çatmır. Xahiş edirəm ki, bu üç gecənin hansının Qədr gecəsi olduğunu mənə deyəsiniz.” Həzrət Peyğəmbər(s) onun qulağına nəsə dedi və Peyğəmbərin ona dediyi sözü heç kəs eşitmədi. Lakin, hər il Ramazan ayının 23-cü gecəsi həmin ərəbi məsciddə ibadət edən görürdülər. Bu hədis və rəvayətlərdən belə məlum olur ki, mübarək Ramazan ayının 23-cü gecəsi çox güman ki, Qədr gecəsi olsun.
Həzrət Peyğəmbər(s) buyurur: "Allah-təala günlərin içində cümə gününü, ayların arasında Ramazan ayını və gecələrin içində Qədr gecəsini özü üçün tə‟yin etmişdir.” Mübarək Ramazan yeganə bir aydır ki, Allah-təala Quranda yalnız onun adını zikr etmişdir.
"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran (Qur‟an) Ramazan ayında nazil edilmişdir.” Qədr gecəsi çox qiymətli və fəzilətli bir gecədir. Bu gecə Allah-təala özü insanları də‟vət edərək dualarını qəbul edir. Hər kim Qədr gecəsi tövbə edib Allahdan öz istəklərini diləyərsə, Allah onun dualarını qəbul edər və istəklərini verər. Hədislərdə deyilir ki, hər kəs Qədr gecəsi səhərə qədər oyaq qalıb Allaha ibadət etdikdən sonra dualarını və istəklərini Allahdan diləyərsə, öz arzusuna çatar.
Imam Sadiq (ə) buyurur: "Əgər Qədr gecəsinin əməllərindən və dualarından sonra insan tövbəsinin qəbul olmasına şəkk etsə, böyük günah etmişdir.” Bu gecə Allah bütün mö‟minlərin dualarını qəbul edir. Lakin üç nəfərin duası qəbul olunmur. Qəlbində kin-küdurət saxlayanın, içki içənin və valideynin üzünə ağ olanın.
Mənbə: "Qədr gecəsi" kitabı
Müəllif: Ocaq Nejad ağa