Həcc əməllərinin yerinə yetiriliməsindəki çətinliklər
1) Musiqi səsi (qina)
Peyğəmbər məscidinə gedən küçədə gəzirdik.Birdən musiqi lentləri satılan bir mağaza diqqətimi özünə cəlb etdi. Həmin mağazanın qapısından asılmış fonda cürbəcür qina səslənirdi. Bu mağaza Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə ən yaxın olan Əbuzər küçəsində idi. Mən bu mənzərəni gördükdə narahatlıq və qəzəbdən özümü saxlaya bilmədim. Dükançının yanına getdim, salam verib mülayim səslə dedim:–Ay qardaş, bütün müsəlmanların və məzhəblərin nəzərində qinaya qulaq asmaq haramdır. Üstəlik, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə yaxın olduğunuza görə sizin günahınız daha çoxdur. Buna görə xahiş edirəm Peyğəmbərin qəbrinə ehtiram olaraq musiqi səsini kəsin və onun yerinə Quran kasseti, yaxud hacıların "Allahummə ləbbeyk” səsini qoyun.
Bir vəhhabi olan dükançı qəzəblə cavab verdi:–Rədd ol! Sənə dəxli yoxdur!
Dedim:–Mən öz vəzifəm olan əmr-be-məruf və nəhy-əz münkərə əməl edib, Allah hökmünü sənə aydınlaşdırıram. İndi isə özün bilərsən!
Onu boşladım. Amma Peyğəmbər qəbrinin yanında və açıq-aşkar surətdə günaha yol verilməsindən narahat olub təəssüfləndim. Əgər belə günahlar qərb ölkələrində baş versəydi, heç də təəccüblü bir şey olmazdı. Çünki küfr ölkəsində, fitnə-fəsadın baş alıb getdiyi bir yerdə bu təbii bir işdir. Amma müsəlman ölkəsində, Mədineyi-münəvvərədə nəyə görə belə olmalıdır?
Bu günahların əksəriyyəti kafir və kinli müstəmləkəçiləri xoşhal etmək üçün vətənə, dinə və millətə xəyanət edən nadan hakimlərin boynundadır...
Dodaqaltı "Əssəlamu əleykə ya Rəsuləllah, əssəlamu əleykə ya Həbibəllah” deyə zümzümə edərək Peyğəmbər məscidinə daxil oldum. Ziyarət kitablarında olan qaydada ziyarət əməlini yerinə yetirdim. Vəhhabilərin nəzəriyyələrinin əksinə olaraq Peyğəmbərin mənim sözlərimi eşitməsinə, məni dərk etməsinə və salamımın cavabını verməsinə imanım var idi. Təkcə Allah bilir ki, Həzrətin qəbrinin kənarında durduğum o nurani anlar necə səfalı idi! Qələmin uşaqlıqdan arzusunda olduğum o anların vəsfini yazmaq qüdrəti yoxdur. O hal mənim ən xoşbəxt anlarımdan idi. O an mənim Əhli-Beyt (əleyhimussalam)-a olan iman və məhəbbətimin coşduğu anlar idi.
Mənbə: ''Vəhhabiləri belə gördüm" kitabı