Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmam Əlinin (ə) məktəbi insanlar üçün tərbiyə məktəbidir. Təkamül və kamal istedadı olan kəs Əmirəlmömininin uca şəxsiyyəti nurunda cana gəlir, dirilirdi. Bu insan mənəvi cəhətdən çiçəklənir və insaniyyət meracına ucalırdı. Nə çox imamın (ə) vilayət və hidayət çeşməsində ruhunu paka çıxaranlar! Onlar batinlərini zinətləndirdilər, özlərini Allaha fəda etdilər. Bütün bunlar onların düşüncəsinin dərinliyindən, əzəmətli imanlarından, haqtələbliklərindən, allahpərəstliklərindən və ixlaslarından danışır.
Söhbətimiz Meysəm Təmmar haqqındadır. Mənəvi dəyər, doğru yol, cihad, səbr və yəqin axtarışında olanların yaxşı tınıdığı bu ilahi insan haqqında danışacağıq! Meysəm Həzrət Əliyə (ə) onun ədalətinə, dininə, fəzilətlərinə görə aşiq idi. Bu eşqi doğuran həzrətin (ə) kamillik mücəssəməsi olması, "Qurane-natiq”, danışan Quran kimi tanınması, eynən dinin özü olmasıdır. Meysəmin Əlini (ə) sevməsi əslində haqqı sevməsidir. Onun qəlbindəki haqq sevgisi iman və əqidəsindən, bəsirət və agahlığından qaynaqlanır.
Meysəmin bariz çöhrəsinin tanınması bizi həqiqi dinin siması ilə daha yaxından tanış edir. Haqqın danışan dili, Əmirəl-mömininin (ə) vəfalı dostu olan bu şəxsin bioqrafiyası bizi Quran və İslam məktəbinin tərbiyəvi dəyərlərinə yaxınlaşdırır. Əli (ə) məktəbinin bu şagirdinin həyatı və iftixarlı şəhadəti bizim üçün başdan-başa ibrətdir. Bu bəhrəli həyat elm və ilham mənbəyi, yetərli bir nümunədir.
Bu Əli (ə) şiəsi, haqq davamçısı, fəzilət yolunun şəhidi olan insanın cazibəli şəxsiyyəti o qədər parlaqdır ki, neçə əsrlərdir ədalət və azadlıq aşiqlərini ilhamlandırır. Azadlıq, şərafət, həqiqət aşiqləri arasında Meysəmi tanımayanlar azdır.
Kufənin adi zəhmət adamlarından olan Meysəm uca iman, əzəmətli ruha malik idi. Bu iman və ruh, misilsiz fədakarlıq və dözüm ona əbədilik verdi, Meysəm müsəlmanlar üçün nümunəyə çevrildi. O öz adı ilə İslam tarixinin səhifələrini bəzədi. Meysəm müqəddəs İslam ayinləri üçün iftixarlı bir sənəddir. Bəşəriyyətə belə bir insanın təqdim olunması İslam məktəbinin fəxridir.
Bir sözlə, Meysəmi tanımaq lazımdır. Bu tanışlığın davamında həqiqətə ardıcıllıq və itaət dayanır. Bu kiçik müqəddimədən sonra onunla tanışlığın sorağına gedək. Meysəm bizi çağırır. Onun yatmışları oyadan fəryadlı səsi tarixin qulağında dalğalanmaqdadır.
Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər.
Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli (ə) onu həmin qadından alıb, azad etdi. Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. Onun həyatının əvvəlləri və ilkin islamdakı bioqrafiyası haqqında yetərincə məlumat yoxdur. O, Kufədə xurma satdığı üçün ona "təmmar”, yəni "xurmasatan” ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı, onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-beyt yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar imamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər. Şiə imamları da Meysəmə və onun övladlarına öz məhəbbətini izhar etmişlər. Meysəmin oğlanlarının adı İmran, Şüeyb, Saleh, Məhəmməd, Həmzə və Əli idi.
Şüeyb imam Sadiqin (ə), Saleh imam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən idi. İmam Baqir Salehə belə buyurmuşdur: "Mən sizi və sizin atalarınızı çox sevirəm.” İmran isə həm imam Səccadın (ə), həm imam Baqirin (ə), həm də İmam Sadiqin (ə) səhabələrindən olmuşdur. Bütün bu deyilənlər Meysəm ailəsinin imamların yanında hörmət və ehtiramından danışır. Meysəmin və onun ailəsinin imamlara (ə) bağlılığı, məhəbbəti və itaəti göz qabağındadır.
Həzrət Əli (ə) Meysəm haqqında əsasən həzrət Peyğəmbərdən (s) eşitmişdi. Meysəm də elə əvvəldən Əhli-beyt (ə) aşiqi idi. Amma həzrət Əlinin (ə) Meysəmlə ilkin görüşü onun xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da həzrət (ə) Meysəmi azad etmək qərarına gəlmişdir. Nəhayət, həzrətin (ə) qərarı ilə Meysəm qulamlıqdan azad olunmuşdur.
Həzrət Əli (ə) Meysəmlə ilk görüşündə ondan soruşur: "Adın nədir? Meysəm cavab verir: "Salim.” Həzrət buyurur: "Peyğəmbərdən (s) eşitmişəm ki, atan sənin adını Meysəm qoymuşdur. Həmin adına qayıt və Kunyən Əbu Salim olsun.” Meysəm dedi: "Allah, onun rəsulu və Əmirəl-möminin haqqı deyirlər.”
Meysəmin Həzrət Əli (ə) ilə tanışlığı onun üçün böyük bir səadət idi. Bu görüşdən sonra Meysəm Əli məktəbinə qədəm qoydu və qəlb pəncərələrini ələvi maarifinə açdı. O öz təşnə ruhunu həzrətin bilikləri ilə sirab etdi. Həzrət Əli (ə) də Meysəmin ruhi istedadını, agahlığını görüb, onu bir çox sirlərlə tanış etdi. Bəli, Meysəm müqərrəb mələklərin və peyğəmbərlərin elmlərindən xəbərdar idi.
Meysəm Həzrət Əlidən (ə) Quran təfsirini öyrəndi. O Əmirəlmöminindən (ə) öyrəndiyi məlumatlar əsasında bir kitab tərtib etdi. Bu kitabı sonradan oğlu nəql etmişdir. Ona görə də Meysəm şiə müəlliflərindən biri hesab olunur. Həzrət (ə) onu öz sirləri, gələcəkdə baş verəcək hadisələrlə tanış etmişdi. Meysəm bu məlumatlardan bir qismini xalqa bildirmişdi. İnsanların aqibətindən, gələcəkdə baş verəcək hadisələrdən danışan bu elm "elme-əcəl” və ya "elme-mənaya və bəlaya” adlanır. Məsum imamlar (ə) bu bilikləri yalnız hazırlığı, istedadı, tutumu olan, sirr saxlamağı bacaran insanlara etibar etmişlər. Meysəmin bilikləri o qədər fövqəladə olmuşdur ki, hətta bəzi nadanlar onu yalançı da hesab etmişlər.
Bir gün Əbu-Bəsir İmam Sadiqə (ə) ərz edir: "Nə üçün mənə elm öyrətmək istəmirsiniz?!” İmam (ə) buyurur: "Hansı elmi?” Əbu-Bəsir deyir: "Əmirəl-möminin (ə) Meysəmə öyrətdiyi elmi deyirəm.” İmam buyurur: " Sən ki, Meysəm deyilsən. Məndən eşitdiyin bir mətləbi kimsəyə demədiyin hal olubmu?” Əbu-Bəsir ərz etdi: "Xeyr, ey Peyğəmbər (s) övladı!” İmam buyurdu: "Demək, həmin elmləri sirr olaraq saxlaya bilməzsən!”
İmamların Meysəmə münasibətini onların Meysəm haqqındakı buyuruqlarından və onunla rəftarlarından öyrənmək olar. Həzrət Əli (ə) və Meysəm arasındakı səmimi münasibət onların bağlılığının möhkəmliyindən danışır. Həzrət (ə) hətta Meysəmin xurma dükanına gedər, bu dükanda onunla söhbət edər və ona dini maarif öyrədərdi.
Hətta bir dəfə Həzrət Əli (ə) Meysəmi iş dalınca göndərib, özü dükanda onun yerində oturur. Bir müştəri xurma almaq istəyir. Həzrət (ə) buyurur: "Pulunu ver, xurmanı apar.” Bir qədər sonra Meysəm qayıdır və Həzrət Əliyə (ə) xurma müqabilində verilmiş pulların saxta olduğunu görür. Aldığı pulların saxta olduğunu görən həzrət (ə) buyurur: "Xurma da onların ağzında acı dadacaq.” Çox keçməmiş həmin müştəri əlində xurma qayıdır və deyir: "Bu xurmalar acıdır.”
Yuxarıda deyilənlər Həzrət Əli (ə) ilə Meysəm arasındakı dərin, səmimi münasibətin təzahürüdür. Həzrət Əli (ə) hökumət başçısı olduğu halda Meysəmin dükanında oturub xurma satır!
Başqa məqamlarda da Meysəmin Həzrət Əli (ə) ilə mənəvi yaxınlığı müşahidə olunur. Meysəm Həzrət Əlinin (ə) dua məqamlarında Kumeyl kimi şəxsiyyətlərlə yanbayan əyləşir. O, həzrətin Allahla raz-niyaz etdiyi irfani gecələrin şahididir.
Meysəm nəql edir: "Bir gecə mövlam Əmirəl-möminin (ə) məni özü ilə Kufədən kənardakı səhraya apardı. Nəhayət, Cöfə məscidinə çatdıq. Həzrət üzünü qibləyə tutub, dörd rəkət namaz qıldı. Namaz və təsbihdən sonra əllərini qaldırıb belə dua etdi: "Pərvərdigara, Səni necə çağırım? Sənə itaətsizlik etdiyim halda necə də çağırmayım? Səni tanımışam və qəlbim Sənin məhəbbət evindir. Günah dolu əl, ümid dolu gözlə Sənə doğru gəlmişəm...” Sonra imam (ə) səcdəyə getdi və üzünü torpağa qoyub yüz dəfə "əl əfv” dedi.
Daha sonra qalxdı və məsciddən bayıra çıxdı. Mən də onun ardınca gedirdim. Nəhayət, səhraya çatdıq. Həzrət mənim qarşımda bir xətt çəkdi və dedi: "Məbada, bu xəttdən keçəsən! Məni həmin yerdə qoydu və özü getdi. Gecə qaranlıq idi. Özümü qınadım ki, nə üçün mövlamı tənha buraxdım? Onun düşmənləri çoxdur. Onun başına bir iş gəlsəydi, Allaha və Onun Peyğəmbərinə (s) nə cavab verərdim? Düşündüm ki, onun əmrindən çıxmış da olsam, ardınca gedim, görüm aqibəti nə oldu? Getdim, getdim... Nəhayət onu bir quyunun başında gördüm. O, başını quyuya tutub, quyu ilə danışırdı. Gəldiyimi hiss etdi və soruşdu: "Kimsən?” Dedim: "Meysəm” Həzrət buyurdu: "Məgər sənə əmr etməmişdimmi ki, həmin xətdən keçmə?” Cavab verdim: "Ey mənim mövlam, elədir. Amma düşmənlərinizin təhlükəsindən qorxdum, dözə bilmədim.” Sonra soruşdu: "Nə dediyimi eşitdinmi?” Dedim: "Yox, ey mənim ağam.”
Həzrət mənə xitabən bir şer oxudu:
Sinəm sirlə dolub, bağrımı yarır,
Kimə əl uzatdım dedi gücüm yox.
Əlimlə qazıyıb yerin köksünü,
Danışdım dərdimi, başqa seçim yox.
Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O, həzrətin (ə) xəlvəti dualarının, ilahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə), həm də imam Həsənlə (ə) imam Hüseyn ehtiramla yanaşar, eləcə də sonrakı imamlar onun ilahi şəxsiyyətini xatırlayardılar.
Bir dəfə Meysəm Mədinədə həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə ilə rastlaşır. Ümmü-Sələmə ona deyir: "Ey Meysəm, Hüseyn (ə) daim sənin haqqında danışır.” Başqa bir hədisdə imam Baqir (ə) buyurur: "Mən Meysəmi çox sevirəm.” İmam Sadiq (ə) Meysəmə salam göndərərək, onun uca məqamı haqqında xoş sözlər deyir.
Meysəmin oğlu Saleh deyir: İmam Baqirə (ə) ərz etdim ki, mənə bir hədis söyləsin. İmam (ə) soruşdu: "Məgər atandan hədis öyrənməmisən?” Bildirdim ki, həmin vaxtlar körpə olmuşam...”
İmam Baqir (ə) öz cavabı ilə Meysəmin elmi məqamına işarə etmişdir. Həzrət (ə) belə hesab edir ki, Meysəmin oğlu hədis eşidib-öyrənməyə ehtiyacsız da ola bilər.
Ölümü bu dünyadan daha geniş bir aləmə keçid bilən, imanı haqq və əməli saleh olan insan üçün ölüm böyük bir səadətdir. Belə insanlar ömürlərini şəhadətlə başa vurmaqdan böyük bir zövq alırlar. Bəli, dünya həyatını şəhadətlə başa vuranlar salehlərin, peyğəmbərlərin, Allah razılığının civarında əbədi həyat tapırlar.
Meysəm öz şəhadət xəbərini mövlası Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi: "Bir gün bəni-Üməyyənin çirkin oğlu Übeydullah İbn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: "Xeyr, and olsun Allaha, heç vaxt belə etmərəm!” İmam (ə) buyurdu: "Bu halda səni dardan asıb, öldürəcəklər.” Meysəm ərz etdi: "Səbr edəcəyəm. Allah yolunda belə bir əziyyət çətin deyil.”
Həzrət Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəmin öz şəhadətinin xırdalıqları haqqında da bilməsi onun ruhunun əzəmətindən, böyük tutumundan, dərin imanından danışır.
And olsun şəhadətə,
Canlardakı bu qorxu
Ruhu xofa salaraq,
Bağlar əli-ayağı.
Bu qorxu səbəbindən
Əbədiyyət kölgədə,
Qorxu çıxsaydı candan
Düşünərdik bəlkə də:
Ölüm hələ son deyil,
Axirət var, bəqa var.
Şəhadətdən keçənlər
Eşq içində yaşayar.
Meysəm belə bir uca ruh və şəhadət sevgisi ilə haqq və vilayət hərimini müdafiə edirdi. Həzrət Əlinin (ə) şəhadətindən sonra arabir onun ziyarətinə gəlirdi. Kufə və Mədinə əhli Meysəmin söhbətlərini həvəslə dinləyərdilər. Harada Meysəm Həzrət Əlinin (ə) fəzilətlərindən danışsaydı, həmin yerdə düşmənin həzrətə (ə) qarşı təbliğatları nəticəsiz qalardı.
Meysəmin övladlarından biri olan Saleh nəql edir ki, atam dedi: "Bir gün bazarda idim. Həzrət Əlinin (ə) yaxınlarından biri olan Əsbəğ ibn Nəbatə mənə yaxınlaşdı və heyrət içində dedi: "Ey vay, Meysəm! Əmirəlmöminin haqqında çox ağır sözlər eşitdim.” Soruşdum ki, nə eşitdin? O dedi: "Danışırdılar ki, Əhli-beytin hədisləri və buyuruqları çox ağırdır. Guya, bu buyuruqlara Allahın müqərrəb mələklərindən, peyğəmbərlərdən (s) və övliyalardan savay kimsə əməl etmək gücündə deyil. Guya, həmin buyuruqları dərk etmək mümkünsüzdür.” Mən dərhal qalxıb, Həzrət Əlinin (ə) yanına getdim və Əsbəğdən eşitdiklərimi ona danışdım. Həzrət (ə) gülümsəyib buyurdu: "Otur! Ey Meysəm! Hər elm sahibi elm yükünü çəkə bilirmi?! Allah mələklərə yer üzündə canişin yaratmaq istədiyini dediyi vaxt mələklər onun fəsad törədib, qan tökəcəyini dəlil gətirərək etiraz etdilər. Həzrət Peyğəmbər (s) Qədire-Xum günü mənim əlimi qaldırıb buyurdu: "Pərvərdigara! hər kəsin mən ağasıyamsa, Əli də onun ağasıdır.” Allah zərrəcə nəzərini çəkən kimi çoxları bu sözə əməl etmədi. Müjdə olsun sizə, Peyğəmbərin (s) buyuruqlarına əməl etdiniz və ona vəfalı oldunuz. Allah sizə, mələklərə və peyğəmbərlərə vermədiyi imtiyaz verdi. Qorxub çəkinmədən, bizim fəzilətlərimizdən xalqa danışın.”
Həzrət Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm həzrətin (ə) məqamından danışar, onun buyuruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdir. Bəzən bu ağacın yanından keçərkən həzrət (ə) ona buyurardı: "Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılardı və deyərdi: "Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərmisən.” Meysəm daim bu ağaca tamaşa edərdi.
İbn Ziyad Kufə hakimi olduğu vaxt şəhərə daxil olanda əlindəki bayraq həmin xurma ağacına ilişdi və sındı. İbn Ziyad bu işi özü üçün pis əlamət hesab etdi və göstəriş verdi ki, ağacı kəssinlər. Onu bir dülgər alıb, dörd yerə böldü. Meysəm oğlu Salehə dedi: "Mənim və atamın adını həmin xurma ağacına həkk et!” Saleh deyirdi: "Atamın adını ağacın üstünə yazdım. İbn Ziyad atamı dardan asandan bir neçə gün sonra gördüm ki, bu atamın adını yazdığım həmin ağacdır!...”
İnsan üçün iman, elm və təqvadan üstün fəzilət yoxdur. Bütün bu fəzilətlər isə Meysəmdə var idi. Amma bəzən təqvalı mömində elə üstünlüklər olur ki, onu başqalarından fərqləndirir. Söhbətimizin bu hissəsində Meysəmi başqalarından fərqləndirən bəzi fəzilətlərə nəzər salacağıq:
Meysəmin aydın nitqi vardı. O, səlis və bəlağətli danışırdı. Baş vermiş bir əhvalat Meysəmin bu xüsusiyyətini çox aydın göstərir. Bazarda Meysəm meyvə satanların böyüyü hesab olunurdu. Mühüm məqamlarda danışmaq lazım gəldikdə Meysəm Təmmar qabağa düşərdi. Bir gün bazar əhlindən bir qismi Meysəmin yanına gəlib, bazar müdirindən şikayət üçün onu İbn Ziyadın görüşünə göndərmək istədi. Meysəm İbn Ziyadın yanına gedib, bazar əhlinin şikayətini ona çox gözəl bir şəkildə bəyan etdi. Meysəm özü həmin görüşü belə xatırlayırdı: "İbn Ziyad sözlərimi eşidib, heyrətə düşdü və dərin fikrə getdi.”[11] Amma Meysəmin bu şikayətindən sonra İbn Ziyadın qəlbində ona qarşı kin baş qaldırdı. Meysəmin həqiqəti belə gözəl bəyan etməsi onda həsəd yaratdı.
İslam maarifində Quran təfsirinin xüsusi bir yeri var. Quran ayələrinin dərin mənalarının tanınması elmi Peyğəmbər (s) və məsum imamlara (ə) məxsus olan bir elmdir. Quran bütün xalqa göndərilmiş aşkar həqiqət və möcüzə olsa da, onda incə və dərin mənalar çoxdur. Təfsir elminin vəzifəsi həmin bu incəlikləri aşkarlamaq, ayələrin dərin mənasını sadə şəkildə bəyan etməkdir.
Allahın salamı olsun bizim din rəhbərlərinə! Onların Quranla tanışlığı ilahi elmdən qaynaqlanır. Onlar öz ilahi biliklərini şagirdlərinə və səhabələrinə onların düşüncəsi həddində öyrətmişlər. Meysəm Təmmar Əlinin (ə) təfsir məktəbinin yüksək məqamlı şagirdlərindən biridir. Meysəm Quran ayələrinin mənalarını Həzrət Əlidən (ə) öyrənmiş və bu sahədə xüsusi agahlığa malik olmuşdur.
Bir gün Meysəm Quran təfsirçisi və Həzrət Əlinin (ə) şagirdi İbn-Əbbasla Mədinədə görüşdü və ona dedi: "Quran təfsirindən istədiyin şeyi soruş! Mən Əlidən (ə) bütün Quranı öyrəndim, o mənə Quranın mənalarını açıqladı.” Meysəmin fəzilətindən, elmindən və təqvasından xəbərdar olan Əbbas Meysəmin deyəcəyi sözləri qeyd etmək üçün kağız-qələm istədi. Meysəm təfsirdən qabaq dedi: "Ey İbn Əbbas, məni dar ağacında görəndə necə olacaqsan? Darının dirəyi başqalarından kiçik olan doqquzuncu nəfəri deyirəm..” İbn Əbbas dedi: "Gələcəyi də bilirsən?!” Sonra İbn Əbbas əlindəki kağızı cırıb atmaq istədi. O, gələcəyin elmləri haqqında bir şey bilmirdi. Meysəmin öz şəhadəti haqqında xəbər verməsi onun düşüncəsinə sığmırdı. Meysəm dedi: "Bir az aram! Məndən eşitdiyini yaz və saxla! Əgər dediklərim düz olsa, kağızı saxla, yox əgər yalan olsa, onda cırıb atarsan...” İbn Əbbas onun sözünü qəbul etdi.
Xüsusi istedad və məqama malik olan Meysəm həzrət Əlidən (ə) xeyli hədis eşitmişdi. Onun oğlunun deməyinə görə, bu hədislərdən bir kitab da tərtib olunmuşdu. Təəssüf ki, Meysəmin yazılarından bu günümüzə gəlib çatanı olmamışdır. Ravilər də həmin yazıların dəyərini və əhəmiyyətini dərk etmədiklərindən bu barədə nəql etməmişdilər. Hədis kitablarında Meysəmdən nəql olunmuş rəvayətlər isə çox azdır. Oğlanları Yəqub və Saleh Meysəmin yazılarından rəvayətlər söyləmişlər.
Əvvəldə qeyd etdiyimiz kimi, Meysəm bir çox gələcək hadisələrdən xəbərdar olmuşdur. O öncədən xəbərlər vermiş, gizli sirlərdən məlumatlı olmuşdur. Meysəm bağlı naməni oxuyur və eşitmədiyi sirri danışardı. Bütün bunları mövlası Əlidən (ə) öyrənmişdi. Özünün və başqalarının taleyindən xəbərdarlıq, gələcəkdə baş verəcək hadisələr haqqında agahlıq, onun Həzrət Əlidən (ə) öyrəndiyi elmlərdən idi. Həzrət Əli (ə) bu sayaq bilikləri yalnız böyük ruh, yüksək istedad və tutuma malik dostlarına öyrədərdi. Belə adamları "Əshabe-sirr” adlandır-mışlar. Meysəm də bu zümrəyə daxil idi. Meysəm bir hadisə haqqında öncədən necə deyərdisə, həmin hadisə o şəkildə də baş verərdi. Bu öncə görmələrdən bəzilərini xatırlayaq:
a) Öz şəhadətini öncədən görməsi;
Meysəm dəqiq bilirdi ki, nə vaxt necə, kim tərəfindən öldürüləcək. bu barədə əvvəl də danışmışdıq.
b) Müaviyənin ölüm xəbəri;
Əbu Xalid Meysəmin oğlu Salehə xəbər verdi ki: "Bir cümə günü atanla Fəratda gəmiyə minmişdik. Qəfildən bərk gülək başladı. Atan Meysəm gəmidən düşdü və dedi: "Gəmini möhkəm bağlayın, təhlükəyə düşməsin. Bu külək Müaviyənin ölümündən xəbər verir. O indicə öldü.” Bir həftə sonra Şamdan qasid gəldi. Onunla görüşdük, vəziyyəti soruşduq. Dedi: "Xalq əmin-amanlıqda yaşayır. Müaviyə ölüb və xalq onun oğlu Yezidə beyət edib.” Müaviyənin nə vaxt öldüyünü soruşdum. Bildirdi ki, cümə günü dünyasını dəyişdi.
v) Muxtarın qiyamı;
Müslümün Kufədə şəhadətindən sonra İbn Ziyad Meysəmi, Muxtarı və bir qrup başqa adamı həbs edib zindana saldı. Meysəm Muxtara dedi: "Sən zindandan çıxacaq, Hüseyn ibn Əlinin qanını almaq üçün qiyam edəcək və İbn Ziyadı öldürəcəksən.”
İbn Ziyad Muxtarı Zindandan çıxarıb, qətlə yetirmək istəyirdi. Elə bu məqamda Yezidin göndərdiyi qasid gəlib çatdı və məlum oldu ki, Yezid Muxtarın azad olunmasını əmr edir. İbn Ziyad Yezidin göstərişinə əsasən Muxtarı azad etdi, Meysəmi isə dardan asdı.
Muxtarın qiyamı tarixində oxumuşuq ki, o, aşura hadisəsini törədənləri cəzalandırdı. İbn Ziyadın kəsilmiş başını Muxtarın hüzuruna gətirdilər.
q) Kərbəla hadisəsi.
Cəbələ Məkki adlı bir qadın nəql edir ki, Meysəm Təmmar demişdi: "Bu ümmət Peyğəmbər (s) qızının balasını Məhərrəmin onuncu günü qətlə yetirər və Allah düşmənləri bu günü mübarək sayar. Bu hadisə hökmən baş verəcək. Bu əhvalatı mövlam Əmirəl-möminin (ə) buyurub. O mənə xəbər verib ki, Hüseynə (ə) hər şey, hətta heyvanlar, dəniz, səma, günəş, ay, ulduzlar, insanlar və mömin cinlər ağlayar. Ey Cəbələ, bil ki, Hüseyn ibn Əli (ə) qiyamətdə şəhidlər sərvəridir və onun şəhid yoldaşları başqa şəhidlərdən üstündürlər. Ey Cəbələ! Nə vaxt günəşi qan tək qırmızı görsən, bil ki, Seyyidüş-şühəda qətlə yetirilmişdir.”
Cəbələ deyir: "Bir gün evdən bayıra çıxdım. Günəş şüaları divarları rəngli parçalar tək qırmızı rəngə boyamışdı. Fəryad edib ağladım və dedim ki, and olsun Allaha, ağamız Hüseyn ibn Əli (ə) öldürülmüşdür!”
Haqqın müdafiəsinin şəhadət kimi sonluqları da var. Amma haqtələblər üçün bundan böyük ləzzət də yoxdur. Çünki ilahi dəyərlərə aşiq insanlar dünyaya bağlılıq zəncirlərindən azaddırlar. Onlar əbədi səadət üçün asanlıqla canlarından keçir, Allahla görüşə və əbədi behiştə tələsirlər.
İslam müsəlmandan daha əzizdir. Əgər müsəlmanın izzəti varsa, bu iman və İslam sayəsindədir. Ona görə də müsəlman o şəxsdir ki, mühüm məqamlarda, onun malına, canına, varlığına ehtiyac olduqda İslama əl tutmuş olsun.
Meysəm din yolunun cəfakeşlərindən, vilayət və ədalət yolunun fədakarlarından biri idi. O, Əlinin (ə) vücudunda və vilayət xəttində təcəssüm etmiş fəzilətlərin himayəsi üçün canından keçdi. Şəhadət Meysəm üçün qırmızı bir milad idi. O öz qanı ilə əbədilik tapmış bir yarpaqdır. Onun həyat kitabı ölümündən sonra əbədilik tapdı. İndi Meysəmin kamal və üstünlüyünün sübutu olan qanlı vərəqlərə nəzər salaq.
Meysəm Təmmarın və Həbib ibn Məzahirin ən böyük arzusu Allah yolunda şəhadətə çatmaq idi. Onların hər ikisi öz arzusuna çatdı. Həbib Kərbəlada, Meysəm isə İbn Ziyadın tüğyanı ilə mübarizədə şəhadət şərbətini içdi.
Bir gün Meysəm Bəni Əsədin məclislərindən birində Həbib ibn Məzahirlə görüşdü. Bir müddət söhbət etdilər. Görüşün sonunda Həbib dedi: "Sanki Peyğəmbərin (s) ailə-övladı ilə dostluq yolunda dara çəkilən yemiş satan bir qoca görürəm.” (Həbib bu sözləri ilə Meysəmin Kufədə şəhadətinə işarə edirdi.)
Meysəm onun cavabında bildirdi: "Mən də Peyğəmbər (s) qızının övladına yardım üçün qiyam edən, öldürülən və başı kəsilib Kufəyə göndəriləcək kişini yaxşı tanıyıram.” (Meysəm Həbibin Kərbəladakı şəhadətinə işarə edirdi.) Bu söhbətdən sonra onlar ayrıldılar.
Bu iki şəxsin söhbətlərini yalan sayan məclis əhli hələ dağılmamışdı ki, Həzrət Əlinin (ə) yaxınlarından biri Ruşəyd Həcəri oraya gəldi. O, Meysəmlə Həbibi soruşdu. Dedilər: "Burada idilər. Filan filan sözləri danışdılar.” Ruşəyd dedi: "Allah Meysəmi rəhmət etsin! O bir şeyi deməyi unudub ki, Həbibin başını nizəyə keçirib Kufəyə gətirənə yüz dirhəm verərlər.” Ruşəyd bu sözləri deyib getdi. Məclisdəkilər dedilər: "Bu o iki nəfərdən də yalançıdır! Amma bir müddət sonra Meysəm dardan asıldı və Həbibin başı Kufəyə gətirildi. Onlar necə demişdilərsə, elə də oldu!
Meysəm Ümmü Sələmənin verdiyi ətirlə saqqalını ətirləyib dedi: "Tezliklə bu saqqal qana boyanar.” Ümmü Sələmə soruşdu: "Bunu sənə kim xəbər verib?” Meysəm dedi: "Mənim mövlam, ağam!”
Ümmü Sələmə qəm dəryasına qərq olub ağladı və dedi: "Əli təkcə sənin mövlan deyil. O mənim də ağam və bütün müsəlmanların rəhbəridir.” Sonra Ümmü Sələmə Meysəmlə xudahafizləşib getdi.”
Meysəm Kufədə xüsusi hörmət sahibi idi. Onun güclü ictimai mövqeyi vardı. O, həccdən qayıdıb Kufəyə çatmamış İbn Ziyad onun həbsinə göstəriş verdi. Bu həmin vaxt idi ki, Müslüm ibn Əqil Kufədə şəhadətə yetirilmiş, Kufəni həyacan bürümüş, tanınmış şiə simalar təqibə məruz qalmışdılar. Etiraz və qiyam üçün münasib şərait yaranmışdı.
Meysəmin Kufəyə daxil olmamış həbs olunması göstərişi Üreyf adlı birinə tapşırılmışdı. Onu yüz nəfər məmur müşayiət edirdi. İbn Ziyad Üreyfi hədələmişdi ki, əgər Meysəmi tuta bilməsə, özü edam olunacaq. O, Hirəyə gəldi. Öz ətrafındakılarla birlikdə Meysəmi gözləməyə başladı. Nəhayət, Meysəmi həbs etdilər. Meysəm məmurlara gələcəkdə baş verəcək hadisələrdən, öz şəhadətindən danışırdı.
Meysəm həmin vaxt haldan düşmüş qoca bir kişi olsa da, onun iman gücü, möhkəm irədəsi və iti danışığı İbn Ziyadı qorxuya salmışdı. Ona görə də bu adamın həbs olunması üçün yüz qüvvəli məmur göndərmişdi.
Məmurlar Meysəmi Kufəyə gətirdilər. Meysəmin tutulması xəbəri İbn Ziyada çatdırıldı. İbn Ziyada Meysəmi belə tanıtdırmışdılar ki, o Əbu-Turabın (Əlinin) ən yaxın adamlarındandır. İbn Ziyadın göstərişi ilə Meysəmi onun hüzuruna gətirdilər. İbn Ziyad Meysəmin əhval-ruhiyyəsini yoxlamaq üçün ona dedi: "Allahın haradadır?” Meysəm: "Allahım zalımların yolunu gözləyir və bu zalımlardan biri sənsən.” İbn Ziyad dedi: "Əcəm olmağına baxmayaraq, mənimlə bu cür danışırsan?! Mənə deyiblər ki, sən Əli ilə çox yaxınsan.” Meysəm cavab verdi: "Bəli, düz deyiblər.” İbn Ziyad dedi: "Əgər Əlini lənətləməsən əllərin və ayaqların kəsiləcək, dara çəkiləcəksən.” Meysəm İbn Ziyadın hədələrinə belə cavab verdi: "Əli dara çəkiləcəyimi mənə xəbər verib.” İbn Ziyad bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün dedi: "Vay olsun sənə! Əlinin dediyinin tərsinə hərəkət edəcəyəm!” Meysəm dedi: "Axı necə?” Axı bu xəbəri Əli (ə) Peyğəmbərdən (s), Peyğəmbər (s) Cəbrəildən, Cəbrəil isə Allahdan eşitmişdir. And olsun Allaha! Hətta dara çəkiləcəyim yeri də bilirəm. Mən ilk müsəlmanam ki, İslam yolunda ağzıma cilov taxılacaq.” İbn Ziyad Meysəmin sözlərindən heyrətə gəldi və dedi: "And olsun Allaha! Əl-ayağını kəsib, dilini boş buraxacağam ki, həm mövlanın, həm də sənin yalanların aşkar olsun.” Sonra İbn Ziyad göstəriş verdi ki, Meysəmin əl-ayağını kəssinlər və dara çəksinlər.
Allah aşiqləri üçün dar ağacı bir merac kürsüsüdür.
Haqpərəst, qeyrətli insanların dara çəkilməsi, qətlə yetirilməsi zalım qüdrət sahiblərinin zəifliyinin dəlili, şəhidlər üçün isə izzət sərmayəsi və iftixar sənədidir. Meysəm haqq danışdığı üçün sazişə getmədiyi üçün, haqq ələvi xəttini himayə etdiyinə görə dara çəkildi.
Meysəm öz ölümünü o qədər adi və etinasız qarşıladı ki, düşmənin qəzəbi daha da artdı. O hətta ölüm astanasında uca bir səslə xalqa İslami həqiqətlərdən və Həzrət Əlinin (ə) əsrarəngiz hədislərindən danışırdı. O vaxtlar insanı boğazından yox, çiyinlərindən, sinəsindən dara çəkər və boğmaqla yox, sıxıntı və aclıqla öldürərdilər. Meysəm deyirdi: "Hər kəs Həzrət Əlinin (ə) dəyərli bir hədisini eşitmək istəyirsə, mən ölməmiş yaxına gəlsin. Mən sizə dünyanın sonunadək gələcəyin hadisələrini xəbər verərəm. Xalq onun ətrafına toplanmışdı. Meysəm din mənbərindən danışırdı. O Peyğəmbər (s) Əhli-beytinin, Əli (ə) ailəsinin fəzilətlərindən danışır. Bəni-Üməyyənin xəyanətlərini ifşa edirdi. Həmin bu son anlarda Meysəmin dar ağacından həqiqətləri bəyan etməsi olduqca təsirli idi. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: "Ağzına cilov taxın.” Bəli, Meysəm İslam yolunda ağzına cilov taxılmış ilk şəxs oldu.
Daha sonra onun qılıncdan iti dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: "Nə istəyirsənsə, de, əmir sənin dilinin kəsilməsini əmr etmişdir.” Meysəm dedi: "Günahkar qadının oğlu Übeydullah İbn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim.” Həmin muzdur Meysəmin dilini ağzından çıxardı...
Meysəm elə bu halda da dar ağacında qaldı. Səhəri gün onun burnundan və ağzından qan gəldi. Beləcə, öz dediyi kimi, onun ağ saqqalı qırmızı qanına boyandı.
Meysəmin darda olduğu üçüncü gün bir kişi ona yaxınlaşdı və dedi: "And olsun Allaha, sənin ibadət əhli olduğunu, gecələri dua ilə keçirdiyini bilirəm.” Sonra əlindəki nizə ilə Meysəmin sinəsindən elə bir zərbə vurdu ki, onun cismi parçalandı. Bu səbr, müqavimət, rəşadət nümunəsinin pak canı fələklərə ucaldı. Meysəmin ruhu uca bir meraca qanadlandı. Bu gün pak qəlbli allahpərəst tərəfindən fəzilət yolunun bu şəhidinə ünvanlanan salamlar onun Firdovs cənnətindəki məqamını ucaldır.
Şəhadətindən sonra Meysəmin pak vücudu bir müddət dar ağacında qaldı. İbn Ziyad onu daha çox təhqir etmək üçün torpağa tapşırılmasını yubadırdı. Eləcə də, bu səhnə vasitəsi ilə xalqın gözünü qorxutmağa çalışırdı. O hamıya anlatmaq istəyirdi ki, Əli (ə) müdafiəçilərini hansı aqibət gözləyir. Amma İbn Ziyad unudurdu ki, şəhidlər öz ölümlərindən sonra da insanlara doğru yol göstərir, onları ilhamlandırır və ümid verirlər. Onlar hər zaman zalım hakimlər üçün qorxu mənbəyidir.
Meysəmin xurmasatan yoldaşlarından yeddi qeyrətli müsəlman bu vəziyyətə dözə bilməyib, onun cənazəsini torpağa tapşırmaq qərarına gəldi. Onlar cəsədin keşiyini çəkən məmurları yayındırmaq üçün yaxınlıqda bir tonqal qaladılar. Keşikçilər qızınmaq üçün tonqalın başına yığışdılar. Fürsətdən istifadə edən müsəlmanlar Meysəmin cəsədini dardan düşürüb, onu suyu qurumuş bir gölməçədə dəfn etdilər.
Səhər açıldı. Məmurlar dar ağacını boş gördülər. Xəbər İbn Ziyada çatdı. İbn Ziyad güman edirdi ki, Meysəmi Əli (ə) tərəfdarları dəfn olunan yerdə basdırarlar. O, Meysəmin cənazəsinin tapılması üçün axtarışlara başladı. Amma nə qədər axtardılarsa da, Meysəmin dəfn olunduğu yeri tapa bilmədilər. Bu gün Meysəmin məzarı şəhadətə (şahidliyə) qalxmışdır. Bu məzar haqqın qələbəsinə və batilin rüsvayçılığına şəhadət verir. İraqda Nəcəf və Kufə arasında bir məzar var. Bu Meysəm Təmmarın məzarıdır. Məzar daşında Meysəmin adı Həzrət Əlinin (ə) dostu ünvanı ilə yazılmışdır.
Meysəm bütün varlığı ilə bir təlaş və iştiyaq idi. Meysəm həqiqət məşəlini qorumaq üçün canını ovucunda tutmuş bir mücahid idi. O öz möhkəm imanı və fədakar cihadı ilə haqq yolunda addımlayırdı. Meysəm iman və cihadın təcəssümü idi.
Yaxşı olar ki, həqiqət və paklıq sorağında olanlar Meysəmə iqtida etsinlər. Meysəm ideal idi və bu idealın düşüncəsini, əməllərini, atdığı addımları izləmək zəruridir. Kamillik ideallarının ardınca getmək kamal axtaranların vəzifəsidir. Şəhidlər öz vəfalı ardıcıllarının haqq yolda davamlı təlaşları sayəsində əbədilik tapırlar.
Allahın, mələklərin və pakların salamı olsun Meysəm Təmmara! O indi də insaniyyət yolunun parlaq çırağıdır. Bu idealın həyat tarixçəsi həqiqət yolunu işıqlandırır.
Kitabın adı:.......................Meysəm Təmmar
Müəllif:.............................Cəvad Mühəddisi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |