Möminlərə sevinc bəxş etməklə yanaşı, islam dininin tövsiyə etdiyi xeyirxah işlərdən biri də yetim və kimsəsizlərin qayğısına qalmaq və onları himayəyə götürməkdir. Ata-anasını itirmiş kimsəsiz uşaqların qayğısına qalan müqəddəs islam dini bu məsələyə xüsusi diqqət yetirmiş və müsəlmanlara valideyn himayəsindən məhrum qalan uşaqlara qarşı qayğıkeş olmalarını və onları nəvaziş göstərmələrini tövsiyə etmişdir. Allah-taala Qurani-Kərimdə Peyğəmbərə (s) xitab edərək buyurur:
«Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi?!»
Sonra Peyğəmbərə (s) tövsiyə edərək buyurur:
«Elə isə yetimə zülm etmə!»
Bildiyimiz kimi, Peyğəmbər (s) dünyaya gəldiyi ilk gündən etibarən ata qayğısından məhrum qalmış və kiçik yaşlarından anasını itirərək yetimlik acısını dadmışdır. O həzrət (s) yetim uşaqlara mehriban olmaqla yanaşı, onlara qayğı göstərər və müsəlmanlara kimsəsiz uşaqları öz himayələrinə almalarını və imkan daxilində onların məişətlərini təmin etmələrini tövsiyə edərdi. Bu haqda buyurardı:
Allahın ən sevdiyi ev, o evdir ki, orada yetim bir uşaq hörmət və nəvazişlə yaşamış olsun.
Yetim uşaqlara qarşı olduqca mehriban ol və bil ki, hər nə əksən, onu da biçərsən.
Cənnətdə [olduqca gözəl] bir saray vardır. Ora fərəh və şadlıq adı ilə şöhrət tapmışdır. Oraya daxil olan şəxslər yalnız möminlərin yetim uşaqlarına sevinc bəxş edən şəxslər olacaqdır.
Üç nəfər yetim uşağı öz himayəsinə alan şəxs sanki gündüzlər oruc tutub, gecələri ibadətlə keçirmiş və səhərdən axşamadək Allah yolunda cihad etmişdir. (Sonra iki orta barmaqlarına işarə edib buyurdu): Bunlar iki bacı olduqları kimi, qiyamət günü mən də onunla cənnətdə qardaş olacağam.
Diqqət yetirmək lazımdır ki, yetim uşaqlarınm himayə və təminatı islam dinində böyük əhəmiyyət kəsb etdiyi üçün vergi olaraq zəkatın bir hissəsi məhz yetim və kimsəsizlərə aid edilmişdir. Allah-taala Qurani-Kərimdə xeyirxah işlərdən biri yetim və yaxın qohum-əqrəbaya maddi yardımın göstərilməsini bildirir. Bir şərtlə ki, bu yardım yalnız Allahın razılığı xatirinə olmalı və başqa heç bir məqsəd nəzərdə tutulmamalıdır:
Xeyirxahlıq ona deyərlər ki, insan Allaha xatir öz var-dövlətindən yetim uşaqlar və ehtiyacı olan yaxın qohum-əqrəbalarına sərf etmiş olsun.
Qurani-Kərim üç gün ardıcıl olaraq ailəsinin iftar yeməyini yoxsul bir kimsəyə verən Әli (ə)-ın belə bir xeyirxah və insanpərvər əməlini bu gözəl ifadələrlə vəsf edir:
«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.
[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik».
Bu səbəbdən də yetim və kimsəsiz uşaqların məişətlərinin təmin olunması hər bir müsəlmanını üzərinə düşən ictimai vəzifələrdən biri hesab olunur. Lakin onların maddi təminatlarını aradan qaldırmaqla üzərinə düşən məsuliyyətin öhdəsindən gəldiyini hesab etməməlidir.
Belə ki, maddi ehtiyaclarının ödənilməsi ilə yanaşı, ata-ana nəvazişinə, mehr-məhəbbətə də ehtiyacları vardır. Bu səbəbdən də onlarla gülərüz və mehribanlıqla davranmalı və valideyn nəvazişindən məhrum olduqlarını hiss etməmələrinə çalışmalıdır. Bir qədər əvvəl qeyd olunan ayədə biz «Elə isə yetimə zülm etmə» —əmr olunduğunun şahidi oluruq.
Demək, yetim və kimsəsiz uşaqların maddi təminatı əsas şərt deyildir. Bununla yanaşı onlara nəvaziş göstərib könüllərini də almaq lazımdır.
Qurani-Kərimin başqa bir ayəsində buyurulur:
«Xeyr! [Belə deməyin]. Doğrusu siz özünüz yetimə hörmət etmirsiniz] yetimin haqqını vermirsiniz].
Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz».
Göründüyü kimi, birinci ayədə yetim və kimsəsizlərin nəvaziş olunmasına xüsusi əhəmiyyət verilir. Belə ki, bəzən valideyn nəvazişindən məhrum olan şəxslər onlardan kifayət qədər irs apardığı üçün heç bir maddi yardıma ehtiyac duymurlar. Onların ehtiyac duyduqları yeganə şey varsa da, başqalarının onlara qarşı münasib rəftarı və gözəl davranışıdır. İkinci ayədə isə söhbət yoxsullardan getdiyi zaman onlara göstərilən mehr və məhəbbətin kifayət etmədiyinə işarə olunur. Çünki, onlara maddi yardımın göstərilməsi hər şeydən mühüm və önəmlidir.
Maun surəsinin 1-3-cü ayələrində bu məsələyə işarə olunaraq deyilir:
«[Ya Peyğəmbər!] Dini [haqq hesab gününü] yalan hesab edəni [Әbu Cəhli] gördünmü?
O elə adamdır ki, yetimi itələyib qovar [haqqını verməz];
Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».
Göründüyü kimi, burada da yetim və kimsəsizlərin qovulmalarına, yoxsul və fəqirlərin isə maddi yardımdan məhrum olmalarına toxunulur. Diqqət yetirmək lazımdır ki, yetim və kimsəsizlərin, o cümlədən yoxsul və fəqirlərin maddi və mənəvi yardımdan məhrum olmaları dini nöqteyi-nəzərdən küfr və dinin özünün təkzib olunması hesab olunur.
Nəql olunmuş rəvayətlərdə də müsəlmanlara yetim və yoxsullara maddi və mənəvi dayaq olmağa xüsusi diqqət yetirilmişdir.
Peyğəmbər (s) bu haqda buyurur:
Allah-taala mehribançılıqla yetim bir uşağın başını sığallayan şəxsin əməl dəftərinə əlinin altındakı tükün sayı qədər savab yazar.
Peyğəmbərin (s) səhabələrindən biri deyir: Bir gün Peyğəmbərin (s) yanında oturmuşduq. Bir oğlan uşağı Peyğəmbərin (s) yanına gəlib dedi: Atam vəfat etmiş, anam, mən və bacım yoxsulluq içində yaşayırıq. Allahın sənə bəxş etdiyi şeylərdən bizə də ehsan et ki, sənə Öz tükənməz nemətlərindən razı qaldığın qədər əta etsin. Peyğəmbər (s) üzünü oğlana tutub buyurdu: Necə də gözəl sözlər dedin. Sonra Bilalı çağırıb buyurdu: Evdə olanlardan bu oğlan üçün gətir. Bilal evdən cəmi iyirmi bir dənə xurma gətirir və onları Peyğəmbərə (s) verir. Peyğəmbər (s) onları oğlana verib buyurdu: Yeddisi sənin, yeddisi ananın, yeddisi də bacının olsun.
Orada olanlardan Muaz ibni Cəbəl adlı bir şəxs ayağa qalxıb oğlanın başına sığal çəkib dedi: Allah-taala səni atanın yerinə layiqli bir şəxs etsin. (Oğlanın atası mühacirlərdən idi).
Peyğəmbər (s) üzünü Muaza tutub soruşdu: Bunu etməkdə məqsədin nə idi? Dedi: Heç, sadəcə olaraq ona mehribanlıq göstərmək istədim. Peyğəmbər (s) buyurdu: Sizlərdən hər hansı biriniz mehribanlıqla yetim və kimsəsiz uşaqları nəvaziş edib başına sığal çəkərsə, Allah-taala əlinizin altındakı tükün sayı qədər məqamınızı ucaldar və bütün pislikləri sizlərən uzaq edər.
Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir: Yetim bir uşaq ağladığı zaman Allah-taalanın ərşi lərzəyə gələr və Ondan belə bir xitab olunar:
Kiçik yaşında ata-anasını aldığım bəndəmi kim ağlatmışdır? And olsun izzəti-cəlalıma, uşağı sakit edən şəxsə cənnəti vacib edəcəyəm.
Başqa bir rəvayətdə deyilir: Bir şəxs özünün daş qəlbliliyindən və rəhmsizliyindən Peyğəmbərə (s) şikayətlənir. Peyğəmbər (s) onu axıradək təmkinlə dinlədikdən sonra buyurdu: Qəlbinin yumşalmasını və hacətinin rəva olmasını istəyirsənsə yetim və kimsəsizlərə mehribanlıq et! Onların başlarına sığal çəkib nəvaziş et. Öz yeməyindən onlara da yedizdir. Belə etsən həm qəlbin yumşalar, həm də istəyinə çatarsan.
İndi isə Məsum imamlardan birinin həyatına nəzər salaq:
Həzrət Әli ibni Әbi Talib (ə) özünün xilafəti dövründə günlərin bir günü küçədə zəhmətlə su daşıyan bir qadınla rastlaşır. Әli (ə) kömək məqsədilə qadına yaxınlaşıb su dolçasını alıb onun evinə gətirir. Yolda qadının güzəranı ilə maraqlanır və ailəsinin hansı vəziyyətdə olduğu haqda soruşur. Qadın Әli (ə)-ı tanımadığı üçün deyir: Әli ibni Әbi Talib ərimi sərhəd məntəqlərini qorumaq üçün göndərdi və orada qətlə yetirildi. Әli uşaqlarımı yetim qoydu. Bunun üçün də uşaqlarımın və özümün təminatımı ödəyim deyə, başqalarına xidmətçilik etməli oluram.
Həzrət Әli (ə) bir söz deməyib suyu qadının evinə gətirib öz evinə qayıtdı. Lakin iztirab və nigarançılıq hissi onu rahat buraxmadı. Beləliklə gecəni səhərədək oyaq qaldı. Həmin günün səhəri bir bağlama yemək hazırlayıb qadının evinə gətirdi. Həzrət Әli (ə) yolda səhabələrdən bir neçəsi ilə rastlaşır və onlar bağlamanı onun əvəzinə həmən evə aparmalarını istəyirlər. Lakin, Әli (ə) onlara cavab verərək buyurur: Qiyamət günü mənim günahlarımı kim öz üzərinə götürəcək? Әli (ə) nəhayət həmin dul qadının evinə çatır və qapını döyür. Qadın içəridən səslənərək — kimdir? — deyə soruşur. Әli (ə) cavab verir: Dünən sənin su dolçanı evinə gətirən şəxsəm. Qapını aç, uşaqların üçün bir qədər yemək gətirmişəm. Qadın qapını açıb dedi: Allah səndən razı olsun və mənimlə Әli ibni Әbi Talibin arasında özü qəzavət etsin. Әli (ə) içəri daxil olub buyurdu: Savab bir iş görmək istəyirəm. Bu iki işdən birini seç, ya mən uşaqlarını saxlayım, sən isə buğda üyüdüb çörək bişir, ya da uşaqları sən saxla, mən buğdanı üyüdüb çörəyi bişirim. Qadın dedi: Yəqin ki, çörəyi mən səndən yaxşı bişirərəm. Elə isə uşaqlardan muğayat ol. Qadın buğdanı üyüdüb xəmir yoğurduğu zaman Әli (ə) gətirdiyi ətdən bir qədər kabab bişirib uşaqları yedizdirməyə başladı. O hər bir tikəni uşaqların ağzına qoyduğu zaman deyirdi: Oğul! Әli sizi çətinliyə saldığı üçün onu bağışlayın. Xəmir hazır olduğu zaman qadın səsləndi: Ey Allah bəndəsi təndiri qala ki, çörək bişirim. Әli (ə) təndiri qalayıb üzünü şölənən oda yaxınlaşdırıb buyurdu: Әli, dad alovun dadını! Bu, dul qadınların və yetim uşaqların haqqını ödəməyən şəxsin cəzasıdır.
Elə bu zaman yaxın bir qonşu, qadının həyətinə daxil olub Әli (ə)-ı görcək tanıdı və üzünü qadına tutub dedi: Vay sənin halına! Heç bilirsən kimi özünə xidmətçi tutmusan?! O, möminlərin əmiri Әli ibni Әbi Talib (ə)-dır.
Qadın, Әli (ə)-ı tanıdıqdan sonra tələm-tələsik ona tərəf gəlib dedi: Xəcalətliyəm, ey Әmirəl-möminin! İmam cavabında buyurdu: Xəcalətliyə qalsa haqqınızı ödəmədiyim üçün sizin yanınızda xəcalətli olan mənəm.
Bura qədər dediklərimiz yetim və kimsəsizlərin hüquqlarının qorunmasına dair möminlərin üzərinə düşən məsuliyyət və vəzifələrə dəlalət edirdi. Cəmiyyətdə yoxsulluğun aradan qaldırılması üçün müqəddəs islam dini var-dövlət sahiblərinə müəyyən vəzifələr təyin etmişdir. «Zəkat» adlanan dini verginin vaxtlı-vaxtında ödənilməsi bu məsələnin həllinə böyük köməklik göstərir. Hətta Qurani-Kərimin iki ayəsində bu xislət mömin və pəhrizkarların xüsusiyyətlərindən biri kimi göstərilir. «Zariyat» surəsinin 19-cu ayəsində deyilir:
«Mallarında da dilənçinin və [abrına qısılıb dilənməyən] yoxsul haqqı [payı] var idi [şəriətə müvafiq olaraq var-dövlətlərinin müəyyən hissəsini ehtiyacı olanlara paylayırdılar]».
«Məaric» surəsinin 24-25-ci ayələrində Allah-taala həqiqi namaz qılanların xüsusiyyətlərini vəsf edərkən buyurur:
«O kəslər ki, onların mallarında müəyyən bir haqq [pay] vardır.
Dilənən və [hər şeydən] məhrum olan [lakin abrına qısılıb dilənməyən] kimsə üçün».
Hər iki ayədən belə bir qənaətə gəlmək olur ki, yoxsul və imkansızlara maddi yardımın göstərilməsi hər bir müsəlmanın üzərinə düşən ictimai vəzifədir. Ayələrdə istifadə olunan «haqq» kəlməsi yoxsul və maddi imkanı olmayan şəxslərə dəlalət edir. Yəni, var-dövlət sahibi olan hər bir müsəlman malının bir hissəsinin ona aid olmadığını və sözün əsl mənasında bunu yoxsullara ödəməli olduğunu Allah tərəfindən ona verilmiş bir əmanət hesab etməlidir. O, malının müəyyən bir hissəsini yoxsullara verdikdə əmanəti öz sahibinə çatdırmış olur və bütün bunlarla yanaşı o, kimsəyə minnət qoymamalıdır.
Qurani-Kərimin bir çox ayələrində yoxsullara maddi yardım etdikdən sonra onlara minnət qoyulmamasını təkid edilərək iman sahiblərinə bununla öz əməllərini batil etməmələrinə ciddi xəbərdarlıq olunur. «Bəqərə» surəsinin 264-cü ayəsini buna misal çəkmək olar:
«Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla [özünü xalqa göstərmək üçün] sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın...»
Mənbə: "Din təlimləri" kitabı 1-ci cild