Qohum-əqrəba ilə gözəl ünsiyyət
Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də ona yaxın olan qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl rəftar etməsidir. O, vaxtaşırı öz müsəlman qardaşının görüşünə getməli və onların vəziyyəti ilə yaxından maraqlanmalıdır. Qarşılaşdıqları çətinliklərdə onlara yardım etməli, qəm-qüssələrində şərik olmaldır ki, onlar özlərini tək hiss etməyib təsəlli tapa bilsinlər. Eyni zamanda onların həm sevinc, həm də kədərlərinə şərik olmalıdır ki, aralarındakı dostluq və qardaşlıq əlaqələri daha da güclənsin. Səhvə yol verdikləri zaman bir müsəlman kimi onlara tövsiyə etməli, günahdan çəkinməkdə köməklik göstərməlidir.
Çətinliklərlə qarşılaşdığımız və hər hansı bir səhvə yol verdiyimiz zaman yaxın qohum-əqrəbalarımızın bizə köməklik göstərməsini və problemlərimizin həllində yardımçı olmalarını istədiyimiz kimi, təbii ki, belə bir rəftarı onlar da bizdən gözləyirlər.
Demək, yaxın qohum-əqraba ilə sıx ünsiyyətdə olmaq ilk növbədə buna riayət edən şəxslər üçün faydalıdır.
Әli (ə) bu haqda buyurur:
«Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz. Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvüləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar.
«Agah olun ki, maddi vəziyyətiniz imkan verdiyi təqdirdə qohum-əqrəbalarınız çətinliklərlə üzləşərkən onlardan üz döndərib tək qoymamalısınız. Var-dövlətiniz onlardan gizlətməklə artmayacaqdır və əgər onların yolunda sərf edərsinizsə yenə də azalmayacaqdır. Bilin ki, əgər qohum-əqrəba ilə əlaqəni kəsərsinzsə onları edəcəyiniz yardımdan, özünüzü isə hər şeydən məhrum etmiş olursunuz. Onlarla gözəl davranıb mehribançılıqla rəftar etdikdə isə, qohumluq əlaqələrini daha da möhkəmlətmiş olursunuz».
Bildiyimiz kimi ailə üzvülərinin hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Onlardan bəziləri yüksək zehni və cismi istedadlara malikdir, bəziləri də bunlardan müəyyən mənada və ya tamamilə məhrumdurlar. Bəziləri dövlətlidir, bəziləri də yoxsul, bəziləri xüsusi ictimai mövqeyə malikdir, bəziləri isə cəmiyyətdə elə də yüksək vəzifə və məqam qazana bilmir. Bəziləri şüurlu və istedadlıdır, bəziləri də savadsız olduğundan heç bir məlumata malik deyildir.
İctimaiyyətdə yaranmış sinfi ixtilafları aradan qaldırımaq, cəmiyyət üzvülərinin malik olduqları bacarıq və istedadlardan lazımınca bəhrələnmək və nəhayət onları təkamül və inkişafa doğru yönəltmək üçün yalnız cəmiyyət üzvləri arasında sıx dostluq, qardaşlıq və qarşılıqlı həmkarlıq əlaqələri qurulmalıdır. Varlılar yoxsul təbəqəyə, güclülər gücsüzlərə əl tutmaqla və qarşılaşdıqları çətinlikləri birlikdə aradan qaldırmaqla özlərinin xarici və batini [mənəvi] düşmənlərinə qalib gələ bilərlər. Әks təqdirdə, bəzilərinə yoxsulluq, bəzilərinə zəiflik və digərlərinə də daxili və xarici düşmənlər zərbə vurub sarsıdacaqdır.
Bu səbəbdən də islam ümməti öz birliyini qoruyub saxlamalı və günbəgün daha da inkişaf edib öz mövqeini gücləndirməyə çalışmalıdır. Nəql olunmuş bir çox rəvayətlərdə «qohum-əqrəba ilə gözəl ünsiyyətdə olmaq» hətta dinin bir hissəsi kimi qiymətləndirilmiş, ömrün uzanmasına və insanın cənnətlə mükafatlandırılmasına səbəb olduğu göstərilmişdir.
Misal olaraq Peyğəmbərdən (s) və Məsum imamlardan (ə) nəql olunmuş bir neçə hədisə işarə edirik:
«Məni görüb-eşidənlərə, burada olmayanlara, hələ ata belində və ana bətnində olan ümmətimin gələcək nəslinə tövsiyə edirəm ki, qohum-əqrəba ilə aralarındakı fasilə bir illik məsafə olsa belə, sıx ünsiyyətdə olsunlar. Çünki bu, dinin bir hissəsidir».
İmam Әli ibni Hüseyn (ə) Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir:
«Allah hər kimin ömrünü uzadıb ruzisini bol edərsə sevinər və daim şad olar. Onlar da qohum-əqrəba ilə gözəl rəftar edər və onlarla sıx ünsiyyətdə olarlar. Həqiqətən «Sileyi-rəhim» [qohum-əqrəba ilə sıx ünsiyyətdə olmaq] dil açaraq Allah-taalaya deyər: İlahi! Öz qohum-əqrəbası ilə gözəl əlaqədə olanlara qarşı rəhimli və mərhəmətli ol. Onlarla əlaqəsini kəsənlərlə əlaqəni kəs və rəhmət dərgahından uzaq et».
Başqa bir rəvayətdə İmam Riza (ə) Peyğəmbərdən (s) nəql edərək deyir:
«Hər kim mənə bir şeyə zəmanət verərsə, mən onun üçün dörd şeyə zamin olaram: Qohum-əqrəba ilə gözəl rəftar edənləri Allahın sevməsinə, ruzisinin artmasına, ömrünün uzanmasına və Allahın vədə verdiyi cənnətə daxil etməsinə».
İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:
«Qohum-əqrəba ilə gözəl əlaqədə olmaq insanın əməllərini saflaşdırır. Var-dövlətini çoxaldır, çətinliklərini həll edir və əcəlini təxirə salır».
Məlum oldu ki, qohum-əqrəba ilə gözəl rəftar etmək, onlarla sıx münasibət saxlamaq, qəm-qüssələrin şərik olmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biridir.
Bu məsələ böyük əhəmiyyət kəsb etdiyi üçün həzrət Peyğəmbər (s) və Məsum imamlardan bu barədə onlarla hədis və rəvayət nəql olunmuş və bunun həyata keçirilməsinə təkid edilmişdir. Bəzən kimlərsə yolun uzaqlığını, işin çoxluğunu və bu kimi digər bəhanələri əllərində əsas tutaraq qohumluq əlaqələrinin bərqərar olunmasını qeyri-mümkün hesab edir və beləliklə özlərini üzürlü sanmağa çalışırlar. Bəzən də qohum-əqrəbanın soyuq münasibətlərini dəlil gətirərək üzərlərinə düşən bu dini vəzifədən boyun qaçırmaq istəyirlər. Lakin, bütün bunlar əvvəlcədən həzrət Peyğəmbər (s) və İmamlar (ə)-ın diqqətindən yayınmamış, bu barədə öz davamçılarına zaman və məkanı nəzərə alaraq dəyərli tövsiyələr etmişlər. Həzrət Peyğəmbərin (s) tövsiyələrinin birində buyurulur:
«Bir il yol getməli olsan da belə, öz qohum-əqrəbana baş çək».
Yəni, əgər qohum-əqrəbaya baş çəkmək bir il vaxt aparsa da belə bunu yerinə yetirmək lazımdır. İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir:
Bir şəxs Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Qohum -əqrəbam mənə yaxşı münasibət bəsləmədikləri üçün mən də onlardan uzaq olmağa çalışıram. Peyğəmbər (s) buyurdu:
Belə etsəniz Allah sizin hamınızı özündən uzaq edər.
Həmən şəxs soruşdu: Bəs nə etməliyəm? Peyğəmbər (s) buyurdu:
Səni özündən uzaq edənləri bağışlamağı (güzəştə getməyi) bacar, səninlə əlaqəni kəsənlərlə əlaqə yarat və sıx ünsiyyətdə ol. Sənə qarşı haqsızlıq və zülm edənləri əfv et və bil ki, hər şeyə qadir olan Allah onlarla münasibətdə sənə arxa olacaqdır.
Həzrət imam Әli (ə) bu barədə buyurur:
«Qohum-əqrəbanız sizinlə əlaqəni kəssə də belə, onlarla sıx münasibətdə olun».
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:
«Qohum-əqrəba ilə yaxın ünsiyyətdə olmaq və onlara xeyirxahlıq etmək günahları azaldır və Qiyamət gününün sorğu-suallarını asanlaşdırır».
Həzrət Peyğəmbər (s) bu haqda buyurur:
«Salam verməklə olsa da belə, qohum-əqrəba ilə əlaqə saxlayın».
Başqa bir hədisdə deyilir:
«Bir içimlik su qədər də olsa da belə, (yəni müddəti olduqca az olsa belə) qohum-əqrəbanızla yaxşı ünsiyyətdə olun. Qohumluq əlaqələrin güclənməsinə səbəb olan ən başlıca amil onlarla gözəl rəftar etmək, pislik və kobudluqdan çəkinməkdir».
''Din təlimləri 1-ci cild''