Bir gün məbədin keşişləri Nəmrudun yanına gəlib dedilər:
-Ulduzlar bir körpənin doğulacağından xəbər verirlər. Sənin səltənətin onun əli ilə sona çatacaqdır. Nəmrud nigaran olub, narahat halda dedi:
-O nə vaxt doğulacaqdır?
Keşişlər dedilər:
-Bu il.
O il Nəmrud əmr etdi ki, doğulacaq bütün oğlan uşaqlarını qətlə yetirsinlər. Həmin ildə Həzrət İbrahim (ə) anadan oldu. Anası övladı üçün qorxurdu. O bir mağaraya sığındı və özünün günahsız körpəsini orada qoyub, evinə qayıtdı. Heç kəsin macəradan xəbəri yox idi. Nəmrud o ildə saysız hesabsız körpəni qətlə yetirdi. Analar öz körpələri üçün ağlaşırdılar. Uşaqların bəziləri bir neçə aylıq, bəziləri bir neçə günlük idilər. Bəziləri isə dünyaya gəldikdən yalnız bir neçə saat sonra öldürülürdü. Nəmrud deyilən uşaqdan qorxurdu. O il sona çatdıqda rahat nəfəs aldı. Çünki, bütün oğlan uşaqlarını öldürmüşdü.
İbrahim (ə) Babilə və Ur şəhərinə yaxın olan Kövsəriyyə şəhərində anadan olub, mağarada böyüdü.
Rəbbimiz onu qorudu. Ona barmağını sovurmağı və bununla qidalanmağı öyrətdi. Nəmrud o uşağı qətlə yetirmək istəyirdi. Amma, Allahın istəyi bu idi ki, İbrahim (ə) diri qalsın. O yaşasın və bütpərəstləri Allahın ibadətinə yönəltsin.
İbrahim (ə) böyüdü. Anası mağaraya tərəf gəldi və övladını öpdü. Onu qucaqladı və sonra evinə apardı. İnsanlar elə bilirdilər ki, İbrahim (ə) iki-üç yaşlı uşaqdır. Amma, halbuki, onun ömründən yalnız bir neçə həftə keçirdi. Ona görə də Nəmrudun əsgər və məmurları ona toxunmadılar.