Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Müsafir namazının hökmləri
1. Səfərdə dörd rəkətli namazların qəsr qılınması.
Səfərdə dörd rəkətli namazlar müəyyən şərtlərlə qəsr yəni, iki rəkət qılınmalıdır.
Diqqət:
Dörd rəkətli namazlar, yəni, zöhr, əsr və işa namazları səfərdə qəsr qılınır. Sübh və məğrib namazları qəsr qılınmır.
2. Müsafir namazının şərtləri.
Səfərə çıxan şəxs, yəni, müsafir 8 şərtlə dörd rəkətli namazları iki rəkət qılmalıdır:
I. Müsafir şəri məsafəni qət etməlidir. Yəni, ya getdiyi, ya qayıtdığı, ya da gedib-qayıtdığı məsafə ən azı 8 fərsəx olmalıdır.
II. Müsafir səfərə çıxarkən 8 fərsəx məsafəni qət etmək niyyətində olmalıdır.
Deməli, əgər müsafır əvvəlcədən 8 fərsəx məsafəni qət etmək niyyətində olmasa, başqa sözlə desək, 8 fərsəxdən az bir məsafəni qət etməyi nəzərdə tutsa və nəzərdə tutduğu məkana çatdıqdan sonra başqa bir yerə səfər etmək qərarına gəlsə, bu halda əgər səfər edəcəyi növbəti məkanla səfər etdiyi məkan arasındakı məsafə şəri məsafədən az olsa, hətta öz mənzilindən ora qədər olan məsafə şəri məsafə qədər olsa belə namazını tam şəkildə qılmalıdır.
III. Müsafir yola çıxdıqdan sonra şəri məsafəni qət etmək niyyətindən dönməsin. Beləliklə, əgər yola çıxdıqdan sonra dörd fərsəxi qət etməmiş fikrindən dönsə və ya tərəddüd etsə, müsafir hökmündə deyildir. Hərçənd ki, niyyətindən dönməmişdən öncə qəsr qıldığı namazlar düzdür.
IV. Müsafir vətənindən və ya on gün qalacağı bir yerdən keçməklə məsafəni kəsməməlidir.
V.Səfər, şəri baxımdan halal olmalıdır. Əgər səfər, günah və haram olsa, istər səfərin özü haram olsun, məsələn, cihaddan qaçmaq, istərsə də haram bir iş üçün səfər etsin, məsələn, oğurluğa getmək, belə səfər şəri baxımdan səfər hökmündə deyil və namaz tam qılınmalıdır.
VI.Sabit yaşayış yeri olmayan və köçəri həyat tərzi sürənlərin səfəri şəri baxımdan səfər hökmündə deyildir.
VII.Sürücü, gəmiçi və s. bu kimi daim səfər etmək insanın peşəsi olmasın. İşi səfərdə olan şəxs də bu qəbildəndir.
VIII. "Tərəxxüs həddi”nə çatmalıdır. Tərəxxüs həddi o məkana deyilir ki, orada artıq şəhərdə çəkilən azanın səsi eşidilmir və şəhər divarları da görünmür. Böyük ehtimalla azan səsinin eşidilməməsi tərəxxüs həddini təyin etmək üçün kifayət edir.
1. Şəri məsafə
1) Dörd fərsəx yol getməyən və dörd fərsəx də qayıtmayan şəxs, namazı tam qılmalıdır. Deməli, əgər ezamiyyətə göndərilən şəxsin vətəni
ilə iş yeri arasındakı məsafə şəri məsafə qədər olmasa, müsafir hökmündə deyildir.
2) Əgər bir şəxs yaşadığı şəhərdən çıxıb müəyyən bir məkana səfər etsə və orada gəzintiyə çıxsa, bu gəzintidə qət etdiyi məsafə şəri məsafədən hesab olunmayacaqdır.
3) Şəri məsafə olan 8 fərsəx məsafəni şəhərin axırından hesablamaq lazımdır. şəhərin axırını isə həmin şəhərin camaatı təyin edir. Əgər camaatın nəzərində şəhərin ətrafında yerləşən zavod və fabriklər şəhərin ərazisindən sayılmırsa, şəri məsafəni şəhərin sonuncu evlərindən hesablamaq lazımdır.
2. Şəri məsafəni qət etmək niyyəti
1) Üç fərsəklikdə yerləşən bir məkana səfər etmək niyyətində olan şəxs, əgər əvvəlcədən qərara alsa ki, yola çıxdıqdan sonra müəyyən bir işlə əlaqədar başqa bir istiqamətə yönəlib bir fərsəx məsafə qət edəcək və sonra yenidən öz yoluna (yəni, səfər etdiyi məkana doğru gedən yola) dönüb səfərini davam etdirəcəkdir, belə şəxs müsafir hökmündə deyildir. Başqa istiqamətdə qət etdiyi məsafəni şəri məsafənin tamamlanması üçün onun üzərinə əlavə edə bilməz.
2) Əgər bir şəxs yaşadığı yerdən uzaqlığı şəri məsafədən az olan bir məkana səfər etsə və həftə ərzində oradan bir neçə dəfə ətraf məntəqələrə getsə, bu halda əgər evdən xaric olduqda şəri məsafəni qət etmək niyyətində deyildisə və səfər etdiyi məkanla ətraf məntəqələr arasındakı məsafə də şəri məsafə ölçüsündə olmasa, qət etdiyi ümumi məsafə 8 fərsəxdən çox olsa belə belə həmin şəxs müsafir hökmündə deyildir.
5. Haram və günah olan səfər
1) Hər kim günah olmayan bir səfərə çıxsa, lakin səfər əsnasında günah bir iş ardınca getməyi qərara alsa, bu qərara gəldiyi andan etibarən namazlarını tam qılmalıdır. Əgər qəsr qılıbdırsa, yenidən tam qılmalıdır.
2) Əgər insan vacib bir əməli tərk etmək və ya haram bir əməli yerinə yetirmək məqsədilə səfərə çıxmırsa, hətta bu səfərdə günaha düşəcəyini bilsə belə, digər müsafirlər kimi namazını qəsr qılmalıdır.
3) Hər kim bilsə ki, əgər səfərə çıxsa, namazın vacibatlarından bəzisini tərk etmək məcburiyyətində qalacaq, çətinlik və xəsarətlə üzləşməyəcəyi təqdirdə vacib ehtiyata görə həmin səfərə çıxmamalıdır.
2. Peşəsi (yəni, səfərə çıxmaq həmin peşənin ayrılmaz hissəsidir) səfər etmək olan şəxs
1) Səfərə çıxmaq sürücü, təyyarəçi, gəmiçi, çoban və s. bu kimi şəxslərin bir növ peşəsi olduğu üçün onlar artıq üçüncü səfərlərində namazı tam qılmalıdırlar. Lakin birinci və ikinci səfərlərində namazı qəsr qılmalıdırlar.
Diqqət:
Peşəsi səfər etmək olamayan, lakin işinin müqəddiməsi səfər etmək olan şəxs, peşəsi səfər etmək olan şəxs hökmündədir. Məsələn, müəllim, fəhlə, mühəndis, əsgər və s. bu kimi şəxslər on gün tamamlanmamış ən azı bir dəfə iş yerlərinə səfər edirlər.
Tələbəlik, peşə və iş hesab olunmur. Odur ki, hər gün və ya həftənin bir neçə günü səfər edən tələbələr, namazı qəsr qılmalıdırlar. Əlbəttə, təhsilə göndərilən müəllimlər (müəllimlər və s. peşə sahibləri üçün qoyulan təkmilləşmə kursları) səfər etdikdə, namazlarını tam qılmalıdırlar.
Ziyarət, iş hesab olunur. Odur ki, hər həftə məsələn, xanım Məsumənin (ə.s) ziyarətinə gedən və ya Cəmkəran məscidinin əməllərini yerinə yetirmək üçün ora səfər edən şəxs, müsafir hökmündədir və namazı qəsr qılmalıdır.
Əgər sürücülük, bir kəsin daimi peşəsi olmayıb lakin qısa bir müddət ərzində sürücülük etməlidirsə, məsələn, hərbi xidmətdə olan əsgərə sürücülük etmək vəzifəsi tapşırılıbsa, bu halda əgər camaatın nəzərində bu qısa müddət ərzində sürücülük həmin şəxsin peşəsi sayılsa, bu şəxs, sürücü hökmündədir.
Əgər getmək və qayıtmağın ikisi birgə camaatın nəzərində bir dəfə səfər etmək sayılırsa, məsələn, başqa bir şəhərə tədris üçün gedən
müəllim axşam və ya sabah səhər öz şəhərinə dönürsə, şəri baxımdan da həmin şəxsin birinci səfəri sayılacaqdır. Əgər getmək və qayıtmağın ikisi birgə camaatın nəzərində bir dəfə səfər etmək sayılmırsa, məsələn, bir şəhərə yük aparan sürücü, həmin şəhərə çatıb yükü boşaltdıqdan sonra yenidən o şəhərdən başqa bir şəhərə yük aparır və sonra öz şəhərinə dönürsə, bu halda birinci səfər etdiyi şəhərə çatmaqla onun birinci səfəri tamamlanır.
2) Peşəsi səfər etmək olan şəxs, əgər peşəsi ilə əlaqədar olmayan bir iş üçün səfərə çıxsa, müsafir hökmündədir və namazı qəsr qılmalıdır.
Lakin əgər bu şəxs, peşəsi ilə əlaqədar iş yerinə səfər etsə və səfərdə ikən qohumları, dostları ilə görüşüb hətta bir neçə gün orada qalsa da peşəsi səfər etmək olan şəxs hökmündədir və namazını tam qılmalıdır.
Peşəsi səfər etmək olan şəxsin peşəsi ilə əlaqədar olan işləri görüb qurtardıqdan sonra şəxsi və xüsusi işlərini yerinə yetirməsi, onun hökmünü dəyişdirmir.
Diqqət:
Əgər peşəsi sürücülük olan bir şəxsin maşını yol qəzası hadisəsində xəsarət alsa və sürücü öz maşınının təmiri üçün lazım olan maşın hissələrini əldə etməkdən ötrü başqa bir şəhərə səfər etsə, əgər o, bu səfərdə özü sürücülük etməsə və camaatın da nəzərində onun bu səfəri peşəsi səfər etmək olan şəxslərin səfəri ünvanında olmasa, bu sürücü, müsafir hökmündədir.
Əgər camaatın nəzərində "əmr be məruf” və "nəhy əz munkər” etmək, bir sözlə dini yaymaq, bir ilahiyyatçısının peşəsi sayılsa, bu məqsədlə səfər edən ilahiyyatçı, işinin müqəddiməsi səfər etmək olan, başqa sözlə peşəsi ilə əlaqədar səfər edən şəxs hökmündədir. Lakin əgər dini yaymaq məqsədilə deyil, başqa bir şəxsi işi üçün səfər etsə, müsafir hökmündədir və namazı qəsr qılmalıdır.
Peşəsi səfər etmək olan şəxs, əgər on gün və ya daha artıq bir yerdə qalsa, qaldığı məkan istər öz vətəni olsun, istərsə də qeyri-vətən, on gündən sonra birinci səfərində namazını qəsr qılmalıdır.
8. Tərəxxüs həddi
1) Şəhərdə çəkilən azanın eşidilməməsi tərəxxüs həddini təyin etmək üçün kifayətdir. Lakin ehtiyati-müstəhəbə görə hər iki əlamətə riayət etmək (azan səsinin eşidilməməsi və şəhər divarlarının görünməməsi) yaxşıdır.
2) Səfərə çıxan şəxs şəhərin hansı tərəfindən çıxırsa, şəhərin həmin çıxacağında çəkilən azan səsi tərəxxüs həddini təyin etmək üçün meyar götürülür (şəhərin ortasında çəkilən azanın səsi meyar deyildir).
3. Aşağıdakı səbəblər nəticəsində səfər və müsafir hökmü ortadan qalxır:
I. Vətənə yetişmək.
II. On gün müəyyən bir yerdə qalmağı qarşıya məqsəd qoymaq.
III. Getdiyi yerdə neçə gün qalacağını bilməyən müsafir, əgər həmin yerdə bir ay qalarsa.
Diqqət:
Əgər müsafir vətənindən çıxsa və elə bir yol ilə hərəkət etsə ki, həmin yolda vətənində çəkilən azan səsi eşidilir və ya evlərin divarları görünür, öz vətənindən keçməyənədək onun qət etdiyi məsafə şəri məsafədən hesab olunur. Lakin o, vətəni ilə tərəxxüs həddi arasındakı məsafədə müsafir hökmündə deyildir.
4. Vətən
1) Vətənin qisimləri:
Vətən, bir cəhətdən iki qismə bölünür:
I. Əsil vətən, başqa sözlə doğma vətən: İnsanın dünyaya gəldiyi və bir müddət orada qalıb boya-başa çatdığı yer.
II. İnsanın seçdiyi vətən (ikinci vətən): İnsanın özünə seçdiyi daimi yaşayış yeridir, hətta ilin bir neçə ayını orada qalsa belə.
Diqqət:
İnsanın doğulduğu şəhər bir şərtlə onun doğma vətəni sayılır ki, orada bir müddət qalıb boya-başa çatsın. Məsələn, əgər bir nəfər Bakı şəhərində doğulsa, lakin orada boya-başa çatmasa, Bakı onun doğma vətəni sayılmır. Onun vətəni, ata-anasının vətənidir (doğulduqdan sonra ata-anası tərəfindən aparıldığı və orada boya-başa çatdığı yer).
Şübhəsiz, əgər uşağın dünyaya gəldiyi doğum evi ata-ananın yaşadığı vətəndə yerləşərsə, ora uşağın da vətəni olur.
2) İnsanın seçdiyi vətənin şərtləri.
İnsanın seçdiyi vətənin üç şərti var:
I. İnsan özünə ikinci vətən seçərkən qərarı qəti olmalıdır. Deməli, əgər insan müəyyən bir yerdə uzun müddət məskunlaşmağı qəti surətdə qərara almasa, həmin yer onun vətəni sayılmır. Əlbəttə, əgər insan uzun müddət müəyyən bir yerdə yaşasa, belə ki, artıq camaatın nəzərində həmin yer onun vətəni hesab olunsa, onun özü həmin yeri vətən seçmək niyyətində olması belə, o yer onun vətəni sayılır. Camaatın nəzərini öyrənmək isə mükəlləfin öz öhdəsindədir.
Deməli müəyyən olmayan bir müddət üçün ezamiyyətə göndərilən rəsmi işçilərin işlədikləri şəhər və ya təhsil almaq üçün başqa şəhərlərə gedən tələbələrin təhsil aldıqları şəhər onların vətəni sayılmır. Lakin əgər (uzun müddət orada yaşadıqları üçün) camaatın nəzərində artıq həmin yer onların vətəni hesab olunsa, şəri baxımdan da vətən hökmündədir. Uzun müddət vətənindən ayrı düşən və vətənə geri dönməsi hal-hazırda qadağan olan fərdlər, əgər bir gün vətənlərinə dönəcəklərinə əmindirlərsə, müsafir hökmündədirlər. Bir şərtlə ki, camaatın nəzərində o məntəqənin sakini sayılmasınlar, başqa sözlə desək, həmin yer onların vətəni hesab olunmasın.
II. İnsan müəyyən bir şəhəri, kəndi, qəsəbəni özünə ikinci vətən seçə bilər, lakin bütün bir ölkəni, məsələn, İranı, ikinci vətən kimi seçmək olmaz.
III. İkinci vətəndə bir müddət yaşamalıdır ki, camaatın nəzərində həmin yer onun vətəni (o yerin əhlindən) hesab olunsun. Əlbəttə 6 ay ardıcıl olaraq orada qalmaq şərt deyildir. Belə ki, əgər insan müəyyən bir yeri ikinci vətən seçdikdən sonra bu niyyətlə bir müddət (təkcə gecələr olsa belə) orada yaşasa, onun vətəni sayılır.
Diqqət:
Yeni vətəndə ev, mülk sahibi olmaq şərt deyildir.
3) Vətənin sayı
İnsanın iki, hətta üç vətəni ola bilər. Fəsillərə görə daim yaylaqdan qışlağa, qışlaqdan da yaylağa köçən və hər iki məkanı özlərinə daimi yaşayış yeri seçən qəbilələr üçün həm yaylaq, həm də qışlaq vətən sayılır. Əgər yaylaq və qışlaq arasındakı məsafə şəri məsafə qədər olsa, birindən digərinə köçərkən yol boyu müsafir hökmündədirlər.
Həmçinin əgər bir nəfər doğulduğu kənddə bir müddət yaşadıqdan sonra bir şəhərə köçsə və orada da bir neçə il yaşayıb başqa bir şəhərə köçsə, bu halda əgər doğulduğu kəndi tərk etməyibsə, vətən hökmündədir. Eləcə də əgər bir neçə il yaşadığı şəhəri özünə vətən seçmişdisə, oranı tərk etməyənədək vətəni sayılır. Hal-hazırda yaşadığı şəhəri də əgər özünə vətən seçibsə və camaatın nəzərində artıq o şəhər onun vətəni sayılırsa, vətən hökmündədir.
4) Vətəni tərk etmək
1. Vətəndən çıxıb bir daha orada yaşamamağı qərara almaq, vətəni tərk etmək deməkdir.
2. İnsan vətənini tərk etməyənədək orada namazı tam qılmalıdır. Vətəni tərk etdikdən sonra artıq ora vətən hökmündən xaric olur. Lakin əgər insan yenidən orada yaşamaq qərarına gəlsə və bir müddət bu məqsədlə orada yaşasa, yenidən həmin yer onun vətəni sayılacaqdır.
Beləliklə, əgər bir şəxs işi ilə əlaqədar kənddən şəhərə köçsə və bir daha kəndə geri dönmək niyyətində olmasa, ata-anası orada yaşasalar və vaxtaşırı onların görüşünə getsə də həmin kənd onun vətəni sayılmır.
5) Qadın özünə vətən seçmək və ya tərk etmək mövzusunda ərinə tabe deyildir. Ərin vətəni hökmən qadının vətəni demək deyildir. Beləliklə, qadın öz ərinin vətəninə onunla birgə səfər etdikdə - belə ki, hal-hazırda əri orada yaşamır və bəzən ora səfər edir – orada namazı qəsr qılmalıdır. Həmçinin qızın ailə qurub başqa şəhərə köçməsi vətənin tərk etmək mənasında deyildir. Əgər qız başqa şəhərə gəlin köçsə də vətənini tərk etmək niyyətində olmayanadək atası evinə getdikdə namazı tam qılmalıdır.
Əlbəttə əgər qadın özünə vətən seçmək və ya tərk etmək mövzusunda ərinə tabe olmaq istəsə, ərinin qərarı onun üçün də kifayət edir və ərinin daimi yaşayış üçün seçdiyi şəhər onun da vətəni hesab olunur. Yaxud əri onunla müştərək olan vətənlərini tərk etsə, qadın da vətənini tərk etmiş hökmündədir.
2. Hər bir kəs həyatda müstəqil yaşamağa və müstəqil qərar verməyə qadir olmayanadək, başqa sözlə desək atasının ixtiyarında olanadək, vətən seçmək və ya vətəni tərk etmək mövzusunda atasına tabedir. Məsələn, atanın öz vətənini tərk edib daimi yaşayış üçün seçdiyi başqa bir məkan onun da vətəni sayılır. Lakin əgər atasının ixtiyarında deyildirsə, bu mövzuda da atasına tabe deyildir.
Deməli, hər kim büluğ həddinə çatmamışdan qabaq doğulduğu yerdən başqa bir şəhərə köçsə (təbii ki, ailəsi ilə birgə) və atası bir daha o şəhərdə yaşamaq niyyətində olmasa, doğulduğu yer artıq o uşağın vətəni sayılmır və onun vətəni atasının yeni seçdiyi məkandır.
5. Müəyyən bir yerdə on gün qalmaq niyyəti
1. Əgər müsafir on gün ardıcıl olaraq bir yerdə qalmaq niyyətində olsa və ya ixtiyarsız olaraq orada on gün qalacağını bilsə, namazı tam qılmalıdır. Əks təqdirdə, müsafir hökmündədir. Hərbi xidmətdə olanlar və ya hərbiçilər də bu hökümdən müstəsna deyildirlər.
Diqqət:
• Hər kim bilsə ki, bir yerdə on gün qalmayacaq, on gün qalmağı niyyət etmək mənasızdır. Məsələn, əgər imam Rzanın (ə) ziyarətinə gedən şəxs Məşhəddə on gündən az qalacağını bilsə, lakin namazını tam qılsın deyə on gün qalmağı niyyət etməsı mənasızdır və namazını qəsr qılmalıdır.
2. Müsafir yalnız bir yerdə (məsələn, bir şəhərdə, bir kənddə və s.) on gün qalmağı niyyət edə bilər. Deməli, camaatın nəzərində iki müxtəlif məntəqə sayılan yerlərə ezamiyyətə göndərilən şəxs, onların birində on gün qalma niyyətini edə bilər. Əgər heç birində ardıcıl olaraq on gün qalmayacağını bilsə, hər iki yerdə namazı qəsr qılmalıdır.
Diqqət:
• Şəhərin bir məhəlləsində on gün qalmaq niyyətində olan müsafir, əgər həmin məhəllədən şəhərin digər bir məhəlləsinə getsə, hətta bu məhəllə arasındakı məsafə şəri məsafə qədər olsa belə namazı tam qılmalıdır.
3. Müəyyən bir yerdə on gün qalmaq niyyətində olan şəxs, on gün əsnasında o yerin ətrafındakı bağlara, əkin sahələrinə və s. yerlərə gedəcəyini nəzərdə tutarsa, heç bir maneəsi yoxdur və namazı tam qılmalıdır.
Həmçinin əgər müsafir on gün qalmaq niyyətində olduğu yerdən şəri məsafədən az olaraq uzaqlaşacağını əvvəlcədən bilsə, bu şərtlə onun on gün qalma niyyətinə xələl gəlməz və namazını tam qıla bilər ki, gündüz və ya gecə bir-iki dəfə bir neçə saatlıq oradan uzaqlaşsın. Belə ki, o yerdən uzaqlaşacağı müddət cəmisi gündüz və ya gecənin üçdə birindən çox olmamalıdır.
4. Əgər müsafir on gün qalmağı niyyət etdiyi yerdən 4 fərsəx məsafə qədər - hətta bir dəfə bir neçə dəqiqəliyə - uzaqlaşmağı əvvəlcədən qərara alsa, bu onun on gün qalma niyyətinə xələl gətirir və namazı qəsr qılmalıdır.
5. Əgər müsafir on gün qalmağı qərara aldığı yerdə bir dörd rəkətli namaz (zöhr, əsr və ya işa) qılmamışdan öncə qərarından dönsə və ya tərəddüd etsə, orada olduğu müddətdə namazı qəsr qılmalıdır. Lakin əgər bir dörd rəkətli namazı qıldıqdan sonra qərarından dönsə və ya tərəddüd etsə, artıq başqa bir yerə səfər etməyənədək orada olduğu müddətdə namazı tam qılmalıdır (hətta bir gün qalsa belə).
6. Müəyyən bir yerdə qalma niyyəti (qəsdi-iqamət) bu iki şərtdən biri ilə baş tutur:
I. Müsafir qalmağı qərara aldığı yerdə bir dört rəkətli namaz qılsın
II. On gün qalmağı qərara aldıqdan sonra on gün ardıcıl olaraq həmin yerdə qalsın.
7. Bir yerdə qalma niyyəti baş tuduqdan sonra şəri məsafədən az olaraq oradan uzaqlaşmağın - hətta bir neçə dəfə və nisbətən çox bir müddət üçün – maneəsi yoxdur və namaz tam qılınmalıdır. Lakin əgər şəri məsafə qədər uzaqlaşsa, müsafir hökmündədir.
Deməli, əgər müsafir on gün qalmağı niyyət etdiyi şəhərdən aralarındakı məsafə şəri məsafə qədər olan başqa bir şəhərə səfər etsə, şəhərə döndükdə yenidən on gün qalma niyyəti etməlidir.
8. Zövcə və övladların vətən seçmə və ya tərk etmə mövzusunda deyilən hökmlər müəyyən bir yerdə on gün qalma mövzusuna da aiddir.
6. Müsafir gedəcəyini ya qalacağını bilmədən bir ay bir yerdə qalsa
Əgər şəri məsafəni qət edən müsafir çatdığı yerdə nə qədər qalacağını bilmirsə, qərara gəlməyənədək qəsr qılmalıdır. Lakin otuz gün tamam olan kimi, hətta bir neçə gün qalsa belə namazı tam qılmalıdır.
7. Böyük şəhər
Vətən seçmək və müsafirin hökmlərinin böyük şəhərlə kiçik şəhərlər arasında fərqi yoxdur. Məsələn, böyük bir şəhəri vətən seçib bir müddət orada yaşadıqdan sonra həmin şəhər bütünlüklə o şəxsın vətəni sayılır. Həmçinin böyük bir şəhərdə on gün qalmağı qərara alan müsafir, təkcə qaldığı məhəllədə deyil, şəhərin digər məhəllələrində də namazı tam qılmalıdır
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |