Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
NÜMUNƏVİ QADINLAR
İslamdan əvvəlki dövrlərdə bir çox məşhur nümunəvi qadınlar olub. O cümlədən:
1. Hizbilin həyat yoldaşı.
2. Fironun həyat yoldaşı Asiyə.
3. Həzrət İbrahimin (ə) anası Buna.
4. Həzrət Musanın (ə) anası.
5. Həzrət Musanın (ə) bacısı.
6. Həzrət İsanın (ə) anası Məryəm.
7. Həzrət İsmayılın (ə) anası Hacər.
Biz burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və adlarının əbədi qalmasının səbəbini zikr edəcəyik ki, digər qadınlar da onlardan örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.
1-Dülgər Hizbilin həyat yoldaşı Fironun qarşısında
Firon tarixin böyük diktatorlarından idi. O, camaatı bütpərəstlik və özünə pərəstişə məcbur etməklə, illərlə Misirə hakim olmuşdu. Yoxsul və ac camaat onun zalım, haqsızlıqla dolu və sıxıntılı hakimiyyətindən təngə gəlmişdilər. Mehriban Allah məzlum insanlara nicat vermək üçün Musanı (ə) bəni–İsrail qövmünə göndərdi. Ancaq vəziyyət elə idi ki, hər kəs Musaya (ə) iman gətirsəydi, ona ən ağır işgəncə və əziyyətlərlə edam hökmü verilirdi. Bu insanlardan biri dülgər Hizbilin həyat yoldaşı idi. O, Musaya (ə) gizlincə iman gətirir, ancaq canının qorxusundan imanını gizlədirdi. Bu qadın camaat kimi deyildi. Aydın fikir və açıq gözlə başa düşürdü ki, Firon camaatın Allahı deyil və bütlər də Allaha şərik deyillər. Ruzigarın əliylə o, Fironun hərəmxanasına, onun qızının bəzək və saç düzümü ilə məşğul olan adam kimi get-gəl edirdi. Bir gün Fironun qızının saçını bəzəyəndə daraq əlindən yerə düşdü. Dili uca Allahın zikrinə öyrəşdiyi üçün bilmədən dedi: “Allahın adı ilə”.
Fironun qızı ondan soruşdu: “Allah deməkdə məqsədin atam Firondur?”
O dedi: “Yox, mən elə bir kəsə sitayiş edirəm ki, sənin atanı yaradıb və onu aradan aparacaq!”
Fironun qızı həmin anda atasının yanına gedərək əhvalatı ona danışdı. Firon narahat olub qadını hüzuruna çağırdı və qəzəblə dedi: “Sən məgər mənim allahlığıma etiraf etmirsən?”
Qadın cavabında dedi: “Mən heç vaxt həqiqi Allahı buraxıb sənə pərəstiş etmərəm”.
Firon onun bu qətiyyətli sözündən o qədər əsəbləşdi ki, dayanmadan əmr etdi, misdən olan təndiri odla doldurdular. Təndir qızardıqda cəlladlara dedi: “Bu qadının uşaqlarının hamısını təndirə atın”.
Cəlladlar qadının gözləri qabağında, onun günahsız uşaqlarını təndirə atıb yandırdılar. Qadının uşaqları bir-bir odda yandılar, yalnız ananın qucağında kiçik övladı qalmışdı. Təbiidir ki, ananın südəmər uşağına məhəbbəti daha çox olar. O uşağı yanar odun alovları arasına atmaq üçün anadan güclə aldılar və anaya dedilər: “Əgər Musanın dinindən uzaqlaşsan, uşağını oda atmarıq”.
O digər uşaqlarına görə səbir etmişdi. Amma bu südəmər uşağa görə qəlbi təlatümə gəldi. İstədi ki, onları zahirdə qane etmək üçün bir söz desin. Bu zaman Allahın qüdrətilə uşaq dilə gəldi və anasına dedi: “Səbir et, sən haqsan!”
Ana səbir etdi. O uşağı da oda ataraq yandırdılar. Sonra isə qadının özünü də oda atdılar. O sağ olana qədər, çox acı işgəncələrə dözdü və düşmənin qarşısında özünü aciz göstərmək həsrətini, onların ürəyində qoydu. Cəlladlar ana və balalarının külünü göyə sovurdular.
İslam Peyğəmbəri (s) buyurur: “Merac gecəsi fəzada bir yerdə burnuma çox yaxşı bir ətir qoxusu dəydi. Cəbrayıldan (ə) soruşdum ki, bu misilsiz ətirli qoxu nədir? Cəbrayıl (ə) cavabında dedi ki, bu ətirli qoxu, Hizbilin həyat yoldaşının və uşaqlarının yanmış cəsədlərinin külündən gəlir. Onu bu fəzanın əhatə etdiyi hissəsində səpiblər. Bu yaxşı ətirli qoxu qiyamət gününə kimi yerin bu hissəsindən gələcək”.
Bəli bu, şücaətli və qəhrəman qadının mükafatıdır. Onun əməli Allah yanında o qədər dəyərlidir ki, pak cəsədinin gözəl ətri, İslam Peyğəmbərini (s) merac gecəsində təəccübləndirib və buyurub: “İndiyə kimi burnuma belə bir yaxşı və ətirli qoxu dəyməyib”.
2-Fironun həyat yoldaşı Asiyə
Ağır və acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbir edən qadınlardan biri də Fironun həyat yoldaşı, Məzahimin qızı Həzrət Asiyədir. Allah-təala Qurani-Məciddə bu qadını mömin şəxslər üçün məsəl çəkir və onun örnək kimi yad edir. “Təhrim” surəsinin 11-ci ayəsində buyurulur: “Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et” demişdi”.
Bu qadın Fironun həyat yoldaşı olaraq sarayda, ləl-cəvahirat və bər-bəzək içində yaşasa da, heç vaxt bunlara aldanmadı. Xəlvətdə Musaya (ə) və Allaha iman gətirdi. Musanı (ə) uşaqlıq dövründə sudan götürdü və onu doğma anadan da yaxşı himayə etdi, heç vaxt qoymadı ki, ona bir zərər dəysin. Bu imanlı qadının o qədər dərin düşüncəsi və uzaqgörənliyi var idi ki, rəvayətlərə əsasən bir göz qırpımı qədərincə İlahi vəhyə kafir olmadı.[35] O, Allahpərəst bir partizan kimi imkanı olan qədər Musaya (ə) kömək edir və Firona, onun əqidəsinə zərbə vururdu. Hizbilin uşaqlarının və həyat yoldaşının ürəkyandırıcı hadisəsi baş verəndə Asiyə daha fəryadlarını boğazında boğmadı, ağzına sükut möhürü vura bilmədi. Fironun qarşısında durub qətiyyətlə dedi: “Ey Firon! Nə vaxta qədər qəflət yuxusunda qalacaq və Allahın həqiqi bəndələrini yandıracaqsan?”
Firon dedi: “Mənim allahlığıma sən də şəkk edirsənmi?”
Asiyə dedi: “Mənim sənin allahlığına etiqadım var idi ki, bu gün də şəkk edəm? Mən Musanı (ə) Nil çayından götürdüyüm gündən onun peyğəmbərliyinə etiqadlı olmuşam. Buna görə də bacardığım qədər onu qorudum”.
Firon Asiyənin ağır cavabından elə narahat oldu ki, qəzəblə qışqırdı: “Ey Asiyə! Səni elə öldürəcəm ki, indiyə kimi heç kəsi belə öldürməmişəm”.
Fironun əmri ilə Asiyanı yerə uzadıb əl-ayağını dörd mıxa bağladılar və sinəsinə böyük daş parçası qoydular. Belə bir vəziyyətdə ona dedi: “Ey Asiyə! Musanın Allahına de ki, səni bu işgəncələrdən qurtarsın”.
Asiyə işgəncə altında çox narahat idi. Bu xəbər Musaya (ə) çatdı. Musa (ə) Allaha ərz etdi: “Ya Rəbbim! Asiyə üçün can verməyi asanlaşdır”.
Quranın (“Təhrim” surəsi, ayə 11) buyurduğuna əsasən, Asiyə deyirdi: “Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun zalım qövmündən xilas et”.
Allah Asiyənin məqamını onu göstərdi və ruhunu gücləndirdi. O, behişt nemətlərindən yeyir və içirdi. Asiyə bunları gördükdən sonra sevindi və göz yaşı təbəssümə döndü. Firon təəccüblə dedi: “Həyat yoldaşım dəli olub. O belə bir vəziyyətdə gülür və boş yerə özünü ölümə verib!”
Asiyə dedi: “And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm”.
O, elə həmin halda Allahının görüşünə tələsdi və şəhid oldu. Asiyəyə qızmar günəş altında işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin qabağında duraraq ona kölgə saldılar. O, Cənnətin ən yaxşı qadınları və tarixin dörd ən yaxşı nümunəvi, yəni Asiyə, Məryəm (ə), Xədicə (ə) və Fatimə (ə) kimi xanımlarından birinə çevrildi.
Bəzi hədis kitablarına əsasən, Asiyə dünyada ən pis insanın həyat yoldaşı idi. O, fədakarlığı və səbirli olması nəticəsində elə bir məqama çatdı ki, axirətdə ən yaxşı insanın həyat yoldaşı olacaq.
Bu, dözümlü, səbirli, fədakar, dini himayə edən və Allah yolunun yolçusu olan qadının mükafatı idi.
3-4-Musanın (ə) anası və bacısı
Ən çətin hadisələrin qarşısında davam gətirən və müqavimət göstərən qadınlardan biri də Musanın (ə) anası “Yukabed” və bacısı “Kəlsəmə” (yaxud Kəlimə) idi.
Firon rejiminin cəlladları əmr etmişdilər ki, dünyaya gələn bütün oğlan uşaqlarını öldürsünlər. Çünki münəccimlərin dediyinə görə, həmin ildə Fironun taxt-tacını aradan aparacaq bir oğlan uşağı dünyaya gələcəkdi. Buna görə də onlar istəyirdilər ki, həmin uşağı öldürməklə bunun qarşısını alsınlar. Gizlin məmurlar, mamaçalar hər yerdə hazır olub, hər yeri yoxlayaraq nəzarət altında saxlayırdılar. Əgər bir uşaq dünyaya gəlsəydi onu öldürürdilər. On minlərlə günahsız uşaqlar öldürüldülər. Hər bir evdən Bəni İsrail qadınlarının naləsi və ağlamaq səsləri gəlirdi. Qəm-qüssə az yaşlı uşaqların da ölümünə səbəb olurdu. İş o yerə çatdı ki, qibtilərin (Fironun tərəfdarlarının) rəisi Fironun yanına gəlib, ondan bu barədə fikrinin dəyişməsini istədi. Firon əmr etdi ki, bir il uşaqları öldürsünlər, bir il isə əl saxlasınlar. Musanın (ə) qardaşı Harun həmin uşaqların öldürülmədiyi ildə dünyaya gəldi.[38] Bəni İsrailə şamil olmuş İlahi lütf və qeybdən gələn yardımlar, Musanın (ə) anasının hamiləliyinin bilinməməsinə kömək oldu. Hətta Musanın (ə) anasının sorağına gəlmiş həkim onu müayinə edərkən onda hamiləliyin əsər-əlamətini görmədi. Musa (ə) dünyaya gəldiyi zaman, onun anasına kömək etmək üçün gəlmiş həkim qadın Musanın (ə) alnındakı nuru gördükdə onun məhəbbəti qəlbinə düşdü və bu barədə heç kəsə bir söz demədi.
Beləcə, Musa (ə) dünyaya gəldi. Onun anası və bacısı belə bir böhranlı və qorxulu vəziyyətdə Musanı (ə) himayə etdilər və gözlərinin nurunu ölməyə qoymadılar. Ancaq həmin böhranlı vəziyyət hələ də aradan getməmişdi. Hər an onu öldürmək təhlükəsi var idi. Ana övladının nicat tapması barəsində fikirləşirdi. Allah Musanın (ə) anasına: “Musanı əmizdir, öldürülməsi təhlükəsini hiss etsən onu dəryaya (Nil çayına) at və narahat olma! Biz onu sənə qaytaracaq və peyğəmbərlərdən edəcəyik” – deyə buyurdu. Ana, dülgər Hizbilin yanına gedib ona dedi: “Bir sandıq düzəlt”.
Dülgər sandığı düzəltdi. Ana sandığı ehtiyatla evə apardı. Uşağını sandığa qoyub Nil çayının yanına gəldi və onu suya buraxdı. Firon və həyat yoldaşı bu zaman Nil çayının kənarında idilər. Birdən suda üzən sandığı gördülər. Firon həyat yoldaşına dedi: “O sandığı götür və bura gətir”.
Asiyə sandığı sudan götürdü və qapısını açdıqda orada gözəl bir uşaq gördü. Allah həmin anda Musanın (ə) məhəbbətini Asiyənin qəlbinə saldı. Firon uşağı görəndə bərk qəzəblənərək dedi: “Necə ola bilər ki, hər yer nəzarət altında ola-ola bu uşaq əldən çıxıb və onu öldürməyiblər?”
Asiyə dedi: “Bu uşaq bir yaşındadır. Sən də əmr etmisən ki, bu ilki uşaqları öldürsünlər. Qoy bu uşaq bizim üçün qalıb gözümüzün işığı olsun. Onu öldürmə, bəlkə bizə xeyri dəydi. Onu övladlığa götürək”.
Anası isə Musanın (ə) fikrində idi. Qızı, Musanın (ə) Kəlsəmə adlı bacısına dedi ki, sandığın dalınca gedib, əhvalatı ona xəbər versin. Bacısı çətin vəziyyətdə qardaşının dalınca gedərək onun Fironun evində olduğunu öyrəndi. Naməlum halda özünü oraya çatdırdı. Gördü ki, qadınlar sarayda Musanı (ə) əmizdirmək üçün toplaşıblar, ancaq o heç kəsin südünü qəbul etmir. Musanın (ə) bacısı onlara dedi: “Əgər istəsəniz, mən sizə bu uşağı əmizdirə bilən bir ananı tanıtdıraram”.
Axırda Allahın lütfü sayəsində, bacının köməyi ilə uşağı anasının yanına gətirdilər. Musa (ə) anasının iyin hiss etdikdən sonra, südünü əmib, isti ana qucağında yuxuya getdi.
Yazırlar ki, Firon ananı hüzuruna çağırıb ona dedi: “Nə üçün bu uşaq təkcə sənin südünü qəbul edir?”
Ana cavabında dedi: “Çünki məndən yaxşı ətir qoxusu gəlir və südüm də dadlıdır. Buna görə də hər bir uşaq mənim südümü götürür”.
Firon onun bu sözünə inandı və daha bu barədə maraqlanmadı.
5-İbrahim Xəlilin (ə) anası
Həzrət Musanın (ə) qeyd olunan macərasına oxşar bir hadisə Həzrət İbrahimin (ə) “Buna” və yaxud “Nuna” adlı anasının da başına gəldi. Nəmrudun gördüyü yuxuya əsasən və ya kahinlərin verdiyi xəbərə görə, o, gələcəkdə bu il doğulacaq uşağın əliylə həlak olacaqdı. Buna görə də o, çoxlu oğlan uşaqlarını öldürərək bir çox evləri matəmə qərq etdi. Bəzilərinin nəql etdiyinə görə o, yetmiş yeddi mindən yüz minə qədər uşaq öldürdü. İbrahimin (ə) cəsur anası belə bir ağır və böhranlı vəziyyətdə, misilsiz şücaətlə özünü Nəmrudun casuslarından gizlətdi və doğum zamanı, adət olmaq bəhanəsi ilə (o zaman adət olmuş qadınların şəhərdən çıxması bir qayda və ənənə idi) şəhərdən çıxdı və çöllükdəki dağda mağara tapdı. Mağaraya girdi və İbrahim (ə) elə orada dünyaya gəldi. Bu yorulmaz ana 13 il casusların gözündən uzaq, bəzən sübh çağları və bəzən də gecə yarısı özünü mağaraya çatdırararaq oğluyla görüşərdi. Qeybdən İlahi yardımlar onun köməyinə gələrdi. O, Allahla idi, Allah da ona kömək edərdi. Nəhayət o, on üç ildən sonra İbrahimi (ə) xüsusi bir yolla şəhərə gətirdi. İbrahim (ə) yavaş-yavaş bütpərəstlərlə mübarizəyə başladı. O hər gün mübarizəsini gücləndirirdi.
6-İsmayılın (ə) anası Hacər
Əvvəllər kəniz olmuş Hacər, Həzrət İbrahim Xəlilin (ə) həyat yoldaşı oldu. O, bir neçə dəfə çox ağır və acı hadisələrlə rastlaşdı. Onlardan biri də bu idi ki, Allah İbrahimə (ə) oğlu İsmayılı Məkkənin susuz və yandırıcı çöllüyündəki uca dağların yanında qoymağı əmr etdi. Hacər bu ağır işi, Allahın və Peyğəmbərinin (ə) istəyinə əməl etmək üçün qəbul etdi. Uzun müddət uşağıyla tək-tənha, uca Əbu Qubeys dağının kənarında yaşadı. Ora elə bir yer idi ki, ilk dəfə uşağı susayanda su tapılmadı. Hərçənd ki, sonralar yerdən Zəmzəm bulağı qaynadı və onlar bu sudan istifadə etdilər. Hacər uşağıyla birlikdə mehriban ərindən uzaqda özünü bütün çətinliklərə öyrəşdirdi. İsmayıl boy-buxunlu cavan oğlan olanda, İbrahim (ə) bəzi vaxtlar onların görüşünə gələrdi. O, Allahın fərmanı və İsmayılın köməyi ilə Kəbə evini tikdi. Amma bu ev, allahpərəstlik tarixində bu ailənin özündən sonra yadigar qoyduğu axırıncı ev deyildi. Onları tezliklə böyük bir imtahan gözləyirdi; ata-ana öz qoçaq övladı İsmayılı Allah yolunda, Onun razılığı üçün qurban kəsməli idi. Ata və oğul, Hacəri analıq məhəbbətinə xatir bu əhvalatdan xəbərdar etmədilər. Qəlbən Allaha təslim olduqlarına xatir, Allahın əmrini yerinə yetirmək üçün evdən çıxdılar. Hacər bu əvhalatdan xəbərdar oldu. Əgər o adi bir qadın olsaydı, çox narahat olardı. Çünki, qəlbinin bir parçası, ömrünün səmərəsi olan İsmayılı qurban kəsirdilər. Şeytan qoca kişi cildində gəlib əhvalatı ona söyləyəndə o, cavabında: “Heç bir ata oğlunun başını kəsməz” dedi.
Şeytan: “İbrahim (ə) deyir ki, Allah buyurub”.
O zaman bu ixlaslı qadın dedi: “Mənim və İsmayılın min canı da olsa, Allaha fəda olsun. Ey kaş min oğlum olaydı, hamısını Allah yolunda qurban verəydim”.
Sonra əlinə bir neçə daş götürüb, şeytana tərəf ataraq onu özündən qovdu. Şeytan Hacərdən məyus olub yolunu itirdi.
7-İmranın qızı Məryəm
İmranın qızı Məryəm İslamdan qabaqkı dönəmin digər nümunəvi və kamil qadınlardandı. Allah onu da Quranda Asiyə kimi möminlər üçün məsəl çəkir, örnək kimi qeyd edir və buyurur: “Məryəm ismətli və namuslu bir qız idi. Biz Cəbrayıl vasitəsi ilə ona üfürdük (və o Həzrət İsaya (ə) hamilə oldu). O, tövhidi, peyğəmbərləri, səma kitablarını təsdiq etdi və Allah dərgahında daim ibadət və itaət edənlərdən oldu”.
Bir gün Peyğəmbər (s) mehriban həyat yoldaşı Xədicənin (s) yanına gəldi. Gördü ki, Xədicə hamiləlik ağrısından əziyyət çəkib qıvrılır. Həzrət (s) buyurdu: “Mən də sənin əziyyət çəkməyinə görə narahatam. Ancaq Allah əziyyətdə çoxlu xeyir qərar veribdir. Sakit bir yerə gedəndə, mənim salamımı o qadınlara çatdır”.
Xədicə dedi: “Onlar kimdir?”
Peyğəmbər (s) buyurdu: “Onlar İmranın qızı Məryəm, Məzahimin qızı Asiyə və Musanın (ə) bacısı Kəlimədən ibarətdirlər”.
Xədicə (s) rahat oldu və ərz etdi: “Bəh-bəh, nə yaxşı insanlardırlar!”
Həzrət Peyğəmbər (s) buyurdu: “Kişilərdən bir çoxları kamilliyin son həddinə çatıblar. Ancaq qadınlardan dörd qadın kamilliyin ali dərəcəsinə çatıb: 1-Asiyə, 2-Məryəm, 3-Xədicə (s), 4-Fatimə (s)”.
Həzrət Məryəmin (s) “Hənna” (Anna) adlı anası sonsuz idi və digər qadınlar kimi övlad sahibi olmağı arzu edirdi. O və bacısı Əşya Bəni İsrailin adlı-sanlı qadınlarından idilər. O İmranın, bacısı isə Zəkəriyyanın həyat yoldaşıydı.[49] Məryəmin anası sonsuz olduğu üçün çox pərişan idi və həmişə buna çarə axtarardı. Axırda böyük Allaha pənah apardı. Ondan istədi və nəzir etdi ki, əgər övladı olsa, o dövrdəki adət-ənənəyə uyğun olaraq onu ibadətgaha xidmətçi olmaq üçün Beytül-Müqəddəsə vəqf etsin. Bu nəzir, Məryəmin (s) anasının ixlası və tövhidindən xəbər verirdi ki, o, övladı təkcə özünün təskinlik tapması üçün istəmirdi. Əksinə, Allah ibadətgahının xidmətçisi və Ona pərəstiş edən bir övlad istəyirdi. Allah onun xalis niyyətlə etdiyi duasını qəbul etdi. Bundan bir qədər sonra qadın hamilə olduğunu hiss etdi. Bir qız uşağı dünyaya gətirdi. Onun adını Məryəm qoydular. Ana öz nəzrinə vəfalı olaraq Məryəmi Beytül-Müqəddəsin böyüyünün yanına apararaq, onu ibadətgaha xidmətçi kimi təqdim etdi. Məryəmin anası ərini itirdiyinə görə qəlbi təkcə qızıyla şad olardı. O tez-tez Beytül-Müqəddəsə gedib qızından xəbər tutar və evə qayıdardı. Beytül-Müqəddəsin böyüklərinin içərisində hamıdan çox Məryəmin xalasının əri, yəni Həzrət Zəkəriyya (ə) Məryəmi himayə etməyə meyilli idi. O, Məryəmi saxlamaq üçün təyin edildi. Zəkəriyya mehriban ata kimi Məryəmi saxlamaqda və qorumaqda bütün ehtiyatlara riayət edirdi. Bir gün Zəkəriyya Məryəmin mehrabına yaxınlaşdıqda, onun yanında bir yemək tabağını görərək təəccübləndi. Çünki ondan savayı heç kəs Məryəmin yanına gəlmirdi. Məryəmdən soruşdu: “Bu fəsli çatmamış meyvələr sənin yanına haradan gəlibdir? Hərçənd ki, qapılar bağlı olub və heç kəs bura girmirdi?”
Məryəm dedi: “Bunlar mənim Allahım tərəfindəndir. Allah istədiyi şəxsə ruzi verər”.
Zəkəriyya başa düşdü ki, Allah Məryəmə uca bir məqam bəxş edərək onu digər qadınlardan fərqləndirir. O, belə bir mənzərəni müşahidə etdikdən sonra Allahdan istədi ki, ona da pak bir övlad əta etsin. (Çünki Zəkəriyya görürdü ki, Məryəm özünün Allahla qurduğu xalis rabitə və etdiyi dua sayəsində, məqamı elə bir həddə çatır ki, onun üçün behişt meyvələri gəlirdi). Zəkəriyyanın duası qəbul oldu. Allah ona Yəhya (ə) adlı bir oğlanı müjdə verdi. Zəkəriyya dedi: “Mən və qadınım qocalıb əldən düşmüşük. Biz necə övlad sahibi olacağıq?”
Allah ona buyurdu: “Allah belə istəyir”.
Məryəm ayaq üstə o qədər ibadət etdi ki, ayaqları şişdi. Doqquz yaşında oruc tutmaqla, namaz qılmaqla və pərhizkarlıqla öz zamanının bütün ibadət edənlərindən öndəydi. Çətin hadisələr qarşısında səbir və müqavimətiylə öz zamanında birinci idi.[52] Məryəm böyüyüb boya-başa çatdıqda Allah ona “Ülul-əzm” peyğəmbərlərdən olan Həzrət İsa (ə) kimi bir övlad əta etdi. Fədakarlığı, namuslu olması, pərhizkarlığı və iman nuru onu elə bir məqama çatdırdı ki, Cəbrayıl Əmin (ə) Məryəmin yanına gəlib, ona üfürdü və o hamilə oldu. Bu hamiləlikdən Həzrət İsa (ə) dünyaya gəldi. Onun ali mənəvi məqamını dərk etməyə qüdrəti çatmayan nadan camaat xoşagəlməz sözlər deyib, Məryəmi incitdilər. Allahın əmri ilə sükut orucu tutan Məryəm bu camaatla danışmayaraq işarə etdi ki, “beşikdəki uşaqdan soruşun”.
Camaat Məryəmin sözlərini ələ saldılar. Amma Allahın qüdrətiylə uşaq dil açaraq dedi: “Mən Allah bəndəsiyəm. O məni peyğəmbər etdi və mənə kitab verdi. O, harada oluramsa olum, məni xeyir və bərəkət verən etdi”.
Bu canlı möcüzə həmin qövmün dilini bağladı.[53] Məryəm mənəvi məqamın yüksək dərəcələrindən birinə çatmışdı. O öz ibadətgahında (Livandakı dağda) dünyadan gedəndə, övladı Həzrət İsa (ə) nalə çəkib deyirdi: “Qürbətdə və vəhşətdə daha mənə kim munis olacaq? Kim mənə Allahın itaətində kömək edəcək?”
Məryəm (ə) bir qız idi. Gördüyünüz kimi imanlı bir qız himməti, isməti və çalışqanlığı nəticəsində necə də böyük bir məqama yüksəldi. Bundan daha mühümü, onun tərbiyəsi altında Həzrət İsa (ə) kimi bir peyğəmbər böyüyüb boya-başa çatdı. Məryəm həmişə Allahla idi və Onun fərmanına təslim olardı. Allah-təala da həmçinin, onu Özünün sonsuz rəhməti sayəsində saxladı və yaxşı adını da dünyanın sonuna qədər qoruyacaq. Qurandakı surələrdən biri Məryəm adlanıb və ona məxsusdur. Müqəddəs kitabda 34 dəfə onun adı və fəzilətlərindən söz açılır.
Bəzi rəvayətlərə əsasən behiştin ən yaxşı qadınları dörd nəfərdi və Allah bu qadınları seçib: 1. Xədicə (s), 2. Fatimə (s), 3. Asiyə (s), 4. Məryəm (s).
8-Həzrət Əyyubun (ə) həyat yoldaşı
İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlardan biri də Həzrət Əyyubun (ə) “Ruhmə” adlı həyat yoldaşı idi. Həzrət Əyyub (ə) həyatın ən ağır hadisələri ilə üzləşdi. Uşaqları evin altında qalıb öldülər, bağları yandı, bütün var-dövləti və mal-qarası tələf oldu. Axırda özü də uzun sürən xəstəliyə tutuldu. Bunların hamısından da ağır, camaatın ona baş çəkib təsəlli vermək əvəzində, vurduqları dil yaraları idi. Camaat deyirdi: “Yəqin ki, günahkar olubsan, Allah da səni bu vəziyyətə düçar edib”.
Camaat ondan uzaqlaşdı. O, naçar qalıb şəhərdən çıxaraq çöllükdə, ağır vəziyyətdə yaşamağa başladı. Ruhmə fədakarlıq göstərərək ərinə qulluq etməyə davam etdi. Lakin axırda yorulub əldən düşdü. Əri Əyyubla söhbət edəndə, Əyyub ona dedi: “Məndən uzaqlaş!”
O, Əyyubu tək qoyub getdi. Əyyub bu İlahi imtahandan yaxşı çıxdıqda, Allah ona mərhəmət göstərib, əvvəlki sağlamlığını və cavanlığını qaytardı. Ona müxtəlif nemətlər verildi. Həyat yoldaşı, Əyyubun əmri ilə ondan uzaqlaşsa da, qəlbi əziyyətdə olan ərindən ayrılıdığına görə döyünürdü və həmişə onun fikrində idi. Axırda (Əyyubun əvvəlki sağlamlığının və nemətlərin ona qayıtmasından xəbərsiz olan halda) qərara gəldi ki, onu görməyə getsin və ona xidmət etməyi davam etdirsin. Əyyubun yaşadığı yerə çatanda, orada səfalı, meyvəli və gül-çiçəkli bağın içində gözəl bir cavan oğlan gördü. Onu tanımadı və təəccübləndi. Amma çox çəkmədi ki, Əyyubun işarəsi ilə Allahın lütf və mərhəmətinin onlara şamil olmasını anladı və əlini Əyyubun boynuna saldı. Onların hər ikisi Allaha bütün bu lütfünə və mehribanlığına görə şükr etdilər. Allah həmin bu qadından Əyyuba saleh bir övlad nəsib etdi. Onun və həyat yoldaşının həyatı digərləri üçün iman, şükr, dözüm və səbir dərsi oldu.[54] Əyyubun həyat yoldaşı Ruhmə hərçənd ki, bir dəfə yorulub dözümsüzlük etdi, amma tez peşiman oldu və əziyyətdə olan ərinə xidmət etməyə davam etdi. Allah-təala da bunun müqabilində ona və ərinə çoxlu nemətlər bəxş etdi. İnsan gərək çox ağır və çətin hadisələrdən tez yorulub və dözümsüzlük göstərməsin. Əgər belə bir hal baş versə, nə qədər ki gec olmayıb səhvini düzəltsin.
9-10-Şuəybin qızları
Şuəybin qızlarının Musa (ə) ilə rəftarları, qadınların necə fikirləşmələri və rəftar etmələri mühüm bir dərsdir.
Həzrət Musa (ə) Fironun qüdrətli vaxtında məzlumları onun və adamlarının zülmündən müdafiə edirdi. Ancaq bir gün zalımlardan birinin zülmünün qarşısını alanda, onun başına bir yumruq zərbəsi endirdi. Həmin zülmkar aldığı zərbədən yerə yıxılıb öldü. Musa (ə) o cür cansıxıcı və qorxulu mühitdə canının təhlükədə olduğunu hiss etdi. Gizlin şəkildə Misirdən çıxdı və piyada Mədyənə tərəf yola düşdü. Musa (ə) Mədyənə yaxınlaşanda çobanların qoyunları sulamaq üçün bir quyunun yanına gətirdiklərini gördü. Onlar quyudan su çəkib qoyunlara verirdilər. Bu zaman Musa (ə) iki qızın kənarda durub öz qoyunlarının quyuya yaxınlaşmasının qarşısını aldığını müşahidə etdi. Çünki onlar öz iffətlərinin qorunmasına, qayda-qanuna və növbəyə riayət etmək istəyirdilər. Onlar Şueybin (ə) qızları idilər. Qəlbi həmişə imkansız və köməksiz insanlarla olan Musa (ə) o qızlara kömək etmək qərarına gəldi. Yaxınlaşıb dedi: “Öz qoyunlarınıza niyə su vermirsiniz?”
Onlar dedilər: “Kişilərin getməsini gözləyirik və sonra biz öz qoyunlarımıza su verəcəyik”.
Musa (ə) qabı onlardan aldı və var gücü ilə tək başına quyudan su çəkib onların qoyunlarına verdi. Sonra onlardan ayrılıb bir ağacın kölgəsi altında oturdu. Aclıq ona qalib gəldiyi üçün Musa Allahdan kömək istədi. Bu zaman Şueybin qızları atalarının yanına gedib əhvalatı ona danışdılar. Şueyb dedi: “Gedin o cavanı evimizə dəvət edin”.
Qızlardan biri özünü tələsik Musaya (ə) çatdıraraq atasının dəvətini ona bildirdi. Musa (ə) bu dəvəti qəbul etdi və yolda qıza dedi: “Sən mənim arxamca gəl. Harada yolumdan azsam, arxadan həmin istiqamətə daş atmaqla mənə yol göstər”.
(Musanın (ə) bu sözləri onun iffətinin qorunmasına xatir idi). Qız razı oldu. Musa evə çatanda, Şueyb onu yaxşı qarşıladı. O qız atasına dedi: “Bu cavan oğlanı özünə köməkçi götür. Ona görə ki, güclü, əmin (təmiz) və ədəbli bir oğlandır”.
Qız onun gücünü quyudan su çəkəndə, paklığını və təmizliyini isə yolda görmüşdü. O, bu sözləri atasına dedi və ata da düşüncəli qızının söylədiyi dəlilləri qəbul etdi. Hətta Musaya (ə) qızlarından biri ilə evlənməsini təklif etdi. Musa (ə) da bu təkliflə razılaşıb “Səfura”nın əri oldu.
11-Həlimə Sədiyyə
Peyğəmbər (s) hələ dünyaya gəlməmişdən əvvəl atası Əbdullah dünyasını dəyişdi. İki, ya altı yaşı olmamış anası da dünyadan getdi. Əbdül-Müttəlib Məhəmmədə (s) süd vermək üçün pak və iffətli bir qadın axtarırdı. Çünki o həzrət (s) hər kəsin südünü qəbul etmirdi. Əbdül-Müttəlib təsadüfən Məkkəyə süd vermək üçün uşaq axtarmağa gəlmiş səhrada yaşayan (köçəri) bir qadını gördü. Əbdül-Müttəlib ona dedi: “Sən kimsən?”
Qadın: “Mən bəni-Səd tayfasından olan Həliməyəm”.
Əbdül-Müttəlib: “Bəh-bəh! Səndə “səadət və helm” kimi əbədiyyətin və ruzgarın iki gözəl xisləti vardır”.
Onun adını yaxşı yerə yozdu və uşağın yanına apardı. Məhəmməd (s) onun südünü götürdü. Bundan sonra qadın Məhəmmədi (s) özüylə yaşadığı yerə aparıb ona süd verməyə başladı.
Beləliklə, yenə də görürük ki, ismətli qadın yaxşı xislətlərə malik olmaqla necə də dəyərli olur. Əbdül-Müttəlib onu bəyənir və Məhəmmədi (s) əmizdirmək üçün bir ana kimi onu seçir. Yəni fərqi yoxdur, qadın mal-qara saxlayan köçəri olub səhrada yaşasa da, əgər fəzilətli, əxlaqlı və yaxşı xüsusiyyətlərə malik olarsa, Həzrət Məhəmmədin (s) ikinci anası olmaq ləyaqətini qazanır.
1-Süməyyə - ilk şəhid qadın
İslamın əvvəlində Əmmarın atası, yəni Süməyyənin əri Yasərə İslamı qəbul etdiyinə görə, şəhid olana qədər şallaq vurdular. Sonra isə Süməyyənin ardınca gəldilər. Onu hədələdilər ki, əgər Peyğəmbəri (s) inkar etməsə, onun ayaqlarının hər birini dəvəyə bağlayıb iki tərəfə çəkib şaqqalayacaqlar. Süməyyə onların hədə-qorxusundan qorxmadı. Çünki o çox imanlı idi və ərinin yolunu getmək istəyirdi. Peyğəmbərin (s) sözləri qulağında sırğa olmuşdu: “Yasərin ailəsi! Səbir edin, sizin yeriniz behiştdir”.
Sonra o qadını bu cür ağır və zülmkarcasına işgəncə ilə şəhid etdilər. O və əri İslamın əvvəlindəki ilk şəhidlərdir. Əmmar belə bir ata-anadan dünyaya gəlmişdi, ömrünün axırına qədər İslam yolunda çalışdı və Siffeyn savaşında İmam Əlinin (ə) ordusunda şəhid oldu.
2-Digər bir neçə qəhrəman qadın
İslamın ilk dövrlərində digər şücaətli qadınlar da olub. Onlar müxaliflərin çox ağır işgəncələri altında özlərinin səbir və dözümləri ilə İslamı müdafiə etmiş və düşmən qarşısında təslim olmaq həsrətini, onların qara qəlblərində saxlayaraq şərəfli ölümü qəbul edib və heç vaxt təslim olmayıblar.
1 - “Lubəynə” bəni-Muməl tayfasının kənizi idi. Ömər ibn Xəttab İslamı qəbul etməmişdən qabaq ona çox işgəncə verərdi. Lakin bu qadın heç vaxt təslim olmadı və İslam dinindən əl çəkmədi.
2 - “Zinnirə” bəni-Məxzum tayfasından idi. Müsəlman olduğuna görə Əbu Cəhlin ona verdiyi ağır işgəncələrə dözdü və heç vaxt təslim olmadı.
3 - “Nəhdiyyə” bəni - Nəhd tayfasında olan kəniz idi. İslamı tərk etməsi üçün Bəni - Əbdüd -Dar qəbiləsindən olan xanımının ağır işgəncələrinə məruz qalsa da əqidəsindən dönmədi.
4 - Mərifətli və çalışqan qadınlardan biri də Cabir ibn Həkimin qızı, “Qəzziyyə” adlandırılan Ümmü Şərik Əsədi idi. O Qüreyş tayfasının bəni-Amir qəbiləsindən idi. İslamın əvvəllərində müsəlman olan bu qadın dinin təbliği üçün çox çalışırdı. O, gizlin və aşkarda xüsusən qadınları İslama dəvət edirdi. Buna görə də ağır işgəncələrə məruz qalırdı. Bir dəfə onu palansız dəvəyə mindirib, üç gecə-gündüz ac və susuz vəziyyətdə saxladılar. Sonra isə əl-ayağını bağlayıb, yandırıcı çöllükdə, qızmar günəşin altında yolun üstünə atdılar. Əgər Allahın lütf və mərhəməti, qeybdən İlahi yardımlar gəlməsəydi, şübhəsiz tələf olacaqdı.
Ümmü Şərik digər mühacirlərlə birlikdə Mədinəyə hicrət etdi. Əri artıq dünyadan getmişdi. Bir gün Rəsulullahın (ə) hüzuruna gəldi və dedi: “Mənim ərim çoxdan vəfat edib. Gəlmişəm ki, sənə evlənməyi təklif edəm”.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |