Bir "MƏN” var idi. Bir Mən yaradılmışdı...
Biz dəyişdik. Bir "O”ya çevirdik...
İkinci şəxs üçün dəyişildikcə özümüz öz gözümüzdə üçüncü şəxsə çevrildik...
Bir Adəm idik. İblisin oyununa gəldik.
Başqasına bənzəməyə çalışdıqca özümüzü tükətdik.
Başqa birinə çevrildik. MƏNdən Ona dönmək çətin olsa da biz bunu bacardıq.
Bir MƏNİM var idi. Mənim dediklərim, mənim sandıqlarım, mənim olduğuna inandıqlarım.
Əlim, ayağım vardı, dilim, qəlbim, düşünən beynim vardı...
Bütün bunlar saydıqca bitməyən nemətlər idi...
Bir də nəfəsim var idi. Bütün bunların olduğunu mənə xatırladan, yaşadan, mənə həyat verən...
Hər nəfəs aldıqca ciyərlərimə dolan hava mənim varlığıma şəhadət edir, sağlığımı dünyaya hayqırırdı.
Udulan bir nəfəs həyatı, yaşamağı, düşünməyi anladırdı. Hər udulan hava həyata insan qazandırırdı...
Doğuldum...
Böyüdüm...
Qocaldım...
Öldüm...
Bir nəfəslə dünyaya gəldim, son nəfəslə dünyadan getdim.
Orda anladım ki, mənə verilənlər sadəcə bir sınaq üçün imiş.
Bütün bunların hesabı soruşulacaqmış...
Nə etdin onlarla? Harada yaşadın? Harada qocaldın? Harada öldün? Hə, hə hətta bu da soruşulacaq... Harada öldün?!
Əl də, ayaq da, dil də, dodaq da, qəlbdə, hətta nəfəs də... şahid olacaq.
Yaşayışıma şahid olduqları kimi, ölümümə də şahid olacaqlar.
Adəm ağaca yaxınlaşdı ayağı günaha batdı, əl uzatdı əli günaha batdı...
Bir anlıq nəfəsini dərdi. Nə etdiyini anladı...
Adəm Cənnətdə doğulmuşdu. Yer üzündə öldü.
Bir də cənnətə qayıda bilmək üçün bu dünyaya göndərilmişdi, öldü ki, yenidən o dünyaya qayıtsın.
Gələrkən yüksüz idi, dönərkən yükdən beli bükülmüşdü...
Onun belini qocalıq bükmədi, yükü onu qocaltdı.
Verəcəyi hesabatlar onun belini bükdü. Dərddən qocaldı Adəmoğlu.
Aldıqlarını bir-bir verincə qocalıq qapısını çaldı.
Ağaran saçı, tökülən dişi, büzüşən üzü, qırışan əli, taqətsiz dizi daşıdığı yükün ağırlığından xəbər verir.
Yediyi yeməklər halal-haramlığına şahid olacaqdı.
Qazanan əllər halal-haramlığına şəhadət gətirəcəkdi.
Dilini qeybətdən qoruya bilməyən dişləri şahid olacaqdı.
Harama baxan gözü, haramı dinləyən qulağı etiraz edəcəkdi.
Qaşları düyünlənəcək "Biz günaha batmaq istəmirdik, məcbur edildik" deyəcəkdilər.
Ardı Var...