Bəzən ağ dərili olduğum üçün utanıram. Ağdərili deyərkən ilk ağla gələn avropalılardı nə hikmətdirsə. O avropalılar ki, özlərini hər şeydən üstün tutarlar. Tamam onlar eqoistdirlər, yalnız özlərini düşünərlər, kömək etmək kimi bir nemətdən məhrumdurlar, öz "əxlaq” sistemləri var. O əxlaq sistemi ki, yalnız özlərinə uyğun uyğunlaşdırılıb. Bəs biz müsəlmanların hal-hazırda onlardan nə fərqimiz var.
Biz də yalnız özümüzü düşünsək, özümüzü hər şeydən üstün tutsaq, eqoist olsaq, ən yüksək Əxlaq Sistemi olan İslamın adından istifadə etsək, bizim onlardan nə fərqimiz olar. Biz müsəlmanıq, sosialist, demokratik "dəyərlərdəki” kimi hər kəsi bərabər saymarıq, biz Allah qatında bir olduğumuzu, Onun yanında üstünlüyümüzün yalnız təqva ilə olduğunu bilirik. Bizə görə rəngin, irqin, cinsin və digər "fərqləndirici” ünsürlərin əhəmiyyəti yoxdur.
Biz kimsədən fərqlənmək üçün çalışmamalıyıq, əslində çalışmalıyıq öz təqvamız ilə, amma dünyəvi sevgimizlə deyil. Unutmamalıyıq ki, Afrikadakı qardaşlarımızın hər birinin haqqı var üzərimizdə. İstər müsəlman olsunlar, istərsə də qeyri-müsləlman. Biz nə etdik onlar üçün, boğazımızdan nə qədərini kəsib onlara ayırdıq, dualarımızda nə qədər yer verdik onlara. Yəni biz bu qədərmi eqoistləşdik.
İnsanlığımız harda qaldı bəs? Hz. Əli demişkən onlar ya dində, ya da insanlıqda qardaşlarımızdır. Çox dəyişdik, çox. Keşkə müsbətə doğru dəyişsəydik. Keşkə yalnız öz evimizə düşən atəş bizi yandırmasa idi, həm də insan qardaşımızın evinə düşən atəş də bizi incitsəydi.
Ey Afrikadakı aclıqdan, susuzluqdan əziyyət çəkən insan qardaşım, bizdən ümidini üz, çünki biz də artıq "ağdərililər” kimi olduq, onlara çevrildik. Amma yox ümidinizi üzməyin. Üzməyin ümidinizi, çünki "Ümidsizlik elə bir bataqlıqdır ki, içinə düşsən boğularsan”. Bəlkə biz müsəlmanların içindən "ağdərili” olmayanlar da vardır. Bəlkə yox, inan ki elələri var. Onlar hətta sənin üçün öz doğma yurd-yuvasını, sevdiklərini atıb, sadəcə boğaz toxluğuna oralara getdilər, sənin yanına, sənə dəstək olmaq üçün.
Ey insanlıq qardaşlarımız, biz sizin kimi ürəyiaçıq ola bilmədik. Bəlkə də, mənim rəngimdə olanlar sənə çox əziyyət verdilər. Günahım yoxdur deyə bilmərəm, çünki səni qoruya bilmədim, ən azından dua etmədim. Sənin gözündə bütün "ağlar” şeytan ola bilər. Amma inan biz şeytandan qorunmaq üçün çox şey edirik. Namaz qılırıq, oruc tuturuq, həccə gedirik bir neçə dəfə, amma sənin üçün nə etdik. Məhz mən... Mən nə etdim sənin üçün. Bağışlayın bizləri ey insan qardaşlarımız. Bağışlayın...