1. İsti su ilə dəstəmaz almaq olar?
Bəli, bunun heç bir fərqi yoxdur, soyuq su ilə dəstəmaz ala bilmirsinizsə, isti su ilə dəstəmaz ala bilərsiniz.
2. Dəstəmaz ala-ala danışmaq olar? Bu, dəstəmazı pozur?
Bəli olar. Danışmaq, kiməsə cavab vermək dəstəmazı pozmur.
3. Dovşan əti haramdır? Qurani-Kərimdə bu barədə ayə var?
Salam. Bəli, bu belədir, dinimizə görə, dovşan əti haramdır. Qurani-Kərimdə bu barədə ayə olmasa da, onun haramlığına dair hökm Peyğəmbər (s.ə.s) və Məsum imamlar (ə) tərəfindən verilmişdir.
4. Toy axşamının xüsusi namazı var və onu necə qılmaq lazımdır?
Zifaf gecəsində qılınan namaz eyni ilə sübh namazı kimi qılınır, fərq yalnız niyyətdədir.
5. Ata-anadan gizli istədiyim bir şəxslə görüşə bilərəm? Əl-ələ tutub gəzməyə gedə bilərik?
Tanışlıq məqsədi ilə bir-iki dəfə görüşmək olar və bu, günah deyil. Lakin bu işə davamlı şəkildə yol verilməsi günahdır. Əl-ələ tutub gəzintiyə getmək isə artıq nikah bağlandıqdan sonra mümkündür. Bir az səbrli olun.
6. Quranda adı çəkilən ayların hansının haram olduğunu bilmək istərdim.
Ələykumussalam. Yəqin ki, siz Quranda işarə olunan haram ayları nəzərdə tutursunuz. Quranda həmin ayların adları çəkilməsə də, "Tövbə" surəsinin 36-cı ayəsində onlara işarə olunur. Haram aylarda əsasən müharibə etmək, qan tökmək haram sayılır. Haram aylar isə bunlardır: Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm.
7. Səcdəyə gedərkən birinci əllərin içini, yoxsa dizləri yerə qoymaq lazımdır?
Rukudan qalxdıqdan sonra səcdəyə gedərkən yerə əl və ya dizlərdən hansı birinin əvvəl qoyulması vacib deyil. Bu, müstəhəb əməldir. Belə ki, kişilər üçün yerə əvvəlcə əl, sonra dizlərini qoymaq müstəhəb sayılır.