Nə üçün bəda haqda söhbət açırıq?
Bir qədər əvvəl nəsx və nəsx ilə əlaqəli olan məsələlər haqda ətraflı söhbət açdıq. Söhbətimizi «bəda» ilə davam etdiririk. Çünki, nəsx və bəda eyni məna və məfhum kəsb edir. Fərq yalnız bundan ibarətdir ki, nəsx qanunvericilik, bəda isə yaradılış mövzusuna dəlalət edir.
Yəni yaradılışda baş verən nəsxə bəda deyilir. Qanunvericilik də isə bu [dəyişiklik] nəsx adlanır.
Bunların arasında olan sıx bağlılıq bizi yeni fəsil, yəni bəda haqda söhbət açmağa vadar edir.
Bu haqda söhbət açmağa səbəb olan başqa bir dəlil müsəlmanların bir qisminin şiə məzhəbinin bədaya olan etiqadları haqda olan yalnış təsəvvürü olmuşdur. Düzgün araşdırmalar aparmadıqları üçün nəticədə böyük səhvlərə yol verərək şiə məzhəbi haqda yalnış təsəvvürlər əldə etmişlər. Əgər onlar şiə məzhəbinin bədaya olan əqidə və etiqadlarını düzgün dərk etsəydilər, yol verdikləri səhvlərin şahidi olar və şiə məzhəbinə yaxdıqları yalan və iftiralara bir dəfəlik son qoyardılar. Kaş alimlər dəqiq tədqiqatlar apararaq həqiqətin nə olduğunu dərk edəydilər! Kaş başqaları haqda söylədiklərinin nə dərəcədə doğru və düzgün olduğunu dərk edib yersiz və heç bir əsası olmayan nəzəriyyələr irəli sürməkdən çəkinəydilər!
Bütün bunları nəzərə alaraq bəda haqda ətraflı söhbət açmaq və beləliklə şiə məzhəbi haqda yaranmış yalnış təsəvvürlərin aradan qaldırılmasını özümüzə zəruri hesab etdik.
Bu bir həqiqətdir ki, aləmdə mövcud olan bütün varlıqlar Allahın qüdrəti və Onun istək və iradəsi ilə yaradılmışdır. Belə ki, Onun istək və iradəsi olmadan nə bir varlıq yaranar, nə də müstəqil həyat tərzi keçirə bilər (yəni bir varlıq kimi davam gətirə bilməz).
Bu da hamıya məlumdur ki, yarandığı ilk gündən Allahın elmi bütün varlıqları əhatə etmiş və onların hər biri əvvəlcədən müəyyənləşdirilmişdir. Belə müəyyənləşdirilmə dini termin olaraq «təqdir» adlanır.
Allahın daimi elm və qüdrəti və təqdirin nə olduğu bizə məlum olduqdan sonra diqqət yetirməliyik onların arasında nə bir ziddiyyət, nə də bir ixtilaf vardır. Yəni varlıqların vücuda gəlməsi üçün hər şeyi əhatə edən Allahın əzəli elmi arasında heç bir maneə və ziddiyyət mövcud deyildir. Çünki aləmdə mövcud olan bütün varlıqlar Allahın istək və iradəsindən asılıdır və buna bəzən «ixtiyar» da deyilir. Demək, əgər Allahın istək və iradəsi olarsa varlıqlar vücuda gəlir, yox əgər olmazsa onların vücuda gəlməsi mahal və qeyri-mümkündür.
Buna da Allahın əzəli və daimi qüdrəti deyilir.
Lakin təqdir və əzəli ilahi elm deyildikdə, Allahın bütün varlıqlara və bütün zaman və şəraitdə, onların həqiqi mahiyyətini əhatə etmiş elmi nəzərdə tutulur.
Yəni, Allah varlıqlar yarandığı ilk gündən onların hansı mərhələləri keçəcəkləri və necə olacaqlarını bilir. Çünki bütün varlıqların həqiqi mahiyyəti Allahın istək və iradəsindən asılıdır. Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, Allahın istək və iradəsi olmadan onlar nə vücuda gəlir, nə də bir varlıq kimi mövcud ola bilir. Zaman və şəraitin dəyişilməsinə baxmayaraq, Allah bütün varlıqlarda baş verən dəyişikliklərdən agahdır və onun elmi hər şeyi əhatə edir.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi