Əti haram olan heyvanların yeyilməsinə dair nazil olmuş ayənin nəsxi
«[Ya Rəsulum!] De ki: «Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə [bismillah deyilmədən] kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsib yediyin yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər [bunlardan yesə, Allah ona cəza verməz]» Çünki, sənin Rəbbin, həqiqətən bağışlayan və rəhm edəndir!» (6/145).
Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər: Ayə nazil olmaqla bəzi heyvanların ətinin yeyilməsi haram, başqalarının yeyilməsi isə halal edilmişdir. Lakin sonralar Peyğəmbərin (s) buyuruqları ilə digər yeyim şeyləri də haram edilərək ayə nəsx olunmuşdur.
Cavab:
Digər ayələr kimi, bu ayənin də verdiyi hökm sabit və nəsx olunmamışdır. Çünki ayə qanunvericilik xarakteri daşımır və belə bir halda təbii ki, onun nəsx olunması da tamamilə əsassız olardı. Ayədə sadəcə olaraq islam dinində əvvəllər haram olmayan (meyit, qan, donuz əti və kəsilərkən Allahın adı çəkilməyən heyvanlar) şeylər haqda xəbər verilir və bunun sonralar digər yemək şeylərin haram olmasına dair verilən yeni hökm ilə heç bir ziddiyyət yoxdur. Çünki, hər hansı bir mətləb barədə məlumat verən xəbər cümləsində nəsx heç bir məna kəsb etmir.
Ayədə haram olan şeylərin bir-bir adlarının çəkilməsi isə bir növ əlavə xarakteri daşıyır. Belə ki, müşriklər islam dini zühur etməzdən, islamın haram etmədiyi bəzi şeyləri özlərinə haram etmişdilər. Ayə nazil olmaqla onların əqidə və adət-ənənlərini inkar və ləğv edir. Əvvəlki ayəyə diqqət yetirsək görəcəyik ki, qoyulan məhdudiyyət, həqiqi məhdudiyyətdir, yəni ayə nazil olarkən yeyilməsi haram olan ətlər məhz ayədə göstərilən miqdarda müəyyənləşdirilmişdir və belə bir mənanın dərk olunması daha asandır. Çünki, ayə islamın zühur etdiyi ilk illərdə nazil olmuşdur və təbii ki, sonralar həzrət Məhəmmədin (s) 23 illik peyğəmbərlik dövründə tədriclə yeni ayələr nazil olmuş və yeni-yeni qanun və qadağalar təyin olunmuşdur. Yasaq hökmü verildikdən sonra, başqa bir yasaq və qadağanın təyin olunması hər hansı bir hökmün nəsx olunmasına əsla dəlalət etmir. Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, əvvəla haqqında söhbət açdığımız ayə qanunverici deyil, xəbər xarakterini daşıyır və yeyilməsi haram olan ətlərin müəyyənləşdirilməsi ya həqiqidir və ya nisbi və hər iki halda ayənin nəsx olunması heç bir məna və məfhum kəsb etmir.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi