98. اعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
«Bilin ki, həqiqətən Allah şiddətli cəza verəndir və həqiqətən Allah bağışlayandır və rəhimdir.»
99. مَّا عَلَى الرَّسُولِ إِلاَّ الْبَلاَغُ وَاللّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ
"Peyğəmbər yalnız ilahi hökmləri bəyan etməlidir. Allah aşkarda və gizlində gördüyünüz işlərdən xəbərdardır.”
Əgər bu ayəni əvvəlki ayənin davamı bilsək, deyə bilərik ki, Kəbəni və haram ayları hörmətdən salmaq, qurbanlıq, həcc hökmləri ilə müxalifətçilik və həcci məqsədsiz güman etməyin ağır cəzası var. Kəbə və haram aylara hörmət, qurbanlıq və həcc əməllərini yerinə yetirmək ilahi bağışlanma və rəhmətlə nəticələnir. (Əlbəttə ki, bu ayəni müstəqil şəkildə də mənalandırmaq olar.)
1. Təşviq və hədə yanaşı olmalıdır. (İnsan qorxu və ümid arasında olmalıdır. O, Kəbənin hörmətini pozduğu üçün ümidini üzməməli, yaxşı işlərinə görə qürrələnməməlidir.)
2. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, yalnız dinin təbliğidir.
3. Xalqın yaxşı və ya pis münasibəti peyğəmbərə bir zərər vurmur.
4. İlahi elm əhatəli olduğundan Allah üçün işin gizlində və ya aşkarda görülməsinin fərqi yoxdur.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti