"Maidə” surəsi (29-30)
29. إِنِّي أُرِيدُ أَن تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ وَذَلِكَ جَزَاء الظَّالِمِينَ
"Həqiqətən, mən istəyirəm ki, sən mənim günahım və öz günahınla (Allaha tərəf) qayıdasan və cəhənnəm əhlindən olasan. Və budur zalımların cəzası!»
30. فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ
"Nəfsi (həsəddən doğan vəsvəsələrlə) qardaşını qətlə yetirməyi onun üçün asan və ram etdi. Onu öldürdü, nəticədə ziyankarlardan oldu.”
İmam Baqir (ə) "fətəvvəət ləhu nəfsuhu” ayəsini oxuduqdan sonra buyurdu: "İblis Qabilə dedi: "Sənin qurbanlığın rədd, qardaşın Habilin qurbanlığı isə qəbul olundu. Əgər sağ qalsa, tarix boyu onun nəsli sənin nəslin qarşısında öyünəcək ki, atalarının qurbanlığı qəbul olunub. Yaxşısı budur ki, onu öldürəsən ki, nəslin zillət çəkməsin.”
İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs bir mömini öldürsə, Allah öldürülənlərin bütün günahını qatilin hesabına yazar və öldürüləni günahdan pak edər.”
Ayənin mənası bu deyil ki, günahların bağışlanması ümidi ilə insan zalımın qarşısında sussun.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə oxuyuruq ki, hadisə Dəməşqdəki Qasiyun dağında baş vermişdir.
İmam Səccad (ə) buyurmuşdur: "İblis qətl üsulunu Qabilə öyrətdi.”
1. Öldürülənin günahları öldürənə keçir.
2. Döyüşdə zərərin məsuliyyəti döyüşə başlayanın öhdəsinə düşür.
3. Qardaş qətli cəhənnəmlik olmağa səbəbdir.
4. Məada etiqad yer üzündəki insanların ilkin əqidələrindəndir.
5. Qatil həm özünə, həm öldürdüyü şəxsə, həm öldürülənin ailəsinə, həm də cəmiyyətə zülm edir.
6. İnsanın nəfsi vəsvəsələr, təlqin və bəzək-düzəklə insanı aldadıb günaha çəkir.
7. Nəfs azğınlığı insandakı qardaşlıq hisslərini boğa bilər.
8. Pak insan fitrəti qətlilə uyğun deyil. Amma azğın nəfs bu işi gözəl göstərib, insanı qətlə sövq edir.
9. Bəşər tarixinin başlanğıcından haqla batil arasında döyüş olmuşdur.
10. Yer üzündə insan ölümü şəhadətlə başlamışdır.
11. Nəfs istəyinə tabeçilik zərərdir.
12. Qatil də daxilən vicdan əzabı çəkir. O, xalq tərəfindən məzəmmət olunur, qisas və ədalətdən yaxa qurtara bilmir, kam almaqdan məhrum qalır.
13. Müxalif üzərində qələbə bəzən başı ucalıq gətirmir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti