"Maidə” surəsi (27-28)
27: وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِن أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ
"(Ey peyğəmbər,) Adəmin iki oğlunun əhvalatını xalqa olduğu kimi oxu. O zaman ki, (onlardan hər biri) qurbanlıq gətirdi, birindən (Habildən) qəbul olundu, o birindən (Qabildən) qəbul olunmadı. (Qabil) dedi: "Səni hökmən öldürəcəyəm.” (Habil) dedi: "Allah yalnız təqvalılardan qəbul edir.”
Nöqtələr
"Olduğu kimi oxu” ifadəsində məqsəd bu ola bilər ki, bu macəra Tövratda təhrif olunmuşdur və Quranda deyilən həqiqidir.
Rəvayətdə deyilir ki, Habil heyvandar idi və özünün ən yaxşı qoyununu qurbanlığa gətirdi. Qabil isə əkinçi idi və öz məhsulunun ən pisini Allah yolunda infaq etdi. Quran buyurur: "Yalnız sevdiyindən infaq edən kəs xeyirə çatar.
İmam Sadiq (ə) buyurmuşdur: "Qabilin qatillik səbəbi Habilin qurbanlığının qəbul olmasına qarşı həsəd idi.”
1. İbrət üçün keçmişdəkilərin tarixini öyrənmək və araşdırmaq lazımdır.
2. Tarixə nəzər salarkən mühüm məsələləri araşdırmaq lazımdır. ("Nəbəə” mühüm xəbər deməkdir.)
3. Tarixi hadisələri əfsanələrdən fərqləndirmək lazımdır. (Habillə Qabilin qurbanlıq əhvalatı əfsanə deyil.)
4. Əsas məsələ qurbanlıq yox, Allahla yaxınlıqdır. Qurbanlığın nə olması əhəmiyyətli deyil. ("Qurbanən” sözü qeyri-müəyyən formada işlədilmişdir.)
5. Əməllərin qəbul və ya rədd olunmasında peyğəmbərin oğlu olmağın rolu yoxdur. Ona görə də Habildən qəbul olundu, Qabildən isə yox.
6. Bəşər tarixi ilə birlikdə qətl və qan tökmə tarixi başlamışdır.
7. Bəzən həsəd qardaş qırğınına da aparır.
8. Qətllə hədələyənə də məntiqi cavab verilməlidir.
9. Əməllərin qəbulu və ya rədd edilməsində amillər və xislətlərin rolu var.
10. Əməlin qəbul ölçüsü təqvadır. Bu işdə şəxsiyyət və işin çeşidinin rolu yoxdur.
11. Əməlin qəbul və ya rədd olunmasında yeganə fərq təqvadır.
28. لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَاْ بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لَأَقْتُلَكَ إِنِّي أَخَافُ اللّهَ رَبَّ الْعَالَمِينَ
"(Habil qardaşı Qabilə dedi:) «Əgər məni öldürmək üçün əlini uzatsan, mən heç vaxt səni öldürmək üçün əl uzatmayacağam. Çünki mən Allahdan, aləmlərin Rəbbindən qorxuram.»
Habil dedi: «Mən səni öldürmək fikrində deyiləm. Qatilə təslimçilik təqvaya uyğun gəlmədiyindən müdafiəsiz də durmayacağam.»
1. Həsədçil insanla rəftarda aram danışaq və bu yolla həsəd alovunu söndürək.
2. Nəhy əz münkər yollarından biri budur ki, qarşı tərəfi hər hansı təcavüzün olmayacağından əmin edək.
3. Zəiflik səbəbindən yox, Allah qorxusu səbəbindən öldürməmək dəyərlidir.
4. Təqva və Allah qorxusu ən həssas məqamlarda günah və müxalifçiliyin qarşısının alınması amilidir.
5. Allahdan qorxu Onun hərtərəfli rübubiyyətinə iman təzahürlərindəndir.
6. Aləm ilahi rübubiyyətin izhar məhəllidir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti