Təfsirdə bildirilir: Həmin iki şəxs Bəni-İsrailin on iki nüfuzlu şəxslərindən idi. Həmin iki şəxsin adı Tövratda «təsniyə» kitabında çəkilmişdir: Yuşə ibn Nun və Kalib ibn Yufna. İmam Baqir (ə) buyurmuşdur: "Bu iki şəxs həzrət Musanın əmioğlanları idilər.”
"Təfsire-Əl-mizan”da Əllamə Təbatəbainin bildirdiyinə görə, Quranda «nemət» sözü haqqında xüsusi qeyd yoxdursa, bu söz vilayət və nübuvvət nemətlərinə işarədir.”
1. Allah qorxusu ilahi lütf və nemətlərin əldə olunması üçün zəmindir.
2. Allahdan qorxan şəxs məsuliyyət hiss edir, peyğəmbərin göstərişlərinə itaəti vacib sayır və başqa qüdrətlər qarşısında təslim olmur.
3. Allah qorxusu şücaət, cürət və əməl zəminəsidir.
4. Allah qorxusu ilahi bir nemətdir.
5. Hücum gedişində döyüşçülərə ruhiyyə verilməlidir.
6. İlahi qorxu və təqva insana bəsirət, düzgün və aydın təhlil gücü verir.
7. Təvəkkül xalisanə və yalnız Allah üçün olmalıdır.
8. Əgər iman əhli meydana şücaətlə daxil olsa, azğınlar meydanı tərk edərlər.
9. Müvəffəqiyyətin əsas səbəbi maddi imkanlar yox, iman və təvəkkül, qətilik və cürətdir.
10. Təvəkkül kifayət etmir. İnsan həm də məqsədə doğru səy göstərməlidir.
11. Təvəkkül iman nişanəsi, çətin vəziyyətlərdə və qorxu olan yerdə qurtuluş yoludur.
12. Sizdən hərəkət, Allahdan bərəkət və qələbə.
13. Təvəkkül təkcə dildə olmur, imandan doğan ruhiyyə də lazımdır.
24. قَالُواْ يَا مُوسَى إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُواْ فِيهَا فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلا إِنَّا هَاهُنَا قَاعِدُونَ
"(Bəni-İsrail) dedi: "Ey Musa! Nə qədər ki, onlar (zalımlar) həmin şəhərdədir, biz heç vaxt oraya daxil olmayacağıq. Sən və sənin Allahın gedin (onlarla) döyüşün. Biz isə buradaca oturmuşuq.”
Həm Məkkə, həm də Beytül-müqəddəs müqəddəs yerlərdir. Musa öz qövmünə buyurdu: "Oraya daxil olun və düşmənlə döyüşün.” Amma onun qövmü bəhanə gətirib, Musanın əmrinə qarşı çıxdılar. Müsəlmanlar isə hicri səkkizinci ildə ümrə məqsədi ilə Peyğəmbərin (s) ardınca Məkkəyə yaxınlaşdılar. Əgər həzrət icazə versəydi, onlar şəhərə hücum edərdilər. Bu səfərdə Hüdəybiyyə sülhü baş verdi. Bəli, hər iki qövm müqəddəs şəhərin darvazasına çatmışdı. Amma onlardan biri qaçmaq, digəri hücum əzmində idi.
Düşmənlə mübarizədə Bəni-İsrailin süstlüyü o qədər məşhur idi ki, müsəlmanlar Bədr savaşından (hicri ikinci ildə) və Məkkəyə daxil olan zaman (hicri altıncı ildə) deyirdilər: "Biz Bəni-İsrail kimi deyilik ki, "buradaca oturmuşuq” deyək. Biz sənin əmrinlə döyüşə hazırıq.”
İlahi rəhbərlərin öz vəzifələrinin icrasındakı təlaşları yalnız xalq itaət etdikdə səmərəyə çatır.
1. Bəni-İsrail ədəbsizlik, bəhanəçilik, zəiflik və rifahtələblik nümunəsi idi. "Daxil olmayacağıq” təbiri onların Allah əmri qarşısındakı cəsarətlərindən danışır. "Heç vaxt” təbiri onların öz qərarlarında israrlı olduğunu göstərir. "Sən get” təbiri həzrət Musaya qarşı hörmətsizliyin nişanəsidir. "Sənin Allahın getsin” təbiri Bəni-İsrailin Allaha hörmətsizliyinin və iman zəifliyinin göstəricisidir. "Oturmuşuq” təbiri onların rifahtələblik və izzətpərəstlik göstəricisidir.
2. Xalq cəmiyyətin islahını təkcə Allahdan və ilahi rəhbərdən gözləməməli, özləri də çalışmalıdır.
3. Çalışmadan qələbəyə çatmaq arzusu düşüncəsizlikdir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti