"Ali-İmran” surəsi (175-176)
175. إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ
"Öz dostlarını (kafirlərin gücündən) qorxudan şeytandır. Əgər imanınız varsa, onlardan qorxmayın, yalnız Məndən qorxun.”
1. Müsəlmanların qorxu və ümidsizliyinə səbəb olan hər bir şayiə şeytandandır.
2. Qorxutma üsulu şeytani qüdrətlərin daimi siyasətidir.
3. Döyüş meydanındakı qorxaqlar şeytanın dostları və onun nüfuzu altında olanlardır.
4. Şücaətli möminlər şeytanın hakimiyyətindən uzaqdırlar.
5. Allah qorxusu Allaha itaət, Allahdan qeyrisindən qorxu isə Allaha itaətsizlik zəminəsidir.
6. Həqiqi mömin Allahdan qeyrisindən qorxmur və bilir ki, iman şücaətdən ayrı deyil.
176. وَلاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَن يَضُرُّواْ اللّهَ شَيْئاً يُرِيدُ اللّهُ أَلاَّ يَجْعَلَ لَهُمْ حَظًّا فِي الآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
«Ey peyğəmbər, küfrdə tələsənlər səni qəmgin etməsin. Onlar əsla Allaha bir zərər yetirə bilməzlər. Allah istəmişdir ki, qiyamətdə onların heç bir bəhrələri olmasın və onlar üçün böyük bir əzab vardır.»
Ühüd döyüşündə iştirak edənlər bir-birlərinə deyirdilər: «Bir halda ki, biz məğlub olduq və kafirlər qalib şəkildə Məkkəyə döndülər, nə olacaq? Ayə onlara cavab olaraq buyurur: "Narahat olmayın. Bu bir ilahi möhlətdir ki, onların küfrləri artsın və axirətdə heç bir bəhrələri olmasın.”»
1. Aramlığınızı hifz edin. İslamı məhv etmək yolunda kafirlərin göstərdiyi səylər səmərəsizdir.
2. İnsanların küfrü Allaha zərrəcə zərər toxundurmaz.
3. Küfr meydanında iştirak, insanı tövbə və mərhəmət əldə etmə imkanlarından məhrum qoyar.
4. Kafirlərə möhlət verilməsi ilahi qanundur. Bunu Allahın xəbərsizliyi və ya zəifliyi kimi yozmaq olmaz.
5. İnsanın axirətdə məhrumluq səbəbi onun dünyadakı əməllərinin nəticəsidir.
6. Allahın həm fəzli, həm də qəhr və qəzəbi böyükdür. (Əvvəlki iki ayədə cəbhəyə yola düşən yaralılara müjdə verilirdisə, bu ayədə kafirlərə böyük əzab vəd olunur.)
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti