"Ali-İmran” surəsi (165-166)
165. أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا قُلْ هُوَ مِنْ عِندِ أَنْفُسِكُمْ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
"Sizə bir müsibət üz verdikdə ki, düşmən onun iki qat artığına düçar oldu, (yenədəmi) dediniz ki, bu müsibət haradandır? De ki, bu, özünüzdəndir. Şübhəsiz, Allah hər bir işə qadirdir.”
Ühüddə yetmiş şəhid verib məğlub olan müsəlmanlar peyğəmbərdən soruşurdular ki, nə üçün məğlub olmuşuq? Allah Öz peyğəmbərinə xitabla buyurdu ki, onlara de: Siz ötən il düşmənə bundan iki qat artıq zərbə vurdunuz. Onlardan yetmişini öldürüb, yetmişini əsir götürdünüz. Bu ilki məğlubiyyətinizin səbəbi isə təfriqə, süstlük, rəhbərliyə itaətsizliyiniz oldu.
1. Mühakimə yürüdərkən həm uğurları, həm də uğursuzluqları nəzərə alın. Təkcə Ühüddəki məğlubiyyəti yox, həm də Bədrdəki qələbəni yada salın.
2. Məğlubiyyət amillərini araşdırdıqda ilk öncə batininizə, ruhunuza və düşüncənizə aid amilləri nəzərdən keçirin. Yalnız bundan sonra başqa səbəbləri araşdırmaq olar.
3. Allah hər şeyə qadirdir. Amma biz zəruri şərtlərin ödənməsinə və nemətdən faydalanma şəraitinə layiq olmalıyıq.
4. Elə zənn etməyin ki, qələbə üçün yalnız müsəlman olmaq kifayətdir. Uğursuzluğa görə «nə üçün» ,«niyə» - deyə soruşmayın. İmandan əlavə əqidə əsaslarına, hərbi qanunlara və ilahi qaydalara riayət etmək lazımdır.
166. وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ
"İki dəstənin qarşılaşdığı gün başınıza gələn hadisə Allahın izni ilə oldu ki, möminlər müəyyənləşdirilsin.”
Allah hər bir işin gerçəkləşməsi üçün səbəblər müəyyənləşdirmişdir. Hər bir məğlubiyyət və qələbənin dəlilləri var. Siz ona görə Ühüddə məğlub oldunuz ki, süstlük göstərdiniz, intizamı pozdunuz və qənimət toplamaq üçün hərislik göstərdiniz. Əvvəlki ayədə bildirilirdi ki, bunun səbəbkarı müsəlmanlar özləridir. Bu ayədə isə belə buyurulur: "Birlik və ya təfriqədə, ciddilik və ya süstlükdə hər bir seçiminiz ilahi iradə əsasındadır. Sizə seçim gücü verən Odur. Hansı yolu seçirsinizsə, ona uyğun nəticəyə çatırsınız.
1. Hər bir qələbə və uğursuzluq Allahın iradəsi əsasında gerçəkləşir və bu, Onun sünnəsidir.
2. Acı və şirin hadisələr sınaq və insanın tanınması meydanıdır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti