«Ey iman gətirənlər! Peyğəmbərlə [hər-hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin. Bu [əməl] sizin üçün [Allah yanında] daha xeyirli və daha pakdır. Əgər [sədəqə verməyə] bir şey tapmasanız [ürəyinizi sıxmayın]. Çünki, Allah bağışlayan və rəhm edəndir. (58/12)
«Məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzumu? Madam ki, siz [bunu] etmədiniz [sədəqə vermədiniz] və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb, zəkat verin. Allah və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!» (58/13).
Bir çox əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdə deyilir: Ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı kimsə ona əməl etmədi. O, bir dinarı xırdalayaraq on dirhəm etdi. Peyğəmbərlə (s) görüşmək istərkən bir dirhəm sədəqə verdi. Görüşlərin və etdikləri söhbətlərin sayı ona çatdıqda «Nəcva» ayəsi nazil oldu. Misal olaraq bir neçə rəvayətə işarə edirik.
1. İbni Babəveyh, Məhkula istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-möminin Əli (ə) buyurur: «Peyğəmbərin (s) səhabələrindən və hədis hafizlərindən elə bir şəxs yoxdur ki, mən onunla şərik olmadan hər hansı bir fəzilətə malik olmuş olsun və mənim fəzilətim onların hamısından daha üstündür. Lakin malik olduğum yetmiş fəzilətdə səhabələrdən heç birinin payı yoxdur. Və bu fəzilətlər yalnız mənə məxsusdur.
Məhkul deyir: Dedim, ya Əmirəl-möminin! Bizi bu fəzilətlərdən agah etməyinizi istərdik. Əli (ə) onların hamısını bir-bir sayıb 24-cüyə çatdıqda buyurdu: (İza nacəy tumur-rəsul – Peyğəmbər [hər hansı bir işə] məxfi danışmağa getməzdən...) ayəsi nazil olduqdan sonra bir dinarı, on dirhəm xırdalayaraq Peyğəmbərlə (s) hər görüşə getməzdən əvvəl bir dirhəm sədəqə verdim. And olsun Allaha! «Əəşfəqtum – məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl...» ayəsi nazil olmazdan əvvəl və sonra səhabələrdən heç biri bu işi görməmişdir.(Uyunl әxbar әr-Rza 13-cü fәsil.)
2. İbni Cərir Təbəri, Mücahidə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-möminin Əli (ə) buyurur: Quranda elə bir ayə vardır ki, kimsə məndən əvvəl ona əməl etməmişdir və məndən sonra da əməl etməyəcəkdir. Bir dinar pulu on dirhəmə xırdalayaraq hər dəfə Peyğəmbərin (s) görüşünə gələrkən bir dirhəm Allah yolunda sədəqə verdim. Sonra «İza nacəy tumur-rəsul» ayəsi nazil oldu və həmən ayəni nəsx etdi və bu ayəyə kimsə məndən əvvəl əməl etməmişdir.
3. Şovkani deyir: Əbdürrəzzaq, Əbd ibni Həmid, İbni Munzər, İbni Əbi Hatəm və İbni Mədəviyyə, Əli (ə)-dan nəql edərək deyirlər: Ayə nəsx oluncaya qədər kimsə məndən başqa ona əməl etmədi [və onun müddəti cəmi bir saat oldu – yəni ayə nazil olduqdan bir saat sonra növbəti ayə ilə nəsx olundu.] Əli (ə) burada Nəzva ayəsini nəzərdə tutur.
4. Səid ibni Mənsur, İbni Rahəviyyə, İbni Əbi Şəybə, Əbd ibni Həmid, İbni Munzər, İbni Əli Hatəm və İbni Mədəviyyə, Əli (ə)-dan nəql edərək deyirlər: Quranda elə bir ayə vardır ki, kimsə nə məndən əvvəl ona əməl etmiş, nə də məndən sonra əməl edəcəkdir. Və bu «İza nacəy tumur-rəsul» ayəsidir.
Sonra buyurur: Ayə nazil olarkən bir dinar pulum var idi. Mən onu on dirhəm xırdalayıb Peyğəmbər (s) görüşünə getməzdən əvvəl bir dirhəmini sədəqə verərdim. «Əəşfəqtum» ayəsi nazil olanadək kimsə bu ayəyə əməl etməmişdir.
Bu hədisi Hakim də öz kitabında nəql etmiş və səhih olduğuna işarə etmişdir.
PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR?
Bu ayə üç mühüm mətləbə dəlalət edir:
1. Peyğəmbərlə (s) görüşüb söhbət aparmazdan əvvəl, sədəqə qəlblərin mənən saflaşmasını və eyni zamanda Allaha iman gətirmiş hər bir müsəlmanın həm mənəvi, həm də maddi rifahının inkişafına səbəb olur.
2. Hökm yalnız maddi imkanı olan şəxslərə dəlalət edir. Yoxsul və imkansız təbəqəyə isə sədəqənin verilməsi heç də vacib deyildir. Çünki, Allah öz bəndələrinə qarşı mehriban və bağışlayandır.
Nəcva ayəsinin verdiyi hökm bundan ibarətdir. Hökmün mahiyyətinə diqqət yetirdikdə, onun nə qədər mənfəətli və müsbət xarakter daşıdığının şahidi oluruq. Çünki bir tərəfdən yoxsul təbəqəyə maddi yardım olunur, digər tərəfdən də səhabənin Peyğəmbərə (s) qarşı olan səmimiyyətləri daha da artır. Və Peyğəmbərə (s) olan yersiz müraciətlərə məhdudiyyət qoymuş olur. Çünki hökm sadir olmaqla günlərini Peyğəmbərlə (s) keçirmək istəyən və özlərinin yersiz sualları ilə onun vaxtını alan şəxslərin müraciətləri müəyyən qədər də olsun azalır. Və Peyğəmbərlə (s) dostluğu və ünsiyyətdə olmağı puldan, var-dövlətdən üstün tutan təqva sahiblərinə onunla daha çox görüşmək və mümkün qədər çox bəhrələnmək imkanını verir.
3. Bütün bunlarla yanaşı ayəni iman gətirmiş şəxslərin insani, əxlaqi və mənəvi dəyərlərini sınamaq üçün ən əlverişli bir vasitə hesab etmək olar. Çünki, Allah yolunda Peyğəmbərlə (s) ünsiyyətdə olmaq xatirinə yoxsullara sədəqə vermək, onların ruhi təkamülünə və imanlarının daha da güclənməsinə səbəb ola bilərdi.
Şübhəsiz ki, hökm müəyyən zamana deyil, bütün zamanlara dəlalət edir. Ayənin sınaq xarakteri daşıması ikinci, yəni on üçüncü ayədə özünü daha da bəlli edir. Belə ki, ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı əshab pula, var-dövlətə olduqları sonsuz əlaqəyə görə Peyğəmbərlə (s) görüşmək üçün sədəqə verməkdən imtina etmişlər.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi