Zinakar kişi və qadının evlənməsinə dair nazil olmuş ayənin nəsxi
«Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu [belə bir evlənmə] möminlərə haram edilmişdir.» (24/3).
Səid ibni Musəyb və alimlərin bir çoxu belə bir fikirdə olmuşlar ki, bu ayə həmən surənin 32-ci ayəsi ilə nəsx olunmuşdur.
Orada deyilir:
«[Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin.» (24/32).
Deyilir:
Birinci ayədə müşrik və zinakar istisna olmaqla, zinakar qadınlarla evlənməyin yasaq olduğu, ikinci ayədə isə nikah hökmü əməli saleh olub-olmamasından asılı olmayaraq bütün subay şəxslərə ümumilikdə şamil olunur.
Müəllif:
Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə «nikah» deyildikdə, evlənməyin nəzərdə tutulduğunu sübuta yetirmək lazımdır. Lakin belə mənanı sübuta yetirmək üçün heç bir dəlil yoxdur. Və əgər «nikah» deyildikdə evlənmək nəzərdə tutularsa, müsəlman zinakar kişinin, müşrik [kafir] qadınla, həmçinin müşrik kişinin zinakar müsəlman qadınla evlənməsi də qanuni olacaqdır. Çünki, ayədə zinakar kişinin yalnız zinakar və müşrik qadınla nikah edib evlənə biləcəyi göstərilir. Eyni qaydada zinakar qadın da yalnız zinakar və ya müşrik kişi ilə nikah edib evlənə bilər.
Bir halda ki, belə bir evlənmə islam nöqteyi-nəzərindən qeyri-qanuni və müsəlmanların adət-ənənələri ilə müvafiq deyildir.
Bu səbəbdən də deməliyik ki, ayədə «nikah» deyildikdə, istər qanuni olsun, istərsə də qeyri-qanuni, onun lüğəvi mənası, yəni «cinsi yaxınlıq» nəzərdə tutulur.
«La yənkihu – evlənməyin», cümləsi də heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq zinanın nə qədər qəbahətli iş olduğuna və insanların ondan çəkinmələrinə işarə olunur. Belə ki, zinakar kişi yalnız zinakar və kafir qadınla və zinakar qadın yalnız zinakar və kafir kişi ilə zina edər. Çünki mömin və əməli-saleh şəxslər zinanı özlərinə haram edər və belə bir qəbahətli işə yol verməzlər.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi