Döyüşdən fərarilik ayəsinin nəsxi
«Ey iman gətirənlər! Kafirlər bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!
[Düşməni aldatmaq məqsədilə yoldan özünü qaçan kimi göstərib] təkrar döyüş üçün bir tərəfə çəkilən və ya [kömək məqsədilə müsəlmanlardan ibarət] başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olur. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!» (8/15-16).
Bəzi müfəssirlərin fikrincə bu ayə həmən surənin 66-cı ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:
«[Ey möminlər!] İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə [kafirə], min kişi olsa, iki min nəfərə Allahın izni ilə qələbə çalar. Allah səbr edənlərlədir!» (8/66).
Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər: Ayədən belə bir qənaətə gəlmək olur ki, əgər müsəlmanların sayı kafirlərin yarısından az olarsa, döyüş meydanını tərk edə bilərlər. Göründüyü kimi birinci ayədə döyüş meydanında qaçmaq qətiyyətlə qadağan olunur, növbəti (66-cı) ayə nazil olmaqla hökm nəsx olunur və müsəlmanlara bir növ güzəştə gedilərək döyüş meydanını tərk etməyə icazə verilir.
Əta və İbni Reyhan ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəyə istinad etmişlər.
Cavab:
Gətirilən dəlil tamamilə əsassızdır və ayənin nəsx olunması ilə heç bir əlaqəsi yoxdur. Belə ki, döyüş meydanını tərk etmək yalnız o zaman haram ola bilər ki, müsəlmanların sayı, kafirlərin yarısından az olmasın. Onların sayı kafirlərin yarısından az olduqda isə, döyüş meydanını tərk etmələrinin qətiyyətlə haram olduğunu deyə bilmərik.
Bu səbəbdən də ayələrin birinin digərini nəsx etməsi üçün heç bir ziddiyyət yoxdur. Diqqət yetirsək görərik ki, bu iki ayə arasında sıx bağlılıq vardır və bu bağlılıq müharibə üçün böyük əhəmiyyət kəsb edən təbii qanunun əsasını qoyur. O da bundan ibarətdir ki, müsəlmanlar qələbəyə yaxın olduqlarını gördükdə son damla qanlarınadək mübarizə aparmalı və döyüş meydanını tərk etməməlidirlər. Kifayət qədər qüdrətə malik olmadıqda və məğlubiyyətin qəti olduğunu gördükdə isə, döyüş meydanını tərk etməyə bilərlər.
Lakin Əmr ibni Ömər, Əbu Hüreyrə, Əbu Səid, Əbu Nəzrə, Nafe Mövla ibni Ömər, Həsən Bəsri, Əkrəmə, Qətadə, Zeyd ibni Əbi Həbib və Zəhhakdan nəql olmuş rəvayətdə döyüş meydanının tərk olunmasına dair verilmiş yasaq hökmünün hamıya [və bütün dövrlərə] şamil olmadığı göstərilir. Onların fikrincə bu verilən yasaq hökmü «Bədr» döyüşündə iştirak edən döyüşçülərə aid olmuş və onlar ayə nazil olmaqla döyüşə sövq edilmişlər.
Əhli-sünnənin məşhur alimlərindən olan Əbu Hənifə də ayənin nəsx olunmasına dair irəli sürülmüş bu ayəyə istinad etmişdir.
Müəllif:
İrəli sürülmüş bu nəzəriyyə də digər ayələrin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyələr kimi bir neçə səbəbdən batil və tamamilə əsassızdır.
1. Ayə Bədr döyüşündən sonra nazil olmuşdur. Demək bu hökmü Bədr döyüşçülərinə aid etmək tamamilə əsassız olardı.
2. Hər hansı bir məsələyə dair verilən hökm müəyyən şəxslərə deyil, ümumi olaraq hamıya şamil olunur. Bu səbəbdən də fərariliyə dair verilən yasaq hökmü tək Bədr döyüşünə deyil, bütün dövrlərə şamildir.
Demək haqqında söhbət açdığımız ayədən üç nəzəriyyə əldə etmək olar:
1. Nəsx nəzəriyyəsi;
2. Ayənin Bədr döyüşünə aid olması;
3. Hər iki nəzəriyyənin batil və əsassız olduğunu.
Sonuncu nəzəriyyə bizim tərəfimizdən irəli sürülmüşdür. Bir qədər əvvəl qeyd etdik ki, ayənin məzmunu qəti məğlubiyyət istisna olmaqla, bütün döyüş meydanlarını tərk etməyə şamil olunur. Hökm indinin özündə də sabit və nəsx olunmamışdır. O ki qaldı ikinci ayəyə, döyüş meydanını yalnız çıxılmaz vəziyyətdə və məğlubiyyət qəti olduqda tərk etməyə icazə verir.
Şiə və əhli-sünnə alimlərinin bir çoxu ayənin nəsx olunmadığı haqda məhz bu fikirdədirlər və hər iki mənbələrdə nəql olmuş rəvayətlərdə bu nəzəriyyə bir daha sübuta yetirilir.
Belə ki, Koleyni, imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Böyük günahlar yeddi qismə bölünür: Mömin bir şəxsi bilərəkdən öldürmək, ismətli qadını zinakarlıqda ittiham etmək, döyüş meydanını tərk etmək, yetimin malını yemək [mənimsəmək], hicrət etdikdən sonra ərəblərin öz adət-ənənələrindən uzaq düşmələri və Allahın Quranda əzaba vədə verdiyi [yasaq etdiyi] hər bir şeylərə əməl etmək.
Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə deyir: Sizi fəlakətə sürükləyəcək yeddi günahdan uzaq olun. Peyğəmbərdən (s) onların hansı günahlar olduğunu soruşduqda buyurdu: Allaha şərik qoşmaq, sehr [cadugərlik] etmək, haqsız olaraq qan tökmək, yetimin malını yemək [mənimsəmək], döyüş meydanını tərk etmək və qadını zinakarlıqda ittiham etmək.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi