Şəfaət barəsində deyilmiş və ya deyilməsi mümkün olan iradlar aşağıdakılardan ibarətdir:
1. Şəfaət, ibadətdə tövhid məsələsinə ziddir və ona inam bəsləmək bir növ şirk hesab olunur. Əvvəldə qeyd etdik ki, bu, vəhhabilər tərəfindən irəli sürülən iraddır və şiələrin içərisində də onların fitnələrinə uyan bəzi şəxslərlə rastlaşmaq olur. (Çox maraqlıdır! Aralarında az-çox Nəhcül-bəlağədən danışılan, içərilərindən tövhid məsələlərini çox ali şəkildə araşdıran İbni Sina, Xacə Nəsrəddin Tusi və Molla Sədra kimi filosoflar çıxmış İran xalqlarının bəzi nümayəndələri tövhid dərslərini İbni Teymiyyə və Əbdülvəhhabdan öyrənmək istəyirlər?!)
2. Şəfaət təkcə ibadətdə tövhidlə deyil, hətta zati tövhidlə də ziddir. Çünki şəfaətə inam bəslənilməsi, şəfaət edənin rəhmət və şəfqətinin Allahın rəhmətindən geniş və çox hesab edilməsini tələb edir, ona görə ki, biz şəfaət edilməyəcəyi təqdirdə, Allahın şəfaət edilən şəxsə əzab verəcəyini fərz edirik.
3. Şəfaətə inam, günaha meyilli insanların günah etməyə cürətlənmələri və hətta onların günah etməyə təşviq edilmələrinə səbəb olur.
4. Qurani-kərim şəfaəti rədd edərək onun olması fikrini puça çıxarıb. Bu ilahi kitab qiyamət gününü belə təsvir edir: «Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş-iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!» (Bəqərə-48) (Bu surənin 123-cü ayəsinin məzmunu da bu ayə kimidir.)
5. Şəfaət, Quranın «İnsana ancaq öz əməli, öz zəhməti qalar» buyuruğu və eləcə də «hər bir kəsin xoşbəxtliyi onun öz əməlindən asılıdır» prinsipi ilə ziddir.
6. Şəfaətin düzlüyünə inanmaq bizim, Allahın şəfaət edənin təsiri altına düşməsinə və bununla da onun qəzəbinin rəhmətə çevrilməsinə inanmağımızı tələb edir, halbuki, Allah-taala təsir qəbul edən deyil. Onun halı dəyişməzdir və heç bir amil ona təsir göstərə bilməz. Dəyişkənlik ilahi zatın vacibliyinə ziddir.
7. Şəfaət bir növ istisna qail olmaq, ayrı-seçkilik salmaq və ədalətsizlikdir, halbuki, Allahın yaratdığı quruluşda ədalətsizlik ola bilməz. Başqa sözlə desək, şəfaət Allah qanununda istisnadır, halbuki Onun qanunları ümumi, dəyişməz və istisnasızdır. «Sən Allahın qoyduğu qayda-qanunlarda əsla dəyişiklik görməzsən».
Şəfaət məsələsi ilə ilahi ədalət arasında əlaqə yaradan bu iradlardır və həmin bəhsin bu kitabda irəli sürülməsinin səbəbi də odur.
İradın izahında bunu da demək lazımdır ki, şəfaətin bütün günahkarlar barəsində həyata keçməyəcəyi qətidir. Çünki, belə olmayan surətdə nə qanunun və nə də şəfaətin heç bir mənası olmaz. Şəfaətin təbiətində ayrı-seçkilik və istisnalar var. İrad da elə həmin nöqtədən yaranır ki, günahkarların iki qrupa bölünmələri və bir qrupun tanışı olduğu üçün cəzalanmaqdan canlarını qurtarmaları, digər qrupun isə tanışı olmadığı üçün cəza alması necə mümkündür?
Biz, qanunun tanışlıq və qohumbazlıqlar əlində giriftar olduğu insan cəmiyyətlərini fasid, geridə qalmış və ədalətsiz hesab edirik. İndi, ilahi quruluşda tanışbazlığın olmasına necə inana bilərik? Şəfaət olan cəmiyyətdə ədalət yoxdur.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri