“Bəqərə” surəsi (129-130)
129. رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولاً مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنتَ العَزِيزُ الحَكِيمُ
"Pərvərdigara! Onların arasında özlərindən bir peyğəmbər məbus et ki, Sənin ayələrini onlar üçün oxusun, onlara kitab və hikmət öyrətsin və (etiqadi, əxlaqi və əməli fəsadlardan) pak etsin. Həqiqətən, Sən Özün qadir və həkimsən.”
Bu ayədə həzrət İbrahimin digər bir duası yada salınır. Bu dua onun ruhunun fövqəladə əzəmətini, daxili eşq və ixlasını nəzərə çatdırır. Həzrət İbrahim özü böyük ilahi peyğəmbərlərdən olsa da, gələcək nəsli üçün dua edib, onların da arasından peyğəmbərlər çıxmasını istəyir. İslam Peyğəmbərinin (s) belə buyurduğu nəql olunmuşdur: "Mən atam İbrahimin dualarının nəticəsiyəm.
İbrahimin duasında təlim təzkiyədən (paklanmadan) qabaq gəlsə də, Allah bu duanın qəbulunda təzkiyəni təlimdən qabaq nəzrədə tutmuşdur. Bununla İbrahimə bildirilir ki, təzkiyə daha dəyərlidir və təlim növbəti mərhələdə dayanır. ("Bəqərə 258. )
1. Dahi rəhbərə ehtiyac cəmiyyətin ən əsas ehtiyaclarındandır. Əgər əsrlərcə əvvəl ilahi rəhbər istəyi ilə dua edilmişdisə, bu həmin məsələnin əhəmiyyətini, dəyərini və rolunu göstərir. Bəli, məsum və ilahi rəhbərin iştirakı olmadan Kəbə divarlarının qaldırılması bütxana tikilməsi kimidir.
2. Peyğəmbərlərin göndərilməsində məqsəd səmavi kitab əsasında xalqın təlim və təzkiyəsi olmuşdur.
3. Elm və bilik o zaman fayda verir ki, ayıqlıq, hikmət təzkiyə və təqva ilə yanaşı olmuş olsun.
130. وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَاهِيمَ إِلاَّ مَن سَفِهَ نَفْسَهُ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
"Özünü (aldadıb) ağılsızlıq edəndən savay kim İbrahimin ayinindən üz döndərər?! Həqiqətən, Biz onu bu dünyada seçdik və o, heç şübhəsiz, o biri aləmdə salehlərdəndir.”
Əvvəlki ayələrdə həzrət İbrahimin məqsədləri və şəxsiyyəti haqqında bəzi nöqtələr bəyan olundu. Bu ayə İbrahimin parlaq çöhrəsini və ayinlərini nəzərdə tutaraq soruşur ki, axmaqlardan başqa kim İbrahimin dinindən üz döndərər?! Həzrət İbrahimin ayinləri o qədər dəyərli idi ki, İslam Peyğəmbəri (s) İbrahim yolunu getməsi ilə fəxr edirdi. İbrahim məntiqdə kafir müxalifini heyrətdə qoyan bir şəxs idi.("Ənbiya”, 58. ) O, misilsiz şücaəti ilə bütün bütləri birdəfəyə qırıb tökür.("Şuəra”, 83. ) Quran onu həlim tanıtdırır və bildirir ki, İbrahim səbir və təvəkküldə nümunədir. O, oda atıldığı vaxt zərrəcə iztirab keçirmir. Onun səxavəti də misilsizdir. Öz qonaqları üçün kök bir dananı kəsib kabab bişirir. Allaha təslimçilikdə də İbrahim nümunədir. O, Allahın razılığı üçün öz körpəsini susuz-otsuz Məkkə biyabanında qoyur və həmin körpə yetkinlik yaşına çatdıqda yenə də Allahın əmri ilə bıçağı bu sevimli gəncin boğazına dirəyir. Bəli, insan yalnız öz ağlını aldatmaqla ilahi dindən üz döndərə bilər.
İbrahim öz duasında Allahdan salehlik istəyir.("Nisa”, 137. ) Allah onu duasını qəbul edərək buyurur: "İbrahim axirətdə salehlərdəndir.”
Bəşər nəsli üçün əmin-aman bir mərkəz, məsum rəhbər, firavan ruzi və təslim tövfiqi, tövbənin qəbulu, səadət yolu diləyən İbrahim yolunu buraxıb başqa bir yola üz tutanlar səfeh və nadandırlar!
Quran dilində həqiqəti görməməzliyə vurub naşükürlük edənlərə səfeh deyilir. Qiblənin dəyişməsi ilə bağlı yersiz bəhanələr gətirdiyi üçün Bəni-İsrail də səfeh adlandırılmışdır. Bir ayə ilə bağlı imamın belə buyurduğu nəql olunur: "Şərab içən səfehdir.” Bəli, şərabxor kəs faydalı və halal içkiləri qoyub, zərərli və haram içkilərdən istifadə edir. Haqq yolu qoyub, əyri yola üz tutanları başqa nə adlandırmaq olar?! Rəhbər və əqidə seçimində düzgün addım atanlar aqildir. Hədisdə oxuyuruq: "Ağıl odur ki, onun vasitəsi ilə Allaha ibadət olunsun. Əks təqdirdə (ağıl adlandırılan) şeytənətdir.
1. Səfeh o insandır ki, məntiqi, məktəbi, rəhbəri, doğru yolu görməməzliyə vurub, nəfs istəklərinin ardınca getsin.
2. Dindarlıq düşüncə, dindən uzaqlıq isə ağılsızlıqdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti