Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Zikrin və mənəvi görüşün əlamətləri
Əvvəldə deyildiyi kimi zikr, şühud və liqa batini bir məqam, həqiqi mənada mə”nəvi-ruhani bir təkamüldür. İnsan bu məqamda doğrudan da əvvəllər çatmadığı vücudi bir mərtəbəyə çatır. Əgər "şühud məqamı, onun gerçəkliyi və həqiqəti vardır”, həmçinin, "üns məqamı, riza məqamı, məhəbbət məqamı, şövq məqamı, vüsal məqamı, liqa məqamı məcazi məna deyildir, əksinə, həqiqəti vardır” deyilsə, deməli, qeyd olunan məqamların hər biri bir mərtəbə və həqiqi vücud dərəcəsidir və təbii olaraq, onunla yeni əsər və əlamətlərə malik olmalıdır ki, həmin kamalın varlığı onun əlamətlərinin mövcudluğu ilə tanınır.
Burada onun təsirlərindən bir neçəsini qeyd edirik.
1.Allaha itaət etməkdən ötrü öhdəçilik daşımaq.
Əgər bir şəxs o məqama çatsa və öz zatının batinində Allahı müşahidə etsə, özünü onun hüzurunda görsə, şübhəsiz ki, onun əmr və göstərişlərinə itaət edəcək, əmr etdiyi şeyləri yerinə yetirəcək, qadağan etdiyi şeyləri tərk edəcəkdir. Bir kəs o məqama çatıb-çatmadığını bilmək istəsə, gərək Allahın əmr və nəhyləri qarşısında nə qədər məsuliyyət hissi keçirdiyinə nəzər salsın. Bu halda həmin məsuliyyət hissinə əsasən həmin məqama nə dərəcədə yiyələndiyini müəyyən edə bilər. Mümkündür ki, insan şühud və üns məqamına çatsın, lakin, Mütəal Allahın əmr və nəhyləri qarşısında kamil şəkildə öhdəçilik daşımasın. İmam Cəfər Sadiq (ə) zikr barəsində belə buyurur: "Zikr bu mənadadır ki, Allahın əmr etdiyi bir şeylə qarşılaşdığın zaman onu yerinə yetirəsən, qadağan etdiyi bir şeylə qarşılaşdığın zaman isə ondan çəkinəsən.”("Biharul-ənvar”, 93-cü cild, səh.255)
İmam Hüseyn (ə) "Ərəfə” duasında belə deyir: "Ey o Allah ki, Səninlə ünsün şirinliyini Öz dostlarına dadızdırmısan. Onlar da öz növbəsində ibadət üçün Sənin müqabilində dayanır, Sənin qarşında müti olub Sənə sitayiş edirlər. Ey o kəs ki, heybət libasını Öz övliyalarına geyindirmisən ki, Sənin hüzurunda dayanıb istiğfar etsinlər.”
Allah-təala Quranda belə buyurur: "Onlara de: Əgər doğrudan da Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi özünə dost bilib sevsin.”("Ali İmran” surəsi, ayə:31)
İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs doğrudan da Allaha zikr edən olsa, Ona müti olacaqdır. Hər kəs də ki, qafil olsa günahkar olacaqdır.”("Biharul-ənvar”, 93-cü cild, səh.158)
2.Xüzu və bəndəlik.
Bir kəs Allahın əzəmət və mərhəmətini müşahidə etsə, şübhəsiz, Onun müqabilində müti olub onda xüzu halı formalaşacaq, öz qüsur və zəifliyindən xəcalət çəkib başını aşağı dikəcəkdir. İmam Cəfər Sadiq (ə) buyurur: "Sənin Allahın hüzurunda olmağını dərk etməyin sənin xüzu halında olub həya və xəcalət hissi keçirməyinə səbəb olacaqdır.”("Biharul-ənvar”, 93-cü cild, səh.158)
3.İbadətə eşq.
Şühud məqamına çatmağın əlamətlərindən biri ibadətə şiddətlə məhəbbət göstərmək və ondan ləzzət almaqdır. Çünki bir kəs Allahın əzəmət və qüdrətini dərk edib, özünü Pərvərdigari-aləmin əzəmət və kamal mənbəyinin müqabilində görsə, o zaman münacat, üns və raz-niyazın ləzzətini hər şeydən artıq sevəcəkdir. Mənəvi ləzzətlərdən məhrum olan bir şəxs məcazi və ötəri ləzzətlərə – həqiqətdə qəm-qüssənin dəf edilməsindən ibarət olan ləzzətlərə ürək bağlayır. Amma Pərvərdigarla münacat və Ona ibadət etməyin həqiqi ləzzətini dadan bir şəxs özünün bu gözəl vəziyyətini heç bir (maddi) ləzzətlə dəyişməz. Belə xalis bəndələr Allaha Onun savablarına göz dikib, cəzalandırılmasından qorxduqlarına görə deyil, məhz Onun pərəstişə layiq olduğuna görə ibadət edirlər.
Bu barədə Peyğəmbəri-Əkrəmin (s.ə.v.v), Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalibin (ə), imam Səccad (ə) və sair imamların (ə) ibadətlə əlaqədar keçirdikləri ruhi vəziyyətlər barədə müəyyən mətləbləri eşitmisiniz.
4.Aramlıq və xatircəmlik.
Dünya əzab-əziyyətə düşmək, qəm-qüssəyə düçar olmaq yeridir. Dünyanın çətinlikləri ümumiyyətlə üç qismə bölünür:
1.Müxtəlif müsibətlər, o cümlədən insanın özünün, qohum-əqrəbasının xəstələnməsi, özünün və ona aid olan şəxslərin ölməsi, başqalarının ona zülm etməsi, haqqını tapdalaması, yaramaz sözlər danışıb maneçilik törətməsi və s.
2.İnsanın bir daha əldə edə bilmədiyi dünyəvi işlərin əldən getməsi nəticəsində yaranan narahatçılıq və həsrət.
3.İxtiyarında olan şeylərin əldən verilməsindən qorxmaq. Məsələn, mal-dövlətin oğurlanıb tələf edilməsindən, müəyyən hadisələr nəticəsində əziz övladını əldən verməsindən, xəstələnəcəyindən, özünün öləcəyindən və s.-dən qorxması kimi. Bu kimi işlər əksər hallarda insanın asayişini və aramlığını əlindən alır. Hamısının da mənşəyi dünyaya məhəbbət bağlayıb Allahın zikrindən qafil olmaqdır. Quranda buyurulur: "Hər kəs Bizim zikrimizdən üz döndərsə ona məişət və yaşayışı çətinləşər.”("Taha” surəsi, ayə:111)
Amma bütün kamalların və xeyirlərin mənşəyinə çatan, sonsuz camal və kamalı müşahidə edən Allahın xalis bəndələri Onunla zikrdən və ünsiyyətdən sevinc hissi keçirir, heç bir qəm-qüssəyə düçar olmurlar. Allaha malik olduqlarından hər bir şeyləri vardır. Dünya və onun işlərinə ürək bağlamamışlar ki, onlar olmadıqda qəm-qüssədə, qorxuda olsunlar. Kamalların və xeyirlərin mənbəyinə ürək bağlamışlar ki, onda hər bir kamal vardır.
İmam Hüseyn (ə) "Ərəfə” duasında deyir: "Pərvərdigara, Səndən başqa şeyləri Öz övliyalarının qəlblərindən çıxardan yalnız Sənsən. Onlar Səndən başqa heç kəsi sevmir, Səndən başqasına pənah aparmırlar. Qorxulu hadisələr (hər tərəfdən) hücum edən zaman Sən onların həmdəmisən. Onlar üçün hasil olan mərifət də yalnız Sənin hidayətin nəticəsindədir. Səni tapmayan şəxs nəyi tapacaqdır? Səni tapan şəxs nəyi itirmiş olacaqdır? Bundan da böyük ziyankarlıq ola bilərmi ki, bir şəxs Sənin əvəzinə başqasını (mə”bud) seçsin?! Necə də bədbəxtdir, o kəs ki, Sənin əvəzinə başqasına müraciət edib! İnsan Səndən başqasına necə ümid bağlaya bilər. Halbuki, Sənin yaxşılıqların ondan kəsilmir? Öz hacətlərini Səndən başqasından necə istəyə bilər, halbuki, Sən Öz ehsan adətini dəyişdirməmisən!”("Ərəfə” duası)
Hər bir halda, üns məqamına çatmağın əlamətlərindən biri insanın qəlbən aramlığı, xatircəmliyidir. Ümumiyyətlə, Allahın zikrindən başqa heç bir şey həyatın təlatümlü bəlaları arasında insanın qəlbinə aramlıq bağışlaya bilməz. Allah-təala Quranda buyurur: "İman gətirənlər və qəlbləri Allahın zikri ilə aramlıq tapanlar... Agah olun ki, qəlblər yalnız Allahın zikri ilə aramlıq tapar.”("Rə”d” surəsi, ayə:27)
İnsan nə qədər güclü imana malik olsa, bir o qədər də artıq xatircəm olacaqdır.
5.Allahın bəndəyə diqqət yetirməsi.
Bəndə Allahı yad etdiyi zaman Mütəal Allah da qarşılıqlı olaraq Öz bəndəsini diqqət mərkəzində saxlayır. Bu mətləb ayə və rəvayətlərdən aydın olur. Allah-təala Quranda buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim.”(Bəqərə” surəsi, ayə:152)
İmam Cəfər Sadiq (ə) buyurur: "Mütəal Allah buyurur: «Ey Adəm övladı! Məni öz qəlbində yad et ki, (Mən də) səni yad edim. Ey Adəm övladı! Məni xəlvətdə yad et ki, Mən də səni xəlvətdə yad edim. Ey Adəm övladı! Məni cəmiyyət içində yad et ki, Mən də səni, sənin cəmiyyətindən də yaxşı olan bir cəmiyyətdə yad edim.» (İmam (ə) sonra əlavə etdi:) Hər hansı bəndə Allahı camaat arasında yad etsə, Allah da onu məlaikələrin arasında yad edər.”("Vəsailuş-şiə”, 4-cü cild, səh.118)
Allahın bəndəyə olan lütf, mərhəmət və diqqəti şərti və etibari bir iş deyil. Onun gerçəkliyi vardır və onu aşağıdakı iki yoldan biri ilə izah etmək olar:
1-Bəndə Allahı yad edir və bu yollarda Allahın rəhmətini qəbul etməyə hazır olur, Mütəal Allah da ona kamal əta edib dərəcəsini yüksəldir.
2-Zikr edən bəndə Allahı yad və Onun dərgahına doğru hərəkət edən zaman Allahın lütf və mərhəmətinə layiq görülür. Bu da onu daha yüksək mərtəbələrə cəzb edir, qəlbinin idarə olunmasını öhdəsinə alır.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Mütəal Allah buyurur: «Bəndəni Mənə diqqət yetirib Mənə məşğul olduğu halda gördükdə onu münacata, (Məndən) istəməyə məşğul edirəm. Bəzən ona qəflət baş vermək istədikdə onun (qəflətin) baş verməsinin qarşısını alıram. Bunlar da Mənim həqiqi övliyalarım, dostlarımdır. Bunlar həqiqi şücaətlilərdir. Əgər yer əhlini həlak etmək istəsəm, məhz onların bərəkətinə əzabı yer üzünün əhalisindən dəf edirəm.»”("Biharul-ənvar”, 93-cü cild, səh.162)
Allahın Onu zikr edən bəndəsinə diqqət yetirməsi zahiri bir iş deyildir. Əksinə, bunun həqiqəti vardır və yuxarıda qeyd olunan iki məsələ ilə izah olunur ki, əlbəttə, hər ikisinin də mövcud olması mümkündür.
6.Allahın bəndəyə məhəbbəti.
Zikrin əlamət və nəticələrindən biri Allahın (zikr edən) bəndəsini sevməsidir. Quran ayələrindən və hədislərdən məlum olur ki, bəndə Allahı yad edərkən, Onun və Peyğəmbərinin göstərişlərinə itaət edərkən Mütəal Allah da qarşılıqlı olaraq onu sevir. Quranda buyurulur: "Camaata de, əgər doğrudan da Allahı sevirsinizsə mənə itaət edin, Allah da sizi sevsin.”("Ali İmran” surəsi, ayə:31)
İmam Cəfər Sadiq (ə) Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) belə buyurduğunu nəql edir: "Hər kəs Allahı çox zikr etsə Allah tərəfindən məhəbbətə layiq görülər. Hər kəs də Allahı çox yad etsə onun əməl dəftərində belə yazılar: «Bu bəndə Cəhənnəm və nifaqdan azaddır.”("Vəsailuş-şiə”, 4-cü cild, səh.1181)
Allahın Öz bəndəsinə məhəbbət bəsləməsi nə etibari və nə şərti bir iş, nə də ki, insanın insana məhəbbət bəsləməsi kimi deyildir. İnsanın insana məhəbbəti qəlbi vurğunluq, bağlılıqdan ibarətdir və ona ehtiyacdan irəli gəlir. Lakin Allahın məhəbbət bəsləməsini bu cür mənalandırmaq düzgün deyildir.
Allahın bir bəndəni sevməsini belə izah etmək olar: O Öz bəndəsinə daha artıq lütf və mərhəmət göstərir, ibadət, diqqət və ixlas üçün müvəffəqiyyət verir, bununla da onu yüksək dərəcələrə, kamala doğru aparır. Bəndəsini çox istədiyinə, onun raz-niyaz səsini eşitmək istədiyinə görə onu namaz, zikr və münacata sövq edir. Onun Öz dərgahına yaxınlaşmasını istədiyi üçün onun üçün kamala yetmə vasitələri hazırlayır. Bir sözlə, Allah bəndəni sevdiyi üçün onun qəlbinin idarə olunmasını öz ixtiyarına keçirir. Onu qürb məqamına doğru daha yaxşı və daha sürətlə hərəkət etməkdən ötrü müyəssər edir.
7.Daha mühüm nəticələr.
Bu məqam sahibinə getdikcə elə yüksək və ali nəticələr, gözəl faydalar əta olunur ki, qələm onu yazmaqda, dil bəyan etməkdə acizdir və belə bir məqama çatanlardan başqa heç kim bunun həqiqi mənasını dərk edə bilməz.
Allah dərgahına seyr edənlər nəfsi aludəliklərdən təmizləməklə, batini saflaşma, Allaha ibadət, riyazət, təfəkkür və davamlı zikrlə elə bir məqama çatırlar ki, batini qulaq və göz vasitəsilə elə həqiqətləri müşahidə edib eşidirlər ki, onların zahiri göz və qulaqla eşidilməsi əsla mümkün deyildir. Onlar bəzən bütün varlıqların, hətta mələklərin belə, təsbih və təqdis səslərini eşidir, onlarla birlikdə təsbih deyirlər. Bu dünyada yaşadıqlarına, elə bu insanlarla qaynayıb-qarışdıqlarına baxmayaraq, batinlərində ən yüksək üfüqlərə nəzər salır, digər bir aləmdə yaşayırlar və sanki, ümumiyyətlə, bu dünyada deyillər. Onlar digər dünyada behişt və cəhənnəmi müşahidə edir, mələklərlə, saleh insanların ruhları ilə əlaqə yaradırlar. Tam başqa bir dünya ilə ünsiyyət yaradır, tamamilə başqa nemətlərdən faydalanırlar, lakin əksər hallarda bu barədə heç bir söz demirlər. Çünki, belə şəxslər əsl mətləbi gizlədir və camaat arasında məşhurlaşmaqdan ciddi şəkildə imtina edirlər.
Elm və ilahi mərifət arifin qəlbinə varid olur, o, adi elmlərdən olmayan kəşf və şühudlara malikdir. Allaha tərəf gedən yol elə bir məqama çatır ki, bütün əşyalardan, hətta, öz nəfsindən belə qafil olur. Allahın Özündən, adlarından və sifətlərindən başqa bir şeyə diqqət yetirmir. Vacibul-vücudun zatını hər bir yerdə hazır və nəzarətçi görür. O, buyurur: "Huvəl-əvvəlu vəl-axiru vəz-zahiru vəl-batin.” Əvvəl də, axır da, zahir də, batin də yalnız Odur. Arif bu dünyanı Allahın sifətlərinin, hər bir camal və kamal sifətlərinin təzahür yeri görür, sair varlıqların fəqir, Vacibul-vücudun isə mütləq şəkildə zəngin və ehtiyacsız olmasını əyani olaraq müşahidə edir. O, Vacibul-vucudun heç bir qeyd-şərt olmadığı, məhdudlanmadığı kamal və camalını müşahidə etməklə Onun nuruna qərq olur.
Qeyd olunmalıdır ki, fəna məqamının özü də müxtəlif dərəcə və məqamlara malikdir ki, bu bəndə (yəni, müəllif) onlara daxil olmaqdan məhrumdur.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |