
Sənsən, ya Rəbb...
Yeri, asimanı yoxdan var edən
Aşiqi məşuqa vəfadar edən
Sevən könülləri əzadar edən
Ağladan da Sənsən, güldürən də Sən
Can verən də Sənsən, öldürən də Sən.

Kimi fəqirliklə yetib izzətə
Kamalu ərkanə nəcib xislətə
Kimisi sahibdür vara, dövlətə
Qaldıran da Sənsən, endirən də Sən
Can verən də Sənsən, öldürən də Sən

Şəhadət kəlməsi dəyən dilləri
Var edən meşəni, dağı, gülləri
Qiyamət günündə gözü, əlləri
Əfv edən də Sənsən, dindirən də Sən
Ağladan da Sənsən, güldürən də Sən
Can verən də Sənsən, öldürən də Sən

Cahan bərqərardur ədalətinlə
Könüllər aramdır hidayətinlə
Xilqəti aləmi işarətinlə
Lütf edən də Sənsən, bildirən də Sən
Ağladan da Sənsən, güldürən də Sən
Can verən də Sənsən, öldürən də Sən

Təqvasız olmasın mənim bir anım
Təqvayi-eşqidir dinim, imanım
Günahkar bəndənəm, qoyma mən yanım
Rəhm edən də Sənsən, söndürən də Sən
Ağladan da Sənsən, güldürən də Sən
Can verən də Sənsən, öldürən də Sən

İzninlə dövr edir hüdudsuz fəza
Təqdiri hökmündür təqdiri qəza
Acizdir Qəmgüzar mədhini yaza
Atəşi gülzara döndərən də Sən
Ağladan da Sənsən, güldürən də Sən
Can verən də Sənsən, öldürən də Sən
