Nəsx nəzəriyyəsinin tərəfdarları belə təsəvvür edə bilərlər ki, sərxoşluq deyildikdə, yüngül və namazın qılınmasına azacıq da olsun xələl gətirməyən [yəni insan özünü idarə edə biləcək həddə] sərxoşluğun yüngül mərhələsi nəzərdə tutulur. Çünki belə olduğu bir halda onun üzərinə heç bir məsuliyyət düşməyəcək Allah da onu namaz qılmağa qadağan etmiş olsun. Demək sərxoşluq deyildikdə insanın öhdəsinə düşən məsuliyyətlərdən çəkindirməyəcək [nəzərdə tutduğu işləri həyata keçirməkdə mane olmayacaq] məstlik və sərxoşluq nəzərdə tutulur. Nisa surəsinin 43-cü ayəsində isə insana bu halda namaz qılmaq yasaq olunur. Bir halda ki, alimlərin bəzilərinin fikrincə bu şəxs namazdan uzaqlaşmamalı, əksinə üzərinə düşən bu dini [şəri] məsuliyyəti yerinə yetirməlidir. Bu səbəbdən də həmin dəstəmaz hökmü [ayəsi] ilə nəsx olunmuş və namazın ən başlıca şərti sərxoş olmamaq deyil, dəstəmazlı olduğu göstərilmişdir.
Cavab:
Ayə haqda belə bir təsəvvür olduqca əsassızdır. Çünki, ayənin özündə (Hətta tələmu ma təqulun – nə dediyini anlamayana qədər...) cümləsi ilə insanın heç nəyi dərk edə bilmədiyi sərxoşluq nəzərdə tutulur.
Ayədə sərxoş şəxslərin üzərinə düşən məsuliyyətin əql və şüursuzluqla heç bir ziddiyyəti yoxdur, çünki sərxoş halda insan namaz qılmağa qadir olmasa da, insan öz əməli ilə əql və şüurunu itirdiyi üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Yəni əvvəlcədən əqli çatışmamazlığa düçar olan şəxslərin üzərinə heç bir məsuliyyət düşməyir, insan özü buna səbəb olduqda isə məsuliyyətlər onun üzərindən götürülməyir.
Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, ayədə sərxoşluq deyildikdə, insanın öz əməli ilə əql və şüurunu itirib belə bir hala düşməsi nəzərdə tutulur. İnsan öz əməlləri ilə belə bir şəraitin yaranmasına səbəb olmamalı və belə bir qeyri-ixtiyari hala düşdükdə namaz qılmaqdan çəkinməlidir. Bu, Quranın sabit və nəsx olunmayan hökmlərindəndir. Allaha iman gətirmiş hər bir şəxs şərtsiz olaraq buna iman gətirmiş və əməli olaraq bunu həyata keçirməlidir.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi