Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi ilahi yolun yolçularına nəfsin tərbiyə və saflaşmasını öyrədən dəyərli “Əl-Muraqibat” kitabında yazır:Şeyx Müfidin yazdığına əsasən, bu gün (cəmadius-sani ayının iyirmisi) həzrət Fatimənin (ə) viladət günüdür. Şeyx Müfid yazır: “Besətdən iki il sonra cəmadius-sani ayının iyirmisində həzrət Zəhra (ə) dünyaya gəldi. Həmin gün möminlərin bu mövlud münasibətilə sevinməsi, xeyir işlər görməsi və sədəqə verməsi müstəhəbdir”.
Həzrət Fatimənin (s.ə) fəzilətləri
Bu günün ucalığı və əzizliyi onun sahibinin böyüklüyü və əzizliyi səviyyəsindədir. Bu gün Mütəal Allahın, müqərrəb mələklərin və Allahın dostlarının yanında çox əzizdir. Səhih rəvayətdə deyilir ki, Fatimə (ə) dünya qadınlarının, Məryəm (ə) isə öz zəmanəsinin qadınlarının xanımı idi. Beləliklə, onun Quranda doğruçuluğu təsdiq olunmuş həzrət Məryəmdən (ə) üstünlüyü sübuta yetir. Üstəlik, bəzi böyük alimlər həzrət Fatimənin (ə) bütün nəbi və mürsəllərdən üstün olmasına əmin olublar. Bu məsələnin özü həzrət üçün daha aydın fəzilətdir. Bir sıra mötəbər rəvayətlərə görə, bəzi fəzilətlər yalnız həzrət Fatiməyə (ə) məxsusdur. O cümlədən, Peyğəmbərin (s) vəfatından sonra Cəbrail ona dəyərli Müshəfi gətirmişdir və Əmir əl-möminin (ə) Cəbrailin gətirdiklərini yazmışdır. Bu Müshəf onun məsum övladlarının (ə) yanında əmanət olaraq qalmışdır. İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə Fatimənin (ə) Müshəfində keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hadisələr mövcuddur.
Xülasə, onun fəzilətləri barədə şiə və qeyri-şiə hədisçilərindən çoxlu rəvayətlər nəql olunmuşdur. Onları toplasaq, neçə cildlik böyük bir kitab yaranar. Bu müxtəsər mövzuya sığmadığı üçün bundan artıq qeyd edə bilmədik. Qulağı ilə eşitdiklərini buraxıb, ağlını özünə rəhbər seçən və dəlil-sübutlara araşdıran hər bir kəsə bu qədər bəs edər.
Həzrət Fatimənin (ə) öz dostlarına və övladlarının dostlarına, hətta dostlarının dostlarına şəfaət edəcəyindən başqa bir fəziləti olmasaydı belə, yalnız bu fəzilət onun haqqını dəyərləndirmək və şiənin onun mövludunu öz gücü səviyyəsində uca tutması üçün kifayət edərdi. Bəndə bu əməlləri yerinə yetirdikdən sonra öz nöqsanlarına etiraf etməlidir. Çünki bəzən bir haqqı yerinə yetirmək üçün görülən işlərdə nə qədər mükəmməl olsa da yenə bəzi haqları layiqincə yerinə yetirmək mümkün deyil.
Həzrət Fatimənin (s.ə) mövlud gününün mühüm əməlləri
Həzrət Fatimənin (ə) viladəti günü o xanımı ziyarət etmək, ona salam və salavat oxumaq, ona zülm edənlərə lənət oxumaq bəyənilən ən önəmli əməllərdəndir. Sonra isə mömin öz gününü həmin gün kimi başa vurur.
Qaynaq: “Əl-Muraqibat”, səh. 101-102.
Çevirdi: Seyid Zahir