Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
Məs’ulun (Sorğu-suala tutulanlar) ayəsi
“Saffat” surəsinin 24-cü ayəsində buyurulur ki, qiyamət günü zalımlar haqqında əzab mələklərinə belə xitab olunar:
وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ
“Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar!”
Qiyamətdə onların hansı məsələ haqda sorğu-suala tutulacağı barədə təfsirçilər arasında fikir ayrılığı var; bə’ziləri onların dünyadakı bid’ətlərinə, bə’ziləri çirkin işlərinə, bə’ziləri də Allahın yeganəliyini inkar etdiklərinə görə sorğuya çəkiləcəyini bildirmişlər.
Əlbəttə, ayənin mətnində bütün bu mə’nalar nəzərdə tutula bilər. Lakin bir çox rəvayətlərdə onların Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-suala çəkiləcəyindən söz açılır. Bu rəvayətlər İslam mənbələrində qeyd olunmuşdur. “Şəvahidut-tənzil” kitabında iki sənədlə Əbu Səid Xudridən nəql edilən rəvayətdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu yazılır: “Əli ibn Əbi Talibin vilayəti barədə soruşacaqlar!”
Başqa bir hədisdə Səid ibn Cübeyr, İbn Abbasdan belə nəql edir: Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:
اِذا كانَ يَوْمَ الْقِيامَةِ اُوقَفُ اَنَا وَ عَلِىٌّ عَلَى الصِّراطِ فَما يَمُرُّ بِنا اَحَدٌ اِلاّ سَئَلْناهُ عَنْ وَلايَةِ عَلِىٍّ، فَمَنْ كانَتْ مَعَهُ، وَاِلاّ اَلْقَيْناهُ فِى النَارِ! وَذالِكَ قَوْلُهُ وَقِفُوهُمْ اِنَّهُمْ مَسْؤُلُونَ:
“Qiyamət günü mən və Əli “Sirat” körpüsünün üstündə duracağıq və bizim yanımızdan keçən hər kəsdən Əlinin vilayəti haqqında soruşacağıq. Kim bəraət alsa, Siratdan keçəcək, bəraət
almayanı cəhənnəmə atacağıq! “Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar” ayəsinin mə’nası məhz budur!”
Hakim Həskani həmin kitabda bu hədisi başqa sənədlərlə də nəql etmişdir.
İbn Həcər də “Əs-səvaiq” kitabında onu Əbu Səid Xudridən nəql etmişdir.
Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Əbu Səid Xudridən belə nəql edir: “Qiyamət günü Əli ibn Əbi Talibin (ə) barəsində sorğu-sual olunacaqlar.”
Bu hədisi öz əsərlərində nəql edən digər alimlərdən “Kəşfül-ğümmə” kitabının müəllifi İzzəddin Hənbəlini, “Ruhul-məani” təfsirinin müəllifi Alusini, “Ət-təzkirətul-xəvass” kitabının müəllifi Sibt ibn Cövzini, “Kifayətul-xisam” kitabının müəllifi Əbu Nəim İsfahanini və “Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Qunduzini misal göstərmək olar. Əlbəttə, digər alimlər də onu nəql etmişlər. Biz onların mühümlərinin adını çəkdik. Burada diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bə’zisində imam Əlinin (ə) vilayəti ilə yanaşı Əhli-beytin vilayətinə işarə edilmişdir. Ən əhəmiyyətlisi isə qeyd edilən bütün rəvayətlərin əhli-sünnənin mühüm mənbə və kitablarında məşhur ravilərdən nəql olunmasıdır. Bununla belə, Alusi qeyd olunan rəvayəti nəql etdikdən sonra yazır: “Bə’zi imamiyyə şiələrinin İbn Cübeyr və İbn Abbasdan nəql etdikləri hədislərdə qiyamətdə Əlinin (ə) vilayətindən soruşulacağı deyilir. Onlar bu rəvayəti həm də Əbu Səid Xudridən nəql etmişlər.”
Təəssüf ki, bu alimlər digər xəlifələrin də vilayətini özlərindən ona əlavə etmişlər!!!
Təəssübkeş təfsir alimi elə fikirləşir ki, imam Əlinin (ə) fəzilətləri ilə bağlı nəql olunan hər bir hədisin ravisi şiədir. Onun əqidəsi hətta əhli-sünnə mənbələrində geniş nəql olunan bu hədisləri qəbul etməyə yol vermir. Amma o bilməli idi ki, sözləri və fikirləri gələcəkdə təhlil olunacaq və aydınlaşacaq ki, bu hədislərin raviləri şiə yox, adətən əhli-sünnə olmuşdur.
Ümumiyyətlə, bu hədislərdə, eləcə də bəhs etdiyimiz ayədə insanların qiyamət günü yalnız imam Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-sual olunacağı bildirilmir. Həmin gün bütün əməllər, ne’mətlər və məs’uliyyətlər soruşulasıdır. Amma qiyamətdə sorğu-sual olunacaq ən mühüm məsələlərdən biri də o həzrətin vilayətidir. Şübhəsiz, burada vilayət dedikdə bir mö’minin başqaları ilə sadəcə dostluğu nəzərdə tutulmur. Çünki bu dostluq fürui-dindən və dinin adi məsələlərindən sayılır. Məqsəd böyük əhəmiyyət daşıyan, İslamın əsaslarından sayılan canişinlikdir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra rəhbərlik məqamı və ilahi xilafətdən başqa bir şey deyil! Bəli, Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti İslamın ən mühüm əsası və imanın ən mühüm şərti olaraq, qiyamətdə soruşulacaq ilk suallardandır. Əlbəttə, biz müxaliflərdən başqa münasibət gözləmirik. Ədavətli düşmənlər həmişə o həzrətə qarşı çıxmış, fəzilətlərini inkar etmişlər. İndinin özündə də bu iş davam edir. Bə’zən dostlar belə, düşmənin işkəncələrindən qorxaraq, bu fəzilətləri gizli saxlayırlar. Amma imam Əlinin (ə) fəzilətləri bütün hədis kitablarında sadalanır və onun misilsiz şəxsiyyəti Qur’ani-kərimdə əks olunur! Burada da bəhsimizi bir çox İslam mənbələrində İbn Abbasdan nəql olunan məşhur bir hədislə sona yetiririk. O deyir: “Qur’ani-kərimdə “Ya əyyuhəl-ləzinə amənu!” (Ey iman gətirənlər) ifadəsi ilə başlayan hər bir ayənin kamil nümunəsi – mö’minlərin sərvəri, ağası və əmiri Əlidir. Peyğəmbəri-əkrəmin (s) səhabələri içərisində Qur’ani-kərimdə danlanmayan yalnız Əli ibn Əbi Talib olmuşdur. Allahın kitabında Əli (ə) (onun fəzilətləri) haqda nazil olanlar kimsə barəsində deyilməmişdir... Qur’ani-kərimin üç yüz ayəsi Əli (ə) haqda nazil olmuşdur!”
Bu hədisi, xüsusilə onun əvvəlini bir çox alimlər nəql etmişlər. O cümlədən Əbu Nəim İsfahani (“Hilyətül-övliya”da), Muhibbuddin Təbəri (“Zəxairul-uqba”da), Əllamə Gənci Şafei (“Kifayətut-talib”də), Sibt ibn Cövzi (“Ət-təzkirətul-xəvass”da), Şəblənci (“Nurul-əbsar”da), Heysəmi (“Əs-səvaiq”də), Süyuti (“Tarixul-xüləfa”da) və Qunduzi (“Yənabiul-məvəddət”də).
Bəli, bu ayələr Qur’ani-kərimdə imam Əli (ə) haqda nazil olan ayələrin yalnız bir qismidir.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |