Quranın ifadə tərzi ilə natiqlərin çıxış üslubu arasında olan fərq
8-ci irad:
Onlar deyirlər:
Quranın bəyan tərzi ilə, mahir ədib və şer ustalarının üslubu tamamilə fərqli və ziddiyyətlidir. Belə ki, surələrdə bir neçə mövzuya və bir-biri ilə əlaqəsi olmayan mətləblərə toxunulduğunun şahidi oluruq. Məsələn, hər hansı bir tarixi mövzu haqda söhbət açıldığı zaman dərhal əxlaq, alış-veriş və ya digər mövzulara da toxunulur. Əgər Quranda hər bir mövzu üçün ayrıca fəsil ayrılsaydı, daha yaxşı olardı.
Cavab:
Quran, bəşəriyyəti haqq-ədalətə hidayət etmək və onları dünya və axirət səadətinə qovuşdurmaq üçün nazil olmuşdur. Quran fiqhi, tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq və fəsillər ayrılmamışdır.
Şübhəsiz, Quranın bəyan etmə üslubu digər üslublardan daha qənaətbəxş olduğu üçün, nəzərdə tutulan mövzunu oxuculara daha tez çatdırır. Quran surələrindən hər birini mütaliə etdikdə yaradılış, məad, əxlaq və keçmiş qövmlərin tarixi haqda dəyərli məlumatlar əldə etməklə yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır, kamil insana xas olan əxlaq normaları və dinin bir çox şəri məsələləri ilə yaxından tanışlıq hasil olur.
Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində istər fəsahət və bəlağət, istərsə də ümumi məna baxımından heç bir nizamsızlıq müşahidə etmirik.
Əgər Quran ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və oxucu üçün bir o qədər də faydalı olmazdı. Belə ki, hər hansı bir mövzunu mütaliə edən oxucu, Quranın digər müqəddəs hədəflərindən xəbərsiz qalar və nəticədə ən başlıca məqsədə, yəni kamala çatmaqdan məhrum olardı.
Qurana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi mətnlərdən fərqləndirir və ona xüsusi yaraşıq verir.
Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk etmək üçün daşürəkli, təəssübkeş insanların gözlərini kor, qulaqlarını isə kar etmişdir.
Əgər Quran ayrı-ayrı fəsillərə bölünsəydi başqa bir ciddi çatışmamazlıqla qarşılaşardı. O da Quranda bir neçə dəfə təkrar olunan keçmiş peyğəmbərlərin əhvalatı və tarixi əhəmiyyət kəsb edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni fəsildə nəql olunsaydı, Quran öz təravət və cazibədarlığını itirər və belə olduqda təkrar heç bir məna kəsb etməzdi.
9-cu irad:
«Husnul iycaz» kitabının müəllifi deyir: Quranda istifadə olunan oxşar ifadələrin yerini dəyişdirməklə, Quran kimi ikinci bir kitab yazmaq heç də çətin deyildir. O, öz iddiasını isbat etmək üçün Quranın müxtəlif yerlərindən cümlələr toplamış və bununla da fəsahət və bəlağət elmlərinə dair olan məlumat səviyyəsinin hansı dərəcədə olduğunu çatdırmaq istəmişdir.
Cavab:
Bir qədər sonra müəllifin Quranla mübarizə tədbirində istifadə etdiyi ifadələrə və onun zəif nöqtələrinə işarə edəcəyik. Biz «Nəfəhətul ecaz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi