“Bəlağ” ayəsi Həzrət Əlinin (ə) canişinliyinə dəlildir
Sual: “Bəlağ” ayəsi (“Maidə” 68) İmam Əlinin (əleyhis-salam) canişinliyinə dəlalət edirmi?
Ətraflı cavab: Sözü gedən ayədə yalnız peyğəmbərə xitab olunur və yalnız onun vəzifəsinə aydınlıq gətirilir. Ayə “Ey peyğəmbər” xitabı ilə başlayır. Ayədə təkidlə əmr olunur ki, pərvərdigar tərəfindən ona nazil olanları insanlara bəyan etsin.
Ayədə deyilir: Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı tam şəkildə insanlara çatdır!
Daha sonra təkidi artırmaq üçün ona xəbərdarlıq edilir: Əgər boyun qaçırsan, sanki Allahın tapşırığını (peyğəmbərliyi) yerinə yetirməmisən.
Daha sonra isə peyğəmbərə (sallallahu əleyhi və alih) (sanki o, hansısa hadisədən çəkinir və nigaranlıq keçirirdi) təskinlik verilir:
وَ اللّهُ یَعْصِمُکَ مِنَ النّاسِ
Bu tapşırığı yerinə yetirmək üçün insanlardan qorxub çəkinmə. Allah səni insanlardan (onların təhlükəsindən) qoruyacaq.
Sonda isə bu İlahi tapşırığı inkar edənlərə və inadkarlıq üzündən onu rədd edənlərə xəbərdarlıq edilir:
اِنَّ اللّهَ لایَهْدِی الْقَوْمَ الْکافِرینَ
Şübhəsiz, Allah inadkar kafirləri hidayət etməz.
Ayədəki cümlələrinin quruluşu, xüsusi deyim tərzi və ardıcıl təkidləri, eləcə də ayənin “Ya eyyuhəl-rəsul” (Ey peyğəmbər) xitabı ilə başlanması (Quranda yalnız iki dəfə bu xitab tərzindən istifadə olunmuşdur) göstərir ki, ayədə son dərəcə əhəmiyyətli bir hadisədən söhbət gedir. Bundan əlavə, ayədə peyğəmbərə (sallallahu əleyhi və alih) xəbərdarlıq edilir ki, bu tapşırığı yerinə yetirməzsə, sanki peyğəmbərliyi yerinə yetirməmişdir. Bu formada təhdid yalnız bu ayəyə məxsusdur. Demək sözü gedən məsələ o qədər əhəmiyyətlidir ki, onu insanlara çatdırmamaq peyğəmbərliyi çatdırmamaqla bərabər tutulur.
Demək, bu məsələnin kəskin müxalifləri var idi və peyğəmbər (sallallahu əleyhi və alih) onların etirazından nigarançılıq keçirirdi. Onların etirazı İslam və müsəlmanlar üçün problemlər yarada bilərdi. Bu üzdən Allah-taala onu qoruyacağını vəd edir.
İndi belə bir sual meydana çıxır: Sözü gedən surənin nazil olduğu tarixi (yəni, peyğəmbərin ömrünün son illərini) nəzərə alaraq soruşmaq olar ki, bu hansı mühüm vəzifə idi ki, Allah-taala peyğəmbərə (sallallahu əleyhi və alih) bu qədər təkidlə onu yerinə yetirməyi əmr edir?
Bu vəzifə tovhid, şirk və bütpərəstliklə bağlı idi? Axı adı çəkilən məsələlər artıq illər öncə peyğəmbər və müsəlmanlar üçün həllini tapmışdı.
Bu vəzifə şəriət hökmlərinə və yaxud İslam qaydalarına aid idi? Sözsüz ki, onların ən əhəmiyyətli hissəsi o günə kimi bəyan olunmuşdu.
Bu vəzifə əhli-kitaba, yəhudilər və xristianlara qarşı mübarizə aparmaq haqqında idi? Bilirik ki, Bəni Nəzir, Bəni Qureyzə, Bəni Qeynqa, Xeybər, Fədək və Nəcran hadisələrindən sonra əhli-kitab məsələsi müsəlmanlar üçün problem sayılmırdı.
Bəlkə bu vəzifə münafiqlərlə bağlı idi? Məkkə fəthindən sonra müsəlmanların Ərəbistan yarımadasında hakimiyyəti ələ keçirməsi ilə münafiqlər ictimaiyyət səhnəsindən qovulmuşdular. Onların qüvvələri darmadağın edilmişdir. Nə vardısa, ürəklərində qalmışdı.
Doğrudan hansı məsələ peyğəmbərin (sallallahu əleyhi və alih) ömrünün son illərində onu bu qədər narahat edə bilərdi ki, yuxarıdakı ayə onun haqqında bu qədər təkid edir?
Bu da bir həqiqətdir ki, peyğəmbərin öz canından qorxusu yox idi. Bu qorxu münafiqlərin ehtimal edilən etiraz və xəyanətlərindən irəli gəlirdi. Bu xəyanətin müsəlmanlar üçün təhlükəli ziyanları ola bilərdi. Bu üzdən:
Bu məsələ peyğəmbərin (sallallahu əleyhi və alih) canişinliyinin təyin olunması, İslam və müsəlmanların gələcək taleyi məsələsindən başqa bir şey ola bilərdimi? (“Təfsiri nümunə” c.5, səh. 13.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı