Quran
Allah-Taala müxtəlif ayələrdə Qur’anı «zikr» adlandırır: «Şübhəsiz ki, zikri (Qur’anı) Biz nazil etdik və Biz də onu hifz edəcəyik». Qur’ani-Kərim öz maarif, əhkam və göstərişləri vasitəsi ilə insanın dünya və axirət səadətini tə’min edir. Qur’an həyat kitabıdır və insanın hidayət nöqteyi-nəzərindən ehtiyaclı olduğu bütün məsələlər bu İlahi Kitabda işıqlandırılmışdır. Qur’an insanı ən e’tibarlı yola yönəldir və İlahi ayələrə əməl edənləri böyük mükafatla müjdələyir. Qur’ana dərin diqqət, onun ayələri haqqında düşüncə cəhalət xəstəliyinin dərmanıdır.
Qur’anın göstərişlərinə əsasən, yaxşıya əməl edib, pisdən çəkinmək Allaha yaxınlığın səbəbidir. Qur’ana əməl edən insan gözəlliklərlə bəzənir, çirkinliklərdən paklanır. Keçmişə aid biliklər və gələcəyə aid xəbərdarlıqlar dərdlərin dərmanı və ictimai nizamın əsasıdır. Həzrət Peyğəmbər (s) Qur’an vasitəsi ilə ən alçaq kütləni ən üstün cəmiyyət məqamına qaldırdı. Cahil ərəb və azğın əcəm cəhənnəmdən qurtulub əbədi səadətə üz tutdu.
İslam Peyğəmbəri (s) buyurur: «Fitnələr qaranlıq gecə tək sizə çətinlik yaratdığı vaxt Qur’ana üz tutun. Çünki Qur’an, şəfaəti qəbul olunan şəfaətçidir. Şikayəti qəbul olunan şikayətçi də Qur’andır. Qur’an onu özünə rəhbər tutanı behiştə ona arxa çevirəni cəhənnəmə aparar». İmam Səccad (ə) buyurur: «Şərq və qərb arasında olan bütün insanlar ölərlərsə Qur’an mənimlə olsa (tənhalıqdan) qorxmaram». Bəli, tövhid ayələri vücuduna hopmuş, Allahı bəsirət gözü ilə müşahidə etmiş, əzəli və əbədi məhbubu ilə ünsiyyət bağlamış, əxlaq ayələri daxilini işıqlandırmış İmam Səccad (ə) üçün tənhalığın nə qorxusu?! O Həzrət (ə) buyurur: «Qur’an ayələrində xəzinələr var. Bu xəzinələr açıldığı zaman orada olanları düşüncə ilə nəzərdən keçirmək yaxşıdır».
Qur’an ayələrini düşünən, bu ayələrin ilahi mə’nalarını anlayan və əməl edən, zahirini və batinini Qur’anla tənzimləyən, mə’buduna doğru hərəkət edən insan qəlb gözü ilə Onun camalının tamaşasından doymur.
Bəsirət gözündə olarsa işıq
Haqqın camalını bilər yaraşıq.
Taleh gülsə sənə salsa bir nəzər
Bu nəzər saralmış ömrünü bəzər.
Ondan gözlərini qaçırsan əgər
Labüddür olasan bir dəli kafər.
Onun qəzəbindən bal zəhər dadar,
Rəhmiylə hənzəl də şirinlik tapar. (Hənzəl-acı meyvə)
Bu odlu sinədən ucala fəryad
O qadir mə’buddan istəyə imdad.
İnan ki, sübh səhər edilən dua
Sözsüz ki, tezliklə qılacaq dəva.
Qəflət bəlasından qurtula bilməz
Həqiqət haqqında düşünməyən kəs.
Qəflət bir bəladır tiyəsi qanlı,
Xilas olar yalnız doğru imanlı.
Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
Müəllif: Hüseyn Ənsarian