"Peyğəmbər (s) və möminlərə Allahın tövbəsi” dedikdə, nə nəzərdə tutulur?
Sual: "Peyğəmbər (s) və möminlərə Allahın tövbəsi” dedikdə, nə nəzərdə tutulur?
Ətraflı cavab: "Tövbə" surəsinin 117-ci ayəsində oxuyuruq:
«لَقَدْ تابَ اللّهُ عَلَى النَّبِیِّ وَ الْمُهاجِرینَ وَ الاَنْصارِ الَّذینَ اتَّبَعُوهُ فی ساعَهِ الْعُسْرَه».
"Allah peyğəmbərə və çətinlik zamanı ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin dönük çıxmağa yaxın olmasından sonra, onlara nəzər yetirdi və onların tövbəsini qəbul etdi.”
Şübhəsiz, Peyğəmbər (s) məsumdur və günahı yoxdur ki, tövbə də etsin və Allah da onun tövbəsini qəbul etsin. Amma əhli-sünnə təfsirçilərinin bir qrupu yuxarıdakı ayənin təfsirində Peyğəmbərin (s) "Təbuk” macərasında günaha mürtəkib olmasını yazırlar. Bu və Quranın digər ayələrinə diqqət etdikdə, onların bu təfsirinin yalan olduğu üzə çıxır, çünki ilk növbədə Allahın tövbəsi "Onun rəhmətinin qayıtması və bəndələrinə diqqət etməsi" mənasındadır. Onun məfhumunda günah və ya büdrəmə yoxdur. "Nisa" surəsində dinin hökm və maarifini bəyan etdikdən sonra Allah buyurur:
«یُریدُ اللّهُ لِیُبَیِّنَ لَکُمْ وَ یَهْدِیَکُمْ سُنَنَ الَّذینَ مِنْ قَبْلِکُمْ وَ یَتُوبَ عَلَیْکُمْ وَ اللّهُ عَلیمٌ حَکیمٌ»
"Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir.” ("Nisa" surəsi, ayə 26.)
Bu və bundan qabaqkı ayələrdə günahdan və büdrəmələrdən söz açılmayıb. Əksinə, məqsəd dini hökm və maarifi bəyan etmək və insanları əvvəlkilərin (dini) adətlərinə hidayət etməkdir. Deməli, burada qeyd edilən "tövbə"də məqsəd Allahın rəhmətinin bəndələrə nisbətdə şamil olması deməkdir.
Lüğət kitablarında "tövbə" kəlməsinin bir mənası da mövzumuza aid olan mənada işlənmişdir. Məşhur "Qamusul-lüğət” kitabında "tövbə" kəlməsinin bir mənası belə qeyd edilmişdir:
«رَجَعَ عَلَیْهِ بِفَضْلِهِ وَ قَبُولِهِ».
"Fəziləti ilə ona tərəf qayıtdı (nəzər saldı) və qəbul etdi."
Barəsində bəhs etdiyimiz ayədə haqdan boyun qaçırma və onda ixtilafa düçar olmaq sadəcə möminlərin bir qrupuna nisbət verilir. Lakin ilahi tövbə bütün möminlərə şamildir. Beləliklə, bunun özü "Allah tərəfindən bəndələrin üzrünü qəbul etmək" mənasında deyil, əksinə çətin anlarda Peyğəmbərə (s) və onun mömin köməkçilərinə şamil olan ilahi rəhmətdir və onların arasında mühacirlər və ənsarın olmasına şübhə etmək olmaz, çünki onlar cihad işində sabitqədəm idilər.
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı