Allah-taala Quranda, "Möminin" surəsində imanlı şəxslərin üstün xüsusiyyətləri barəsində belə buyurur:
"O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və kənizləri istisna olmaqla; Onlarla cinsi bəhrələrinə görə qınanmazlar. Bundan artığını istəyənlər, həddi aşanlardır.”(Möminin surəsi, ayə:5-7 )
Cinsi meyllər, insanda ən tüğyanedici meyllərdən biri olduğuna görə İslam, öz tərəfdarlarına evlənməyi əmr edir və halal zövcələrdən, yaxud, ixtiyarlarında olan kənizlərdən bəhrələnməyi tapşırır. Kənizlərdən məqsəd, həm daimi, həm də müvəqqəti evlənmələri anlamaq olar. "Qınanmayanlar" sözü, belə bir mətləbə işarə ola bilər ki, xaçpərəstlər öz yanlış tərzi-təfəkkürlərində hər cür cinsi əlaqəni əxlaqa zidd hesab edirlər. Belə ki, Katolik kişilər dünyanı tərk etmiş, qadınlar da kişilər kimi ömürlərinin axırına qədər subay qalırlar. Hər cür evlənməyi insan ruhiyyəsinin əksinə olduğunu qeyd edirlər. Əvvəlcədən bu məsələyə işarə olundu.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), İslam təlimlərində cinsi meylləri diqqət mərkəzində saxlamış, öz tərəfdarlarına evlənməyi tərk etməyi qadağan etmişdir. Hədislərdən birində buyurur:
"Hər kimin mənim fitrətimə meyli varsa, mənim getdiyim yola riayət etməlidir. Mənim yolumdan biri evlənmək və qadınlarla ünsiyyətdə olmaqdır.”(Məkarimul-Əxlaq, səh. 196 )
Evlənmək və günahdan amanda qalmaq
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Ey cavanlar! Hansınızın evlənməyə gücü çatırsa, hökmən evlənin! Çünki, bu yol, gözləri xəyanət və günahdan saxlamaq, övrəti iffətsizlik və günahdan hifz etməkdən ötrü ən yaxşı vəsilədir. Hər kimin evlənməyə qüdrəti və imkanı olmazsa, çox vaxt oruc tutsun. Çünki, oruc, şəhvət tufanını yatırmaqda ən yaxşı rol oynayır.”
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi