Quran işığında
Ömrün sürə gər dəhrdə Qur'an işığında
Kamilliyə mütləq yetər insan, işığında.
İstərsə səlamət keçə məhşərdə sirati,
Addımlasın insan gərək iman işığında.
Nəfsin olub azad hicabından, ey adəm,
Çıx seyrinə aləmlərin, irfan işığında.
Dünyadə qaranlıqdan əsər zərrəcə qalmaz,
Birləşsə könüllər Şəhi-mərdan işığında.
Tut dəsti-Əlidən ki, odur şəmsi-hidayət,
Məqsudə yetərsən onun, ey can, işığında.
Məhşərdə yer almaz qara simalılar içrə,
Ömr etsə bəşər sidq ilə Sübhan işğında.
Zalimliyə sövq etməsin əsla səni nifrət,
Cəhd et baxasan hər işə vicdan işığında.
Zülmətləri bir vasitədir yarmaq üçün eşq,
Əmri, açılar hər düyün asan işığında.