Eyni mənbədə belə bir rəvayət nəql olunur: "Bir gün İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, həmin günah dolu dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başladı:
Ya Rəbb, günah ərşə çıxır köçümdə
Ürəyim həsrətdən alov içində.
Əməl naməm qara, işlərim xarab,
Yalnız rəhmətindən gözlərəm cavab.
Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə etdi, düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid etdi ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşdü. Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsa (ə)-a dedi: "Ya Ruhullah! Bu qəlbi ölmüş çirkin şəxsdə bizimlə yol getmək ləyaqəti varmı? Nə qədər ki, onun günahından zərər görməmişik, qov getsin.” İsa (ə) düşündü ki, bu şəxsə nə desin. Bu vaxt vəhy nazil oldu: "Ya Ruhullah! Özünü bəyənən dostuna de ki, müflisə həqarətlə baxdığı üçün bu günədək etdiyi bütün xeyir əməlləri onun əməl naməsindən pozduq. O günahkar fasiqə müjdə ver ki, hüzurumuzda çəkdiyi həsrət və peşmançılığa görə onun üçün qurtuluş qapısı açdıq.”
Günahkar cavan
Molla Fəthullah Kaşani "Mənhəcus-sadiqin” təfsirində və Ayətullah Kəlbasi "Ənisül-ləyl” kitabında nəql edir:
Malik Dinarın dövründə günahkar bir cavan dünyasını dəyişdiyi vaxt camaat onun cənazəsini gətirib bir zibilliyə atdı.
Həmin gecə Malik Dinara yuxuda buyuruldu: "Bizim bəndəmizin bədəninə qüsl ver, onu kəfənə bürü və salehlərin qəbristanlığında dəfn et.” Malik soruşdu ki, «bu qədər günaha batmış insan necə bağışlana bildi?» Cavab verildi ki, «o, can verdiyi vaxt ağlar gözlə belə deyirdi: "Ey dünya və axirət sahibi, rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti.” ("ya mən ləhud-dünya vəl-axirətu irhəm mən ləysə ləhud-dünya vəl-axirətu”). Malik! Qapımıza gəlmiş hansı dərdliyə dəva qılmadıq?! Kim bizim dərgahımıza üz tutub nalə çəkdi və istədiyi qəbul olunmadı?!»
Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
Müəllif: Hüseyn Ənsarian