Şorgözlərin üzü
Bəzən şorgöz şəxs elə bir həddə çatır ki, özünü saxlaya bilmir. Hətta ona bu halda zərbə vursalar belə hiss etməz. İmam Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur:
Mədinəli cavan oğlan yolda bir qadınla rastlaşır. (Həmin vaxtlar qadınlar baş örtüklərini qulaqlarının arxasından bağlayırdılar. Bu halda boyun və sinənin bir hissəsi açıqda qalırdı.)
Qadının açıq boyun-boğazını görən cavan oğlan diqqətini ondan çəkə bilmədi. Cavan oğlan gedə-gedə qadının ardınca baxırdı. O, belə bir halda ensiz dar bir küçəyə daxil oldu. O, qadını sanki öz nəzərləri ilə müşayiət edirdi. Elə bu vaxt oğlanın üzü divara dəydi. Divardakı iti bir daş qırığı onun üzünü parçaladı. Beləliklə, o bu haram əməlinin cəzasını aldı. Qadın artıq onun gözləri önündən yox olandan sonra cavan oğlan bir an özünə gəldi. Elə bu vaxt üzündən qan axdığını və üst-başının qana bulaşdığını görüb öz-özünə dedi:
And olsun Allaha! Peyğəmbərin (s) yanına gedib bu macəranı ona danışacağam.
Peyğəmbər (s) cavan oğlanın üz-gözünü qanlı görüb soruşdu: Nə olub? Bu nə haldır?
Oğlan başına gələnləri Peyğəmbərə (s) danışdı.
Elə bu vaxt Cəbrayıl (ə) Allah tərəfindən nazil olub "Möminlər” surəsinin 30 və 31-ci ayələrini Peyğəmbərə (s) nazil etdi: "Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik! Onlardan sonra başqa bir nəsil yaratdıq.”
Şorgözlər haqqında
Şorgözlərin aqibətindən söz açmazdan əvvəl burada naməhrəmə baxmaq haqqında nəql olunan bir neçə hədisi qeyd etməyimizi lazım bildik.
1-Peyğəmbər (s) buyurur: "Allah-təala qiyamət günü gözlərini naməhrəm qadına baxmaqla doyduran şəxsin gözlərini alovla dolduracaq.”("Əmali”, Şeyx Səduq, səh. 429; "Biharül-ənvar”, c. 104, səh. 32.)
2-İmam Sadiq (ə) buyurmuşdur: "İblisin zəhərli oxlarından biri də naməhrəmə baxmaqdır ki, heç vaxt boşa getməz. Çox vaxt haram nəzərlərin ardınca uzun-uzadı həsrət gəlir. ("Məhasini-Bərqi”, səh. 109; "Biharül-ənvar”, c. 104, səh. 40.)
3-Həmçinin İsa (ə) bu barədə buyurub: "Naməhrəmə baxmaqdan çəkinin. Çünki naməhrəmə baxan şəxsin qəlbində şəhvət oyanır. Bu da insanın haram yola getməsinə kifayət edir.”("Biharul-ənvar", c. 325; "Səfinətül-bihar”, c. 8, səh. 283.)
Kitabın adı: İbrət güzgüsü
Müəllif: Məlahət Əsədova