Rəhmət haqqında rəvayətlər
Əbu Səid Xidri İslam Peyğəmbəri (s)-in belə buyurduğunu nəql edir: "Günahkar mö`minlər Cəhənnəmə aparıldığı zaman onlar Cəhənnəmdən çıxarılanadək Cəhənnəm odu onlara qarşı soyuyar. Bu zaman Allah-Taala mələklərinə buyurar: "Bunları Mənim fəzl və rəhmətimlə Behiştə aparın. Mənim mərhəmət və lütf dəryam sahilsiz, fəzl və ehsanım sonsuzdur.”
Əhli-beyt (ə)-dan belə bir rəvayət nəql olunmuşdur: "Qiyamət günü Allah-Taala iman əhlini bir nöqtəyə toplayıb buyurar: "Mən sizin boynunuzda olan haqqımdan keçdim, siz də bir-birinizə olan haqqınızdan keçin ki, Behiştə daxil ola biləsiniz.”
Başqa bir rəvayət də buyurulur: "Qiyamət günü gətirilən iman əhlinə belə buyurular: "Ey mənim bəndəm, ne`mətlərimə günahla cavab verdin, ne`mətlər artdıqca günahlarını artırdın.” Bəndə xəcalətdən başını aşağı salar. Rəhmət dərgahından ona xitab olunar: "Ey mənim bəndəm, başını qaldır. Səni günah etdiyin vaxt bağışlamış, günahlarına əfv qələmi çəkmişdim.”
Digər bir rəvayətdə oxuyuruq: "Bəndəni yaxın gətirərkən günahların çoxluğu səbəbindən başını aşağı salıb, xəcalətdən ağlayar. İzzət və rəhmət dərgahından xitab olunar ki: "O gün ki, günah edib gülərdin, səni utandırmadım. Bu gün ki, günah etməyə-etməyə xəcalət çəkib ağlayırsan, sənə necə əzab verim?! Günahlarını bağışladım, Cənnətə girməyin üçün icazə verdim!”
İslam Peyğəmbəri (s) buyurur: "Allahın rəhməti yüz qisimdir. Onlardan yalnız birini dünyada göstərib, bəndələri arasında paylayar. Rəhmətinin 99 qismini isə öz ehsan xəzinəsində saxlayaraq axirətdə üstünə bir qisim də əlavə edib bəndələrinə şamil edər.”
Mühəddislər rəisi Şeyx Səduqdan rəvayət olunmuşdur ki, Mə`sum İmamlar (ə) buyurur: "Qiyamət qurulan zaman Allahın geniş rəhməti elə cilvələnər və günahkarlar dəstə-dəstə bağışlanar ki, hətta qovulmuş şeytan da bağışlanmaq tamahına düşər.”
"Biharul-ənvar”da (7-286) bir rəvayətdə buyurulur: "Mö`min bəndə qəbrə qoyulduqdan sonra qəbrin üstü torpaqlanar, dost-tanışlar onu tənha qoyub gedərlər. Allah-Taala lütf və rəhməti ilə xitab edər: "Ey Mənim bəndəm, bu qaranlıqda tək qaldın. Razılıqlarını qazanmaq üçün Mənə qarşı günah etdiyin kəslər səni tək qoyub getdilər. Bu gün öz rəhmətimlə sənə elə bir nəvaziş göstərərəm ki, xəlq olunmuşlar təəccüb edərlər.” Sonra mələklərə xitab olunar: "Ey Mənim mələklərim! Bəndəm qərib, kimsəsiz, çarəsiz qalmışdır. İndi qəbirdə Mənim qonağımdır. Gedin ona kömək edin, onun üçün Behiştə qapı açın, ətirli bitkilər və təamlar hazırlayın. Sonra onu Mənim ixtiyarımda qoyun. Ona Qiyamət gününə qədər munis olacağam.”
Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
Müəllif: Hüseyn Ənsarian