Gec gəlmə
Tükəndi səbrimiz, ey mahparə, gec gəlmə,
Olubdu can evimiz parə-parə, gec gəlmə.
Bu rəsmdir, su səpərlər gedən dalyıca yola,
Qayıt deyəllə, yubanma dübarə, gec gəlmə.
Yananda bir gözəlin eşqi ilə aşiqlər,
Umarlar ondan, Ağa, bir işarə, gec gəlmə.
Daha nə taqətimiz var, nə də ki, səbrü qərar,
Bu dərdü qəmlərə, gəl, eylə çarə, gec gəlmə.
Cəhanda müstəz'əfin, bax, pənahı bir sənsən,
Tələs, təvəccüh elə, qıl nəzarə, gec gəlmə.
Çıxıbdı zülm odu ərşə, yubanma, ya Mövla,
Hərayə gəl, bu cəhan yandı narə, gec gəlmə.
Cəvanlar öldü Fələstində, ağlayır analar,
Neçə gəlin duvağı oldu qarə, gec gəlmə.
Nola müştaqınıq, bu Cahidə şəfaət elə,
Düşübdür ayrılığundan azarə, gec gəlmə.