İmam Sadiq (ə) buyurur:
وَكُلُّ فِرْقَة مِنَ الْعِبادِ لَهُمْ تَوْبَةٌ... وَتَوْبَةُ الْخاصّ، مِنَ الاِْشْتِغالِ بِغَيْرِ اللهِ تَعالَى، وَتَوْبَة الْعامِّ مِنَ الذُّنُوبِ
«Hər dəstənin özünə məxsus tövbəsi var. Allahın məxsus bəndələrinin tövbəsi Allahdan bir an da olsa, qafil olmaları üçün etdikləri tövbədir. Ümumi camaatın tövbəsi isə günahlardan tövbə etməkdir». Belə qənaətə gəlirik ki, keçmiş əməllərdən peşman olmaq və günahları tərk etmək tövbənin birinci mərhələsidir.
Sonrakı mərhələlər isə tövbə edən şəxsin hər cəhətdən günahdan qabaqkı mə’nəvi halətinə qayıtmasıdır. Qızdırması olan xəstə dərman qəbul etdikdən sonra hərarəti kəsilir, lakin bundan sonra onun bədənini möhkəmlətmək üçün başqa bir dərmana ehtiyac var. Günahkar da belədir: Günahdan tövbə etdikdən sonra yaxşı işlər görməlidir ki, ruhu saflaşsın.
İmam Baqir (ə) buyurur:
التّائِبُ مِنَ الذَّنْبِ كَمَنْ لا ذَنْبَ لَهُ، وَالْمُقِيمُ عَلَى الذَّنْبِ وَهُوَ مُسْتَغْفِرٌ مِنْهُ كَالْمُسْتَهْزِءُ
«Günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir. Günah etməkdə davam edən şəxsin tövbə etməsi isə istehza etməkdir.»
Tövbənin qəbul olunma çərçivəsinin genişliyi
Yuxarıda qeyd etdiyimiz kimi «Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq:
... لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاً
«Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır». Bu ayədən mə’lum olur ki, tövbə qapısı hamının üzünə açıqdır. Belə nəql edirlər ki, Peyğəmbərin (s) sevimli əmisi Həmzənin qatili qara qul bu ayəni eşitdikdən sonra Peyğəmbərin (s) hüzuruna gəlib tövbə etdi. Peyğəmbər (s) onun tövbəsini qəbul etdi. Lakin ona buyurdu:
«Mənim gözümə görünmə, çünki sənə baxa bilmirəm».
Peyğəmbərdən (s) bu ayə haqqında soruşdular ki, təkcə Həmzənin qatilinə aiddir, ya hamı üçündür. Həzrət buyurdu: "Hamı üçündür”.
Tövbənin qəbul dairəsi o qədər genişdir ki, bunu indi qeyd edəcəyimiz əhvalatdan da anlamaq olar. Nəql olunub ki, bir nəfər İmam Rizanın (ə) hüzurunda dedi: «Allah lə’nət etsin İmam Əliylə (ə) müharibə edənlərə!»
İmam (ə) ona buyurdu:
قُلْ اِلاّ مَنْ تابَ وَاَصْلَحَ
«Tövbə edib yaxşı işlər görənlərdən başqa».
Bu hədisdən Allahın günahkar bəndələrinə nə dərəcədə mehriban olmasını başa düşürük. Ümumiyyətlə, islam dini tövbə və Allaha tərəf dönüş qapısını heç kimin üzünə bağlamır.
«Büruc» surəsinin 10-cu ayəsində buyurulur:
اِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِناتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذابُ جَهَنَّم
«O kəslər ki, iman gətirən kişi və qadınlara işgəncə verdilər və sonra tövbə etmədilər, onlar üçün cəhənnəm əzabı olacaqdır».
Bu ayədə «sonra tövbə etmədilər» cümləsi bildirir ki, hətta işgəncə verənlər də tövbə etsələr, onların tövbəsi qəbuldur.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti