İmam Hüseyn əleyhissalamın Aşura gecəsindəki bəyanatı
İmam Hüseyn (əleyhis-salam) Aşura gecəsi öz dostlarının arasında durub beyətini götürdü və onlara getmək icazəsini verib dedi:–Gecə öz pərdəsini çəkmişdir. Ayağa qalxıb gedin. Hər biriniz də mənim tayfamdan olan bir nəfərin əlindən tutub gecənin qaranlığında dağılışın. Bunların işi mənimlədir. Əgər məni öldürsələr, daha heç kimlə işləri yoxdur.
Həzrət Əbülfəzl, Əli Əkbər, yerlərindən qalxıb dedilər:–Nə üçün belə edək? Allah səndən sonra bizi sağ qoymasın. Bunlardan sonra başqaları da-haşimilər, səhabələr durub bu məzmunda sözlər dedilər.
O Həzrətin övladlarını, qardaşlarını, qardaşoğlanlarını, əmioğlanlarını əhdə vəfalı qalmaq, azadlıq, şücaət, mərdanəlik, yüksək ideal, ruhi şərafət və yorulmazlıq cəhətindən yer üzünün seçilmiş şəxsiyyətləri hesab etməliyik. Onlar öz rəhbərlərindən heç vaxt ayrılmadılar, Həzrətin onlara, getmələrinə icazə verməsinə baxmayaraq, pak canlarını onun yolunda fəda etdilər, müqəddəs qanları ilə İslamın cavan ağacını suladılar.
İmam Hüseyn (əleyhis-salam) öz dostlarını, ailə üzvlərini yığıb siz gedə bilərsiniz deyəndə fəryad qoparıb dedilər: Biz heç vaxt səndən ayrılmarıq!Heç yaraşarmı ki, biz sağ qalaq, sizi isə öldürsünlər? Allah belə günü bizə nəsib etməsin.
İmam (əleyhis-salam) sonra üzünü Əqilin övladarına tutub buyurdu:–Mən sizə məsləhət görürəm ki, Kərbəla diyarını tərk edəsiniz. Sizin üçün Müslümün şəhadəti kifayətdir.
Lakin Əqil övladlarının sözləri bu oldu: Sübhanəllah! Bu halda camaat bizə nə deyər? Biz onlara nə cavab verərik? Deyə bilərikmi ki, biz öz ağamızı, rəhbər və əmoğlumuzu düşmənin əlində qoyduq, onlarla birgə döyüşmədik, düşmənə tərəf nə ox atdıq, nə də nizə, nə də ki, qılıncla onların murdar cəsədlərinə yara vurduq, və bilmirik ki, düşmən bizim qohumların başına nə müsibət gətirdi?
Yox! Biz heç vaxt bu işi görmərik. Canımızı sənin yolunda fəda edəcəyik, var-yoxumuzu bəxşiş edəcək, əhli-əyalımızdan keçəcəyik. Ey əziz Hüseyn, səninlə çiyin-çiyinə vuruşacağıq, bir an da olsun belə səni tək qoymayacağıq! Axı səndən sonra yaşamağın nə mənası!
øMüharibə odu şölələnəndə, müsibət hər tərəfdən onlara hücum edəndə İmamın gözəl, mələkuti səsi eşidildi: Ey əmoğlanlarım, səbrli olun; Allaha and olsun, bu gündən sonra daha heç vaxt əzab-əziyyət görməyəcəksiniz.
İmam əleyhissalamın dostlarının verdiyi cavab
İmam (əleyhis-salam)-ın yolunda fədakarlıq edən, onun önündə rəşadət göstərən və mərd-mərdanə şəhid olan kişilər ilahi şəxsiyyətlərin ən yaxşı dostları idi; onlar əhli-əyallarını buraxmış, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsinə qoşulmuş, onun yolunda qəhrəmanlıqla vuruşuraq, döyüş meydanına getməkdə bir-birindən irəli geçirdilər. Bu fədakar insanların öz imamı, rəhbəri ilə olan sözləri bu idi ki: Biz özümüzü sənə fəda edib səni düşməndən mühafizə edəcəyik. Aşura gecəsi onların dodaqlarında təbəssüm var idi, qəlblərində ölümdən zərrə qədər də olsun belə qorxu yox idi. Tezliklə şəhadətin yüksək mərtəbəsinə nail olacaqlarından, öz Allahları ilə görüşəcəklərindən sevinirdilər. İmam Hüseyn (əleyhis-salam) onlara siz azadsınız, döyüş meydanından uzaqlaşa bilərsiniz-buyuranda, narahat olub Biz heç vaxt səni tək qoymayacaq və bu diyardan geri dönməyəcəyik. Düşmənlər sənin canına daraşdığı halda, biz səni necə buraxıb gedə bilərik? Bu halda Allah yanında nə cavab verərik?–dedilər.
Onlardan biri dedi: Allaha and olsun ki, mən belə bir iş görmərəm; mən bu zalım tayfalar qarşısında nizəmi onların sinələrində sındırana, qılıncımla, dəstəyi ondan ayrılana qədər müqavimət göstərəcək, onlara yara vuracağam, bununla belə, yenə də susmayacaq, düşmənə daşla həmlə edəcəyəm. Öz rəhbərimin gözləri önündə ölməyincə ondan ayrılmayacağam.
Başqa birisi dedi: Tək olan Allaha and olsun, əgər bilsəydim ki, sizin gözləriniz önündə ölüb sonra diriləcəyəm, sonra yenidən öləcəyəm və cəsədimi odda yandıracaqlar, bu halda dirilərdim və öldürülüb odda yandırılardım. Bu iş yetmiş dəfə belə təkrar olunsaydı, yenə də sizdən ayrılmazdım.
Üçüncüsü dedi: Əgər min dəfə öldürülüb sonra dirilsəm, beləliklə də düşmənin şərini siz və ailənizdən dəf edə bilsəydim, bunu edərdim.
Dördüncüsü dedi: Əgər mən sizdən ayrılsam, daha yaşamağın mənası olmaz. Yaxşı olardı ki, vəhşi heyvanlar məni diri-diri parçalasınlar.
Aşura günü sübh İmam (əleyhis-salam) və dostları sübh namazını qılıb döyüşə hazırlaşdılar.
Kitabın adı: İmam Həsən (ə) və imam Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Seyyid Məhəmmədhəsən Musəvi Kaşani