Həzrət Abbasa (ə) əmannamə gətirilir
Məhərrəmin 9-da axşamüstü Şimr İmam Hüseyn (əleyhis-salam)-ın xeymələrinə tərəf gəlib belə səslədi:–Mənim bacım oğlanları–Abbas, Cəfər, Əbdullah və Osman hardadırlar?
İmam Hüseyn (əleyhis-salam) öz qardaşlarına buyurdu:–Ona cavab verin, baxmayaraq ki, fasiq bir adamdır, amma sizinlə qohumluq əlaqəsi var.
Qardaşlar Şimrə dedilər:–Nə istəyirsən?
Şimr dedi:–Ey mənim bacım oğlanları, sizin üçün amannamə gətirmişəm. Canınızı təhlükəyə salıb qardaşınız Hüseynə görə özünüzü ölüm ayağına verməyin. Yezidə tabe olun.
Onlar bir ağızdan dedilər:–Allah sənə və sənin gətirdiyin amannaməyə lənət etsin. Rəsulullahın oğlunun amanda olmadığı halda bizə aman verirsən?
Həzrət Abbas buyurdu:–Əllərin qırılsın, gətirdiyin amannaməyə lənət olsun, ey Allah düşməni! Sən bizə aman verirsənmi ki, qardaşımız, sərvərimiz və Fatimən (əleyha salam)-ın oğlu Hüseyni tək qoyaq, məlunların və onların övladlarının əmrinə tabe olaq?
Şimr qəzəblənərək öz qoşununa sarı qayıtdı.
Kitabın adı: İmam Həsən (ə) və imam Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Seyyid Məhəmmədhəsən Musəvi Kaşani