Quran yaxşı işlərə dəvət, pis işlərdən çəkindirməyi müəyyən şəxslərə deyil, «ümumi nəzarət qanunu» adı altında hamıya eyni səviyyədə vacib etmişdir.
Ümumi şəkildə şamil olan belə bir qanun, ümumbəşəri bir inanc olan müqəddəs islam dininə əbədilik ruhu vermişdir.
İslam, cəmiyyətin bütün üzvlərini və hər bir ailə üzvlərini bir-birlərinin üzərində nəzarətçi və haqq-ədalətə sövq edən hidayətçi təyin etmişdir. Başqa sözlə desək, hər bir müsəlman yaşadığı cəmiyyətdə bir növ hüquq-mühafizə işçisi rolunu oynayır. O, cəmiyyətdə yaranmış fitnə-fəsadın, pozğunluğun qarşısını almalı və ictimai ədalətin bərqərar olunması üçün əlindən gələni əsirgəməməlidir.
Diqqətli olun, cəmiyyətin maddi-mənəvi maraqlarını qoruya biləcək bundan böyük, qüdrətli və təsiredici ordu yaratmaq olarmı?!
Yaşadığımız əsrdə ölkə və şəhərlərə nəzarət etmək üçün xüsusi təyinatlı polis və ordu hissələrindən istifadə olunur. Amma bununla belə, ictimai problemlərin, qanun pozğunluqlarının qarşısı tamamilə alınmır. Çünki, hər bir nəzarətçi orqan nə qədər güclü və təchiz olunmuş olsa da, daim cəmiyyətin arasında olmaq imkanına nail ola bilmir. Daha dəqiq desək, bu iş onlar üçün qeyri-mümkündür.
Amma islam «yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək» proqramını tərtib etməklə, ümumdünya müsəlmanlarından əzəmətli könüllü ordu yaratmışdır. Belə bir ordu, kimsə tərəfindən maliyələşdirilmədən hər zaman, hər yerdə üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirir və ictimai sabitliyin bərqərar olunması üçün tam zəmanət verir.
Quranda bərabərlik qanunu və üstünlük meyarı
Quranın hər şeydən daha çox əhəmiyyət verdiyi məsələ, bərabərlik prinsipləridir. Belə bir prinsipin həyata keçməsilə sinfi, irqi ixtilaflar aradan qaldırılmış, birinin digərindən güc, var-dövlət və s. baxımdan üstün tutma tərz-təfəkkürünə bir dəfəlik son qoyulmuşdur. Üstünlük meyarı isə, Quran nöqteyi-nəzərindən elm və təqva qəbul olunmuşdur. Bu haqda Quran ayələrində deyilir:
«Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.» (Hücurat-13).
«Heç, bilənlərlə bilməyənlər [alimlə cahil] eyni ola bilərmi?!» (Zümər-9).
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: «O böyük Allah, cahiliyyət dövründə xar və rüsvay olanlara islam kölgəsi altında, izzət və hörmət bəxş etdi. İslamı qəbul etməklə, cahiliyyət dövründəki ata-babaları və qəbilələri ilə etdikləri iftixar hisslərini kənar qoyub, birliyə, bərabərliyə nail oldular. İstər ərəb olsun, istərsə də əcəm, istər ağ olsun, istərsə də qara, bütün insanlar Adəmin övladlarıdırlar və Adəm torpaqdan xəlq olunmuşdur. Qiyamət günü Allah yanında ən hörmətliniz, pərhizkarlar [Allahdan qorxanınız] olacaqdır.» (Fürui Kafi. 2-ci cild, 21-ci fəsil).
Başqa bir hədisdə buyurur:
«Alimlərin digər insanlardan fəzilətli [üstün] olması, mənim sizlərdən fəzilətli olmağım kimidir.» (Camiussərcir. Mənavinin şərhi. 4-cü cild, 432-ci səh).
Milliyyətcə ərəb olmayan Salman Farsi öz imanı ilə hamıdan fərqlənir və məhz belə bir xüsusiyyətinə görə Peyğəmbər (s)-ın nəzərində daha da ucalır. Əhli-beyt üzvlərindən biri kimi tanınmağa başlayır. Lakin Əbu Ləhəb, Peyğəmbər (s)-ın əmisi olmasına baxmayaraq, Allaha şərik qoşduğu üçün müsəlman ümmətinin sıralarından xaric olunur.
Peyğəmbər (s)-ın tarixini mütaliə edərkən bir daha bunun şahidi oluruq ki, o böyük insan, heç vaxt öz qohum-əqrəbası, qəbiləsi ilə fəxr etməmişdir. Elm və təqvanı hər şeydən üstün tutur, insanları təkallahlığa, bərabərliyə, birliyə, qardaşlığa dəvət edirdi. Beləliklə o, qəlblərə yol tapıb cahiliyyət dövrünün qeyri-insani adət-ənənələrini vəhdət və bərabərliyə çevirdi. Bir qədər əvvəl bəzi qəbilələrə xiffət gözü ilə baxan Məkkənin əyan-əşrəfi, öz qızlarını islamı qəbul etmiş və heç bir maddi imkanı olmayan şəxslərə ərə verməyə razı olurdular.
Göründüyü kimi, Quranda bəyan olunan ilahi qanunlar müəyyən dövr və şəxslər üçün deyil, nazil olduğu ilk gündən qiyamət gününədək bütün bəşəriyyətə şamil olmuş və olacaqdır. Bəşəriyyətin maddi və mənəvi ehtiyaclarını təmin edən bu qanunlar həm dünya, həm də axirət xarakteri daşıyır. Bütün bunları nəzərə alaraq Məhəmməd (s)-ın haqq peyğəmbərliyinə şəkk və tərəddüdlə yanaşmaq olarmı? Bir haldakı o, yarımvəhşi və nadan bir cəmiyyətdə peyğəmbər təyin olunmuş və öz dəvətini o dövr və məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı bir şəraitdə həyata keçirmişdir. Belə ki, onun risaləti ərəb qəbilələrinin təsəvvür etdiklərindən daha yüksək idi.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi