İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin zindanında
Mütəvəkkilin qəlbində İmam Əliyyən-Nəqi əleyhissəlama qarşı böyük kin-küdurət var idi və həmişə o Həzrəti incitmək fikrində olmuşdur. İmamın Samirrada olması həqiqətdə onun zindanda qalması demək idi. Çünki o Həzrət Mədinədən Samirraya gəldiyi ilk vaxtlarda Mütəvəkkil onu həbs edir. Səqər ibn Əbu Dələf deyir: "İmam Əliyyən-Nəqi (əleyhissəlam) Samirraya gətirildikdən sonra onun əhvalından xəbər tutmaq üçün yanına getdim. Mütəvəkkilin qapıçısı Zərrafi məni görüb dedi ki, gəl içəri. İçəri keçdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, xeyirdir. Dedi: "Otur.” Oturdum, ancaq yaman qorxuya düşdüm və fikrə gedərək özlüyümdə dedim ki, səhv eləmişəm (ki, belə bir təhlükəli işə əl atıb İmamın görüşünə gəlmişəm).
Zərrafi camaatın işini həll edib oradakıları yola saldı. Ara sakitləşdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən, işin nədir?
Dedim: Xeyir iş üçün gəlmişəm.
— Yoxsa öz ağandan xəbər tutmağa gəlmisən?
— Ağam kimdir? Mənim ağam xəlifədir.
— Sus, həqiqət sənin ağanladır. Qorxma, mən də səninlə həmfikirəm və onu İmam bilirəm.
(Bunu eşitcək) Allaha şükr etdim. Sonra o mənə dedi: "Onu görmək istəyirsən?” Dedim ki, bəli. Dedi ki, bir az otur, qoy qasid getsin. Qasid getdikdən sonra məni xadiminə göstərərək dedi: "Bunu Əliyyən-Nəqi əleyhissəlamın saxlanıldığı otağa apar, özün isə qayıt.”
İmamın hüzuruna yetişdikdə, gördüm ki, o Həzrət bir həsirin üstündə oturub, qarşısında isə bir qəbir qazılmışdır. Salam verdim. Buyurdu ki, əyləş. Oturduqdan sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, gəlmişəm sizdən bir xəbər tutam. Sonra qəbrə baxıb ağladım. İmam buyurdu: "Ağlama, bu çətinlikdən mənə bir zərər dəyməz.” Allaha şükr etdim. Sonra o Həzrətdən bir hədisin mə’nası barədə soruşdum. İmam cavabımı verdikdən sonra buyurdu: "Bəsdir, dur get, qorxuram sənə bir zərər dəyə!”
Bu hadisə bir tərəfdən Mütəvəkkilin İmam Əliyyən-Nəqi əleyhissəlama qarşı təzyiqlərinin nə qədər ciddi və ağır olduğunu, digər tərəfdən isə İmamın hətta xəlifənin xüsusi və ən yaxın adamlarının da yanında nüfuz tapmasını çatdırır. Mütəvəkkil ömrünün son günlərində öz xadimi Səid ibn Hacibə əmr edir ki, İmamı öldürsün, ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) buyurur ki, iki gün keçməz Mütəvəkkili öldürərlər. Həqiqətən də, elə bu cür oldu.
Mütəvəkkilin şiələrə qarşı təzyiq və cinayətləri
Mütəvəkkil Abbasi xəlifələri arasında ən çox cinayət törədənlərdən biri olmuşdur. O, Həzrət Əli (əleyhissəlam), onun ailə və şiələrinə qarşı ürəyində həddən artıq kin-küdurət bəsləyirdi. Onun hakimiyyət dövrü şiə və Ələvilər üçün ən pis dövrlərdən biri sayılır. Mütəvəkkilin törətdiyi bütün cinayətləri qeyd edə bilməyəcəyimizi nəzərə alaraq məcbur olub bə’zi cinayətlərinə qısaca da olsa, işarə edirik.
1)–Mütəvəkkilin hakimiyyəti dövründə Ələvilərdən bə’zisi ya həbs edildi, ya da axtarışda oldu. Buna misal olaraq (İmam Həsən əleyhissəlamın nəvələrindən olmuş) Məhəmməd ibn Saleh və (Təbəristanda qiyam qaldırmış Həsən ibn Zeydin təbliğçilərindən olan) Məhəmməd ibn Cə’fərin adını qeyd etmək olar.
2)–Mütəvəkkil hicrətin iki yüz otuz altıncı ilində əmr verir ki, şəhidlər ağası İmam Hüseyn əleyhissəlamın məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək əkin sahəsinə çevrilsin. Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsədilə, o yaxınlıqda gözətçilər saxlanılsın.
İmam Hüseyn əleyhissəlamın qəbrini heç bir müsəlman sökməyə hazır olmadığı üçün bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseyn əleyhissəlamın qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq. O qorxurdu ki, İmam Hüseyn əleyhissəlamın məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib o Həzrətin şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın. Ancaq o Həzrətin şiə və dostları (o Həzrəti sevənlər) bir an olsun belə, o müqəddəs qəbrin ziyarətindən qalmır və min bir müsibətə, əzab-əziyyətə qatlaşaraq yenə oranı ziyarət etməyə gedirdilər. Mütəvəkkilin ölümündən sonra şiələr yenə əl-ələ verib İmam Hüseyn əleyhissəlamın məqbərəsini yenidən bərpa etdilər.
İmam Hüseyn əleyhissəlamın məqbərəsinin sökülməsi müsəlmanları bərk qəzəbləndirdi. Bağdad əhalisi bütün küçələrə, divarlara, məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazmağa, mübariz şairlər isə onun əleyhinə şe’rlər yazaraq onu tənqid etməyə başlayırlar. Bu şe’rlərdən birinin məzmununu sizin nəzərinizə çatdırırıq: "And olsun Allaha ki, əgər Bəni-Üməyyə öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) qızının oğlunu (yə’ni nəvəsi İmam Hüseyn əleyhissəlamı) zülm nəticəsində şəhid etmişsə, indi onun atasının nəslindən olanlar (Bəni-Abbas) Bəni-Üməyyənin cinayəti kimi bir cinayət törətmişlər. Bu, öz canıma and olsun ki, Bəni-Abbas tərəfindən uçurulmuş Hüseyn əleyhissəlamın qəbridir. Onlar İmam Hüseyn əleyhissəlamın qətlində iştirak etmədikləri üçün təəssüflənir, ona görə də, indi onun qəbrinə təcavüz etməklə onun sümüklərinə daraşmışlar.”
3) Mütəvəkkil öz hakimiyyəti dövründə İbn Səkkit kimi İslam aləminin böyük şəxsiyyətini və Əhli-beytə (əleyhimussəlam) sadiq olan bir sıra şəxsləri qətlə yetirmişdir. İbn Səkkit İmam Cavad əleyhissəlamla İmam Əliyyən-Nəqi əleyhissəlamın vəfalı dostlarından, tanınmış şiə ədib və şairlərindən biri olmuş, lakin Mütəvəkkil onu, Əli əleyhissəlamın tərəfdarı olduğu üçün qətlə yetirmişdir. Bir gün Mütəvəkkil öz iki oğluna işarə edərək İbn Səkkitdən soruşur: "Sənin üçün mənim bu iki oğlum daha sevimlidir, yoxsa Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam)?” Bu yersiz müqayisədən bərk əsəbləşən və qanı cuşa gələn ibn Səkkit dayanmadan deyir: "Allaha and olsun ki, mənim nəzdimdə Əli əleyhissəlamın nökəri Qənbər də, səndən və bu iki oğlundan üstündür.” Öz qüdrət və imakanatına, öz nəfsinə uymuş Mütəvəkkil əmr edib onun dilini çıxartdırır.
4) Xətib Bağdadi Mütəvəkkilin Əhli-beyt (əleyhimussəlam) tərəfdarlarına verdiyi işkəncələrə işarə edərək yazır: "Mütəvəkkil Nəsr ibn Əli Cəhzəmiyə Həzrət Əli (əleyhissəlam), xanım Zəhra (səlamullahi əleyha), İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn əleyhissəlamın fəzilətinə dair bir hədis dediyinə görə min şallaq vurdurur. Bununla da, ondan əl çəkmir, axırda onun sünni olduğu barədə şəhadət verib Mütəvəkkilin əlindən qurtarırlar.
5) Mütəvəkkil öz mənliyini satmış şairlərə külli miqdarda pul verib onları Abbasi hökumətinin qanuni hökumət olması barədə və eləcə də, Əhli-beyt (əleyhimussəlam) əleyhinə şe’rlər yazmağa məcbur edirdi.
6) Mütəvəkkil Şakiriyyə adlı yerdə yeni ordu təşkil edərkən əsasən Suriya, Əlcəzair, Cəbəl, Hicaz və Ənbada Ələvilərin ziddinə ad çıxarmış şəxslərdən istifadə edir.
7) Mütəvəkkil Misir hakiminə əmr edir ki, Misirdə olan bütün Ələviləri İraqa sürgün etsin. Misir hakimi də onun əmrini yerinə yetirir. Sonra isə Mütəvəkkil onların hamısını hicrətin 236-cı ilində Mədinəyə köçürür.
8)–Mütəvəkkil idarələrdə işləyən bütün şiələri işdən çıxartmaqla onların camaatın yanındakı mövqeyini zəiflədirdi. Misal üçün İshaq ibn İbrahimin işdən çıxarılmasını qeyd etmək olar. Mütəvəkkil onu şiə olmasına görə Cəbəl vilayətindəki Samirra və Seyrəvan şəhərlərinin hakimliyindən çıxarır. Bir çox başqa şəxslər də, bu səbəbə görə öz mövqelərini itirməli oldular. Mütəvəkkil bu cür hərəkətləri ilə öz hökumətinə qarşı şiələr tərəfindən ehtimal verilən hər hansı bir hərəkatın qarşısını alsa da, ancaq onların gizli fəaliyyətlərini dayandıra bilmədi. Bundan öncə də qeyd etdiyimiz kimi, tarix göstərir ki, İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz şiələri ilə gizli əlaqə saxlayırmış.
İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadəti
İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etmir. Mə’lum məsələdir ki, İmamın İlahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mənfi mübarizə o dövrün hökuməti üçün təhlükəli olub dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, xəlifə Mö’təzzin hakimiyyəti dövründə zəhərlənərək hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.
Kitabın adı: İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı