İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədən Samirraya gəlməsi
Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamı öz nəzarəti altına almaq üçün ata-babalarının yolunu davam etdirir, nəyin bahasına olursa olsun, fikrini o Həzrət barədə rahat etmək istəyirdi. Bundan qabaq Mə’munun İmam əleyhissəlamın fəaliyyətini nəzarət altına almaqda işlətdiyi metodu müşahidə etdik. Onun İmam Cavad (əleyhissəlam) ilə qohumluq əlaqəsi yaratmasına baxmayaraq, o hətta Həzrətin evinin daxilində belə, onu nəzarət altında saxlaya bilmir. İmam Cavad (əleyhissəlam) şəhid olduqdan və İmam Əliyyən-Nəqi (əleyhissəlam) İmamət məqamına yetişdikdən sonra da bu planı həyata keçirməyin nə qədər lazım olduğunu həmin dövrün xəlifəsi çox yaxşı başa düşürdü. Çünki İmam Mədinədə qalıb xəlifənin nəzarətindən uzaq olsaydı, onda bu zalım hökumət üçün çox ciddi təhlükə yarada bilərdi. Buna görə də, xəlifə (Mütəvəkkil) bu təhlükə ehtimalının qarşısını almaq məqsədilə öz palnını həyata keçirməli idi. Belə ki, Mədinə hakiminin xəlifəyə verdiyi mə’lumat onu həddən artıq nigaran edir və nəticədə Mütəvəkkil o Həzrəti Mədinədən Samirayya gətizdirir.
Mədinə hakimi Abdullah ibn Məhəmməd Haşimi xəlifəyə göndərdiyi məktubda İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədə topladığı sosial baza haqqında mə’lumat verərək onu bərk qorxuya salır. Ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilə bir məktub yazaraq Abdullahın dediklərinin yalan olduğunu bildirərək ondan xəlifəyə şikayət etdi. Mütəvəkkil də bir çox siyasətçilər kimi ikibaşlı bir işə əl ataraq bir tərəfdən Abdullah ibn Məhəmmədi işdən çıxarır, digər tərəfdən də öz katibinə tapşırır ki, İmam Əliyyən-Nəqi əleyhissəlama bir məktub yazsın. O, öz məktubu ilə zahirdə İmama olan əlaqəsini göstərmək istəyir, həqiqətdə isə məqsədi İmamı öz nəzarəti altına almaq idi. Az sonra Mütəvəkkilin İmama göstərdiyi təzyiqlər və onun üçün yaratdığı müşkülat barədə söhbət edəcəyik. Mütəvəkkilin İmama yazdığı məktub aşağıdakı məzmunda olmuşdur: "Allahın adı ilə! Şükürlər olsun Allaha ki, xəlifə səni yaxşı tanıyır, sizin şəxsiyyət və Peyğəmbərə (səlləllahu əleyhi və alih) olan qohumluğunuzu nəzər alır. Onun yeganə məqsədi Allahın və sizin razılığınızı cəlb etməkdir. O əmr verdi ki, sizin istəyinizə əsasən, sizə qarşı hörmətsizlik etmiş şəhərimizin ordu başçısı və İmam cüməsi Abdullah ibn Məhəmməd işdən çıxarılıb onun yerinə Məhəmməd ibn Fəzl işə tə’yin edilsin. Ona tapşırılmışdır ki, Allaha, Peyğəmbərə (səlləllahu əleyhi və alih) və Əmirəl-mö’mininə (Mütəvəkkilə) yaxın olmaq istəyirsə, sizə itaət edib sizə qarşı hörmətlə yanaşsın. Xəlifə (Mütəvəkkil) sizinlə əhdini təzələmək üçün sizi görmək arzusundadır. Əgər xəlifəni görmək istəyirsinizsə, öz ailə və dostlarınızla birlikdə onun yanına gələ bilərsiniz. Səfər ixtiyarı sizin öz əlinizdədir. Yolda istədiyiniz yerdə dayana bilərsiniz. İstəsəniz xəlifənin xadimi Yəhya ibn Hərsəmə sizin karvanı bura gətirib sizə qulluqçu olması ilə fəxr edər. Çünki siz bizim yanımızda böyük hörmətə maliksiziniz. Biz də öz növbəmizdə sizə böyük ehtiramla yanaşarıq. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh.”
Şübhəsiz ki, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin fikrindəki pis məqsəddən xəbərdar idi. Ancaq Samirraya getməkdən başqa çarəsi yox idi. Çünki Mütəvəkkilin də’vətini qəbul etməmək o Həzrətdən şikayət edənlər üçün qəti bir sübut ola bilər, eyni zamanda Mütəvəkkili daha da qəzəbləndirib o Həzrətə daha artıq təzyiqlər göstərməsi üçün bir bəhanə ola bilərdi. İmam Əliyyən-Nəqi əleyhissəlamın sonralar Samirrada buyurduğu "Məni Mədinədən güclə Samirraya gətirdilər” cümləsi o Həzrətin Mütəvəkkilin məqsədindən xəbərdar olduğuna və məcburiyyət qarşısında qalaraq bu səfərə çıxdığına bir sübutdur. Bir sözlə, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin o Həzrəti Samirraya də’vət etməsi məktubunu aldıqdan sonra Yəhya ibn Hərsəmə ilə Samirraya getməli olur.
Mütəvəkkilin köməkçilərinin xəbərdarlığı
İmam Əliyyən-Nəqi əleyhissəlamı Mədinədən Samirraya gətirilməsi məsələsini öhdəsinə götürmüş Yəhya ibn Hərsəmə bu hadisəni belə izah edir: "Mədinəyə gəlib Əliyyən-Nəqi əleyhissəlamın evinə getdim. Onun evinə getdikdən və camaat onun Samirraya cəlb edilməsi xəbərini eşitdikdən sonra şəhərdə bərk çaxnaşma düşdü. Camaat elə səs-küy saldı ki, o günə qədər o cür səs-küy eşitməmişdim. Mən əvvəl onları sakitləşdirmək üçün and-aman edib dedim ki, arada heç bir pis fikir yoxdur, mən heç də ona əziyyət etmək üçün bura gəlməmişəm. Sonra isə onun evini axtarmağa başladım. Onun özünəməxsus otağında bir neçə Qur’an və dua kitabından başqa heç bir şey yox idi. Bir neçə mə’mur onu evdən çıxartdı, özüm isə onun evdən Samirraya qədər xidmətində durdum. Bağdada gəldikdə ilk növbədə şəhər başçısı İshaq ibn İbrahim Tahiri ilə qarşılaşdım. O, mənə dedi: "Yəhya, bu ağa Peyğəmbər (səlləllahu əleyhi və alih) övladıdır, Mütəvəkkili onu öldürməyə cəlb etsən, bil ki, sənin düşmənin məhz Peyğəmbər (səlləllahu əleyhi və alih) olacaqdır.” Onun cavabında dedim: "Allaha and olsun ki, mən bu vaxta qədər ondan bir pislik görməmişəm ki, Mütəvəkkili onu öldürməyə cəlb edəm.” (Sonra Samirraya tərəf hərəkət etdim.) Samirraya gəldikdən sonra hadisəni türk Vasifə danışdım. O da mənə dedi ki, əgər onun başından bir tük əskik olsa, sən cavabdehsən. İshaq ibn İbrahim və türk Vasifin sözlərindən çox təəccübləndim, Mütəvəkkilin sarayına daxil olub ona tə’zim etdikdən sonra gördüm ki, xəlifə də ona çox hörmətlə yanaşır.
Kitabın adı: İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı