Oruc tutan tutduğu orucun zay olmaması üçün yaramaz işlərdən özünü qorumağa çalışmalıdır. Qeybət etmək, böhtan atmaq, yalan danışmaq, söyüş söymək, başqalarının haqqını tapdamaq və bunlara bənzər həmişə çirkin və əxlaqsızlıq sayılan yaramaz və nöqsanlı işlərdən uzaq olmalıdır.
İslam anlayışında həmişəlik olaraq müsəlmanların göz, qulaq, dil, əl və ən mühümü ürəkləri məsuliyyət daşıyır. Hər müsəlman bütün həyatı boyu özünü qorumalıdır ki, gözü namərhəmə baxmasın, qulağı yaramaz söz eşitməsin, dili haram sözə alışmasın, əli və ayağı haram olan işlərdən uzaq olsun və ürəyində başqalarının bədbəxtliyini arzu etməsin.
Bunların hamısı hər bir müsəlmanın dini tapşırığıdır. Nəfsin əlində əsir olan müsəlmanlar başqa zamanlarda özlərini qoruya bilməmələrinə baxmayaraq çox yaxşı bilirlər ki, oruc tutan zaman belə hərəkətlər oruclarının batil olmasına səbəb olur. Buna görə də Ramazan ayında istər-istəməz özlərini daha artıq qorumalıdırlar.
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə