199. Salam vermək
961. Müsəlmanların görüşməyi
Qur‘an:
«Orada belə dua edərlər:«Allahım, Sən uca və paksan. Görüşən zaman «salam» deyərlər. Dualarının axırı isə budur:Şükr olsun, aləmlərin Rəbbi olan Allaha.»
Hədis:
3098. Allahın Peyğəmbəri (s):«Salam vermək bizim dinin rəhmət və mehribanlıq nişanəsi, dövrümüzün əmin-amanlığı və pənahımızdır.»
3099. Allahın Peyğəmbəri (s):«Ən xəsis insan, salam verməkdə xəsislik edəndir.»
3100. Allahın Peyğəmbəri (s):«Salama rəvac ver ki, evinin xeyir-bərəkəti artsın.»
3101. İmam Baqir (ə):«Allah-taala insanları yedirtməyi və salama rəvac verməyi sevər.»
3102. İmam Sadiq (ə):«Salam sözdən qabaqdır.»
3103. İmam Sadiq (ə) (öz ata babalarından nəql edir): «Allahın Rəsulu (s) buyurmuşdur:«Kim salam verməmiş sözə başlasa, ona cavab verməyin.» Eləcə də buyurmuşdur: «Heç kəsi salam verməyincə yeməyinə də‘vət etmə.»
962. Salamda qabaqlamaq
3104. Allahın Peyğəmbəri (s):«Allaha və Onun Rəsuluna (s) ən yaxın olan insan birinci salam verəndir.»
3105. Allahın Peyğəmbəri (s) :«Birinci salam verən təkəbbürdən uzaqdır.»
3106. İmam Əli (ə):«Salamın 70 savabı var: altmış doqquzu salam verənə, biri də salam alana çatar.
963. Evə daxil olanda salam vermək
Qur‘an:
«Evə daxil olanda özünüzə salam verin ki, bu Allah tərəfindən mübarək və pak salamlamadır.»
Hədis:
3107. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir.»
964. Salamın cavabı vacibdir
Qur‘an:
«Sizə salam verildiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah-taala hər şeyi hesaba alandır.»
Hədis:
3108. Allahın Peyğəmbəri (s):«Salam vermək müstəhəbdir, salamı almaq isə vacib.»
965. Salam verməyin qaydası
3109. Allahın Peyğəmbəri (s):«Kiçik böyüyə salam versin, bir nəfər iki nəfərə, sayları az olanlar sayları çox olanlara, yol gedən dayanana, ayaq üstə duran oturana salam versin.»
3110. Allahın Peyğəmbəri (s):«Beş şeyi hələ ki, sağam tərk etməyəcəm:… uşaqlara salam verməyi, məndən sonra sünnə olsun deyə.»
3111. İmam Baqir (ə):«Nə yəhudiyə salam verin, nə də xaçpərəstə. Nə məcusiyə, nə bütpərəstə, nə süfrə başında şərab içənlərə, nə şahmat və nərd oynayanlara, nə özünü qadın surətinə salan kişiyə, nə ismətli qadına böhtan deyən şairə və nə də namaz qılana (namaz vaxtı) salam verməyin. Çünki namaz qılan salamın cavabını verə bilmir, halbuki müsəlmana salam vermək müstəhəbbdir, salamı almaq isə vacib. Nə sələm yeyənə salam verin, nə ayaq yolunda olana, nə hamamda olana, nə açıq-aşkar günah və fisq edən fasiqə salam verməyin.»
3112. İmam Sadiq (ə) :«Allahın Rəsulu (s) qadınlara salam verərdi. Onlar da Həzrətin salamının cavabını alardılar. Əmir-əl-mö’minin(ə) də həmçinin qadınlara salam verərdi. Amma cavan qadınlara salam verməkdən xoşu gəlməzdi və buyurardı:«Qorxurdum ki, səsləri mənim xoşuma gəlsin, nəticədə savab və əcr (mükafat) qazanmaq əvəzinə günaha batım.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild