186. Səxavət
919. Səxavət
2941. Allahın Peyğəmbəri (s):«Səxavət Allahın əzəmətli xislətidir.»
2942. Allahın Peyğəmbəri (s):«Allah-taala bütün vəlilərinin təbiətinin xəmirini səxavətdən başqa bir şeylə yoğurmamışdır.»
2943. İmam Əli (ə):«Səxavət Allaha və insanlara yaxınlaşmağın səbəbidir.»
2944. İmam Əli (ə): «Ağla kömək etmək üçün səxavətdən başqa bir şeydən imdad istənilməsin.»
2945. İmam Əli (ə):«Səxavət müdrikliyin meyvəsi və qənaət şərəfin dəlilidir.»
2946. İmam Əli (ə):«Səxavət məhəbbətin toxumunu səpər.»
2947. İmam Əli (ə):«Səxavət məhəbbət gətirər, əxlaqı və xasiyyəti bəzəyər.»
2948. İmam Sadiq (ə):«Səxavət peyğəmbərlərin əxlaqi keyfiyyətlərindən biri və imanın sütunudur. Səxavətli olmayan mömin yoxdur. Yalnız yəqinlik və ali hədəf sahibi səxavətli ola bilər. Çünki səxavət yəqinlik nurunun şüasıdır və buna görə hədəfi tanıyan şəxsə bəxşiş etmək asan olar.»
2949. İmam Sadiq (ə):«Sizin ən yaxşılarınız səxavətliləriniz və ən pisləriniz xəsislərinizdir.»
920. Səxavətli
2950. «əl-Kafi»:«Allah-taala Musaya (ə) vəhy etdi ki, Samirini öldürmə. Çünki o, səxavətlidir.»
2951. Allahın Peyğəmbəri (s):«Səxavətli şəxs Allaha yaxındır, insanlara yaxın və Cənnətə də yaxındır.»
2952. Allahın Peyğəmbəri (s):«Səxavətlinin səhvindən keçin. Hər dəfə ayağı büdrəyən zaman Allah-taala onun əlindən tutar.»
2953. İmam Sadiq (ə):«Günaha batmış səxavətli gənc Allah yanında xəsis abid qocadan daha sevimlidir.»
2954. İmam Rza (ə):«Səxavətli şəxs insanların süfrəsindən yeyər ki, insanlar da onun süfrəsindən yesinlər. Amma xəsis insanların süfrəsindən yeməz ki, onlar da onun süfrəsindən yeməsinlər.»
921. Səxavətin sərhəddi
Qur‘an:
«Əlini boynuna bağlama (yə’ni xəsis olma) və tamamilə açıq saxlama ki, peşmançılıq və həsrət içində oturarsan.» («İsra» 29)
Hədis:
2955. Allahın Peyğəmbəri (s):«İnsanların ən səxavətlisi öz malının zəkatını verəndir.»
2956. İmam Əli (ə):«Səxavət öz malından bəxşiş, ehsan vermək və başqalarının sərvəti qarşısında zahidlik etməkdir.»
2957. İmam Sadiq (ə):«Kərəm və səxavət sahibi öz malını haqq yolunda xərcləyəndir.»
2958. İmam Sadiq (ə):«Səxavət bir kimsənin xahişi olmadan həyata keçər. Amma xahişdən sonra edilən səxavət utancaqlıqdan irəli gəlir və məzəmmətdən qaçmaq üçündür.»
2959. İmam Əskəri (s):«Səxavətin həddi var, əgər onu aşsalar ifrat olar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild