Danış
Əvvəla ərzim budur ey dil, nəzakətlən danış,
Xəlqə hörmət göstərib, mehrü məhəbbətlən danış.
**************************************
Bir bədəndir, çün bəni-Adəm deyib fərzanələr,
Eyni gözlə qıl nəzər, hər kəslə ülfətlən danış.
************************************
Bil sözün qədrin, onu hər yerdə israf eyləmə,
Söz qanan, söz anlayan şəxsə səxavətlən danış.
************************************
Çək sözü mizani-əqlində, əzəl bil qiymətin,
Hər nə gəldi söyləmə, fikr eylə ibrətlən danış.
***********************************
Hər yerin öz adəmi, hər adəmin var öz yeri,
Sadələrlə sadəcə, alimlə hikmətlən danış.
************************************
Cəhd elə hifz et yalandan, bir də qeybətdən özün,
Heç çəkinmə həq sözü, hər yerdə cürətlən danış.
**************************************
Məclisi-irfanə düşsən, zərrəcə xovf eyləmə,
Sən də ariflər kimi, rəmzü işarətlən danış.
*********************************
Sadə əşarınla fikrin söylədin Talib, nolur,
Söylə hər nə istəsən, ancaq ədalətlən danış.
***********************************