Allahın salamı və rəhməti üzərinizə olsun.
Son zamanlar naməhrəmlərlə necə davranmaq haqqında həm saytımızda həm də saytdan kənarda suallarla rastlaşırıq. Naməhrəmlə davranmaq deyərdim ki, Allahın bizə verdiyi ən böyük imtahanlardan biridir, çünki məhrəm və naməhrəm məsələsi elə incə bir mətləbdir ki, bu haqqda günaha düşmək sərhəddinə çox yaxınıq. Bəzi şəxslər deyir qəlbin təmizdirsə, naməhrəmlə danışmağın heç eybi yoxdur, təki günaha düşməyəsən. Bəzi qadınlar naməhrəmlə danışır və deyir o qardaşım kimidir, buna görə də mənə günah yazılmır. Bəzən isə bu sözləri kişilər qadınlar barəsində deyir... Bəs görəsən bizi bizdən daha yaxşı tanıyan və bizə bu haqda qayda qoyan Allahımız nə buyurub?
Bəs bu haqda Allahın bizə nümunə göndərdiyi Əhli-Beyt (ə) nə buyurub? Bizlər necə rəftar edək ki, Allah bizdən razı olsun? Bu sualların cavablarına və bu naməhrəmlə davranış qaydaları haqqında yazmağıma ehtiyac duyulduğu üçün qərara gəldim ki, belə bir xəbər hazırlayam. Bu sualların cavablarını inşallah bu xəbərimdə ətraflı izah edəcəm. Allahım mənə bu xəbərdə yardımçı olmasından ötrü və sizə də bu xəbərin təsirli olmasından ötrü Muhəmməd və ali Muhəmmədə salavat zikr edək:
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd...
İslamın ehtiramlı hökmləri heç də sənin və mənim "təmiz ürəyimizlə" ölçülmür. Hər bir şeyə qayda-qanun qoyan Allah bu haqda da qayda qoyub. Qurani-Kərimdə Allah Peyğəmbərin (s) xanımlarına buyurub:
"Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın." (Əhzab surəsi ayə 32).
Bu ayə tək Peyğəmbərin (s) qadınlarına aid deyil bütün Quranı qəbul edən qadınlara şamildir. Bu ayədə "Siz hər hansı bir qadın kimi deyilsiniz" buyurduqda, yəni onlarin etdikləri savab əməllərə Allah iki qat əcr verir və etdikləri günahlara iki qat cəza verilir buna görə belə buyurmuşdur. Mütəal Allah bu ayədə ən incə məsələyə diqqət yetirir hətta naməhrəm yanında incə və məlahətli danışmağı da qadağan edir. Buradan da aydın oldu ki, səsin tonunda belə təhrik edicilik vardır.
Əhli-beytdə (ə) biz qadınlara Xanım Fatimeyi-Zəhra (s.ə), kişilərə isə Peyğəmbər (s) və imamlarımız (ə) nümunədir (Necə ki, Quranda bunu təsdiq edir):
Bir gün Xanım Zəhra (s.ə) Peyğəmbər (s) ilə bir otaqda əyləşmişdi. Bir qoca və kor kişi otağa daxil oldu. Xanım Zəhra (s.ə) cəld pərdənin arxasına keçdi. Peyğəmbər (s) o kor kişi ilə söhbətini qutarıb, kişi gedəndən sonra, Fatiməni (s.ə) səsləyib buyurdu:
- Qızım o ki, kor idi niyə buranı tərk etdin?
Xanim (s.ə) ərz etdi:
- O kor idi, Mən ki onu görürdüm.
Buradan da aydın olur ki, qarşındakı səni görməsə belə sən qarşındakı naməhrəmə baxmamalısan. Peyğəmbər (s) buyurub:
"Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarından biridir". Yəni bir göz baxır amma bütün vücuda hopur. Yəni biri var zəhərsiz ox dəysə dəydiyi yeri ağrıdar, biri də var zəhərli ox dəysə o oxun zəhəri bütün vücuda təsir edib vücudu məhv edər və öldürər. Bu sözlərdən də aydın görünür ki, naməhrəmə baxmaq mənəviyyatımızı məhv edir. Sual oluna bilər ki, Xanım Zəhra (s.ə) burda kor kişinin qarşısına çıxmır amma məsciddə mühacir və ənsara pərdə arxasından xütbə oxuyur? Elə bir xütbə ki, tovhiddən tutmuş İslamın hökümlərinin fəlsəfəsinə qədər yəni namazın, orucun və s. fəlsəfəsini qeyd edir. Biz bu oxşar hadisələri Xanım Zeynəbin (s.ə) həyatına da nəzər saldıqda da görürük. Ravi Xanım Zeynəbin (s.ə) qonşusunun dilindən nəql edir:
- Mən 17 il xanım Zeynəbin (s.ə) qonşusu oldum. Amma bir dəfə belə onun boyunu görmədim.
Həmin Zeynəbi (s.ə) biz Kufə və Şam şəhərlərində "əmir və xəlifənin" sarayında necə ürək ağrısı ilə və atəşlə nitq söylədiyini görürük. Xanım elə bir nitq söylədi ki, Kufə əhli deyirdi: "Sanki Əli (ə) dirilib xütbə oxuyur". Bu iki nümunəvi xanımların həyatına nəzər saldıqda aydın olur ki, qadın bütün hallarda öz ismətini, imanını, həyasını, iffətini qorumalıdır. Amma bəzi hallarda o yerlərdə ki haqqı müdafiyə etmək lazımdır. Bu yerlərdə haqqın aşkar olması üçün susmamalıdır (Əllbəttə ki, İslami qaydalara riayət etməklə). Belə bir deyim var: "İslamın qurumuş ağacını İmam Hüseyn (ə) öz qanı ilə sulayıb dirildibdisə, Xanım Zeynəb (s.ə) o qanı öz dili və sözləri ilə diri saxladı." Deməli burda Xanım Zeynəbin (s.ə) danışması böyük şəri vəzifə və ibadətdir. Necə ki İslamın Peyğəmbərdən (s) sonra ilk qadın şəhidi olan Xanım Zəhra (s.ə) öz canını Əli (ə)-ın, yəni zəmanəsinin imamının vilayəti uğrunda fəda etdi və onun məsciddəki mühacir və ənsar qarşısındaki xütbəsi də haqqın müdafiəsi uğrunda idi. Hz Əli (ə) buyurub:
- "İnsan bilmədiyi şeyin düşmənidir"
Bəzi Xanımlar bilməməzlik üzündən Xanım Zeynəbin (s.ə) nitqini nəzərə alaraq deyirlər qadın harada oldu danışıb çıxış edə bilər və bundan da çoxlu sui-istifadə edənlər vardır. Üləmalarımız buyurub ki zəruri hallarda cəmiyyətdə, ictimai nəqliyyatlarda olanda qarşındakı naməhrəm qadındırsa müraciət edəndə qarşı tərəfə "qiyamətdə bacım olasan" və ya qarşındakı kişidirsə "qiyamətdə qardaşım olasan" deyə müraciət edin. Bu cümlədə qiyamət kəlməsi işlətməklə qarşındakına qiyaməti xatırlatmış olursan və günahdan uzaq olmasına səbəb olarsan. İmam Əli (ə)-a sual verirlər:
- Ağa qoca xanımlara salam vermək olar?
Ağa cavabında buyurur:
- Mən salam vermərəm, qorxuram ki, onların səsi xoşuma gələr.
Bu hədisi oxuduqda insan heyrətə gəlir. Bu sözü deyən tam iman təcəssümüdür. Əslində Ağa bu sözü bizim kimi qafilləri agah etmək üçün söyləyir. Ağamızın bu hədisini bildikdən sonra naməhrəmlə yazışmaq, danışmaq və naməhrəmə baxmaq olarmı?
- Qətiyyən olmaz !!!
Əgər ehtiyac duyularsa Allahın izni ilə yenidən bu mövzu barədə xəbər hazırlaya bilərik. Xəbərimi axıra kimi oxuduğunuz üçün təşəkkür edirəm. Nümunəmiz Əli (ə) və Zəhra (s.ə)-nın davamçılarından və onların yanında xəcalətli olmamağımız üçün və bu haqq yolda sabitqədəm olmağımızdan ötrü Muhəmməd və ali Muhəmmədə salavat zikr edək:
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd...